Bu barədə universitetin Elmi Şurasının iclasında məlumat verilib


Azərbaycan Texnologiya Universitetinin tələbələri tezliklə UTECA-nın yataqxanasına yerləşdiriləcək. Bu barədə Elmi  Şuranın  iclasında rektor, professor Akif Süleymanov məlumat verib.  Rektorun bildirdiyinə görə,  yataqxana uzun müddət idi ki, istifadəyə yararsız vəziyyətdə idi. Universitetin daxili imkanları hesabına korpuslardan birində təmir işləri yekunlaşmaq üzrədir. İlkin mərhələdə infrastrukturla tam təchiz edilmiş 10 otaq yeni ildən tələbələrin ixtiyarına veriləcək.

 

Daha sonra rektor toplantı iştirakçılarını gündəlik məsələlərlə tanış edib.

 

Qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələrlə bağlı tədris şöbəsinin rəhbəri Piri Axundov danışıb. Bildirib ki, imtahanların yüksək səviyyədə keçirilməsi üçün 116 nəfərdən ibarət nəzarətçi ayrılıb, eləcə də “qaynar xətt”, işçi qrupu, appelyasiya komisiyası yaradılıb. İmtahanın keçiriləcəyi otaqlar videomüşahidə sistemi ilə təchiz edilib.

 

Cari təqvim ili üzrə elmi-tədqiqat işlərinin yekunlarının hesabatı UTECA-nın Elmi-tədqiqat şöbəsinin müdiri Qalibə Məmmədovanın təqdimatında dinlənilib. Qeyd edilib ki, bu il kafedralarda 6 istiqamət üzrə 20 mövzuda tədqiqatlar aparılıb. Məlum olub ki, bəzi fakülətələrdə tələbələrin təşkil etdiyi seminarlar müəllimlərinkinə nisbətdə üstünlük təşkil edib. Artıq UTECA tələbələrinin seminarları Müştəriyə yönəlmə proqramı çərçivəsində müəssisələrdə keçirilib. Müəssisələr həmin tələbələri yüksək qiymətləndirib, bəzilərinə iş təklif edilib.

 

Daha sonra Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı Nazim Vəliyev hesabatla çıxış edib. Statistik göstəricilərə əsaslanaraq bildirib ki, fakültəyə tələbə qəbulu son illər ərzində 5 dəfədən çox artıb. “Det-Al” Alüminium Kompleksi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Mingəçevir Sənaye Parkı, Gəncə Avtomobil və Cihazqayırma zavodları ilə əməkdaşlıq nəticəsində əldə edilən real nailiyyətlərə toxunan fakültə rəhbəri əlavə edib ki, müəssisə əməkdaşlığı coğrafiyası genişləndirilir və hazırda Bakı Tikiş Evi, Bərdə Pambıqtəmizləmə Zavodu və Müdafiə Sənayesi Nazirliyinin Qərb İstehsalat Birliyi ilə əməkdaşlığa dair danışıqlar aparılır.

 

İclas zamanı səsvermə yolu ilə Əhməd Məlikov universitetin professoru vəzifəsinə seçilib, “Ali riyaziyyat və fizika” kafedrasının bazasında “Ümumi və tətbiqi riyaziyyat”, “Ümumi və tətbiqi fizika” kafedralarının yaradılmasına qərar verilib.