7 komanda 7 mövzuda ideya ilə yarışmada iştirak edib


Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində “Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafının əsas istiqamətləri” mövzusunda ideya müsabiqəsi təşkil olunub.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tələbələrin nəzəri biliklərini təcrübi bilikləri ilə daha da təkmilləşdirdiklərini bildirərək onlara uğurlar arzulayıb.

 

Fakültənin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov “İqtisad fakültəsi tələbələrinin müsabiqələrdə iştirakı və qazandığı uğurlar” mövzusunda çıxış edərək tələbələrin ENACTUS, SİFE, Start UP kimi layihələrdə iştiraklarını və uğurlu nəticə göstərdiklərini nəzərə çatdırıb.

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin İnvestisiyaların təşviqi və ixraca dəstək şöbəsinin müdiri Emin Zeynalov “Naxçıvan Muxtar Respublikasının investisiya və biznes mühiti” mövzusunda çıxış edərək muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına kömək etmək, onlara maliyyə dəstəyi göstərmək məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Fondu yaradıldığını qeyd edib. Vurğulanıb ki, yaradılan şəraitdən və göstərilən dövlət dəstəyindən səmərəli istifadə etmək, muxtar respublika iqtisadiyyatının inkişafına töhfə vermək sahibkarların qarşısında duran əsas vəzifə olmalıdır. 

 

Müsabiqə başlamazdan öncə “Noahland” layihəsinin qaliblərinə sertifikat təqdim olunub.

 

7 komandanın qatıldığı yarışmada 3 münsif heyəti iştirak edib. Müsabiqədə “Seolit”, “Sağlam və dini turizm”, “Xaşa bitkisininn kənd təsərrüfatının inkişafında rolu”, “Tullantıdan enerjiyə”, “Naxçıvan brendinin reallaşdırılmasında marketinq prinsipinin tətbiqi”, “Xalça istehsalı”, “Üzümçülüyün inkişafı” mövzularında ideyalar irəli sürülüb. Münsiflər heyətinin müxtəlif təklif və məsləhətləri dinlənilib. Müsabiqənin qalibi “Xaşa bitkisininn kənd təsərrüfatının inkişafında rolu” mövzusu ilə çıxış edən İqtisadiyyat ixtisası üzrə III kurs tələbələri seçilib. Qalib komandanın üzvləri sertifikat ilə fərqləndirilib.