Musiqi Kolleci daha bir tanınmış məzununu tələbələri ilə görüşdürdü


Azərbaycan Milli  Konservatoriyası nəzdində Musiqi Kollecində dekabrın 17-də ənənəvi “Məzunlarla görüş” layihəsi çərçivəsində  növbəti tədbir təşkil olunub. Bu dəfə tanınmış  xanəndə və şair, kollecin məzunu, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Əməkdar incəsənət xadimi  Hacı Aqil Məlikov  bu şöhrətli tədris ocağının müəllim və tələbələrinin qonağı olub.

        

Tədbiri kollecin direktoru, Əməkdar incəsənət xadimi, professor  Nazim Kazımov  açaraq görkəmli  mədəniyyət və incəsənət xadimləri ilə mütəmadi olaraq keçirilən görüşlərin tələbələrin  seçdikləri sənətin peşəkarı kimi yetişməsində, dünyagörüşlərinin genişləndirilməsində mühüm rol oynadığını bildirib və qonaqları təqdim edib.   Aqil Məlikovu  Azərbaycanda tanınmış  xanəndə və qəzəl ustası, əruz vəzninin gözəl bilicisi kimi səciyyələndirən professor N.Kazımov onun yaradıcılığını  yüksək qiymətləndirib, bu istedadlı sənətkarın keçdiyi həyat yolundan danışıb.

 

Sonra söz Aqil Məlikova verilib. Mahir ifaçı çıxışında  kollecdə oxuduğu illəri xatırlayıb, tələbəlik dövrünün xoş təəssüratlarını bölüşüb. Öz ustadlarını minnətdarlıq hissi ilə yada salan xanındə, onların haqqında maraqlı faktlar açıqlayıb, ifaçılıq sənətinin sirrlərini müəllimi, respublikanın Xalq artisti,  ustad xanəndə Hacıbaba Hüseynovdan öyrəndiyini qeyd edib.  O, tələbələrə əruz vəzni haqqında məlumat verib, onun özəlliklərindən danışıb.  Qəzəlləri düzgün öyrənib, əruz vəznini dərindən bilmək lazım olduğunu tələbələrə tövsiyə edən sənətkar daha sonra onların qarşısında qəzəllər söyləyib, mahnılar ifa edib. Öz mahir ifası ilə dinləyiciləri valeh edən  A.Məlikov  tələbə və müəllimlərin suallarını da cavablandıraraq onlarla  maraqlı diskussiya aparıb.         Tədbirdə  xanəndənin oğlu Hüseyin Məlikov  Segah muğamını məharətlə ifa edib. Onu  kollecin məzunları  Valeh Allahverdiyev tarda və Elnur Salahov kamançada müsayiət ediblər.

        

Görüşdə  kollecin məzunu, respublikanın Xalq artisti Gülyaz Məmmədova da öz tələbəlik  illərindən maraqlı  epizodlar danışıb və tələbələr qarşısında  “Bayatı Şiraz” təsnifini ifa edib.

        

Sonda professor N.Kazımov  maraqlı görüşə görə qonaqlara minnətdarlıq edib, belə tədbirlərin tələbələrin hafizəsində həmişəlik həkk olunduğunu bildirib. Sonra o, Aqil Məlikova və digər qonaqlara Asəf Zeynallı, Səid Rüstəmov, Adil Gərayın həyat və yaradıcılığı haqqında yazdığı  kitablarını  hədiyyə edib.

 

Yusif ƏLİYEV