Tam orta təhsil səviyyəsi (XI sinif) üzrə eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat dekabrın 21-də başa çatır. Qeydiyyat və sənəd qəbulu saat 14:00-dan 17:30-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) aparılır. 

 

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 27-28 dekabr 2018-ci il tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

 

Qeyd edək ki, eksternat imtahanları 7-8 yanvar 2019-cu il tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

 

Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə buraxılış imtahanı verərək həmin səviyyə üzrə müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

 

Onu da qeyd edək ki, eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.