ADPU-da IV Beynəlxalq elmi konfrans keçirilir


Dekabrın 20-də Təhsil Nazirliyinin dəstəyi ilə  Azərbaycan Dövlət Pedaqoji  Universitetində (ADPU) “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” mövzusundda IV Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

 

Ukrayna Təhsil Menecerləri Universiteti və  Başkir Dövlət Pedaqoji Universiteti ilə birgə keçirilən konfransın plenar iclasını  ADPU-nun  rektoru Cəfər Cəfərov açıb. Rektor bildirib ki, ADPU təhsilin inkişafı üçün elmi-tədqiqatların aparılmasına, müxtəlif ciddi və yüksək səviyyəli elmi tədbirlərin, o cümlədən beynəlxalq elmi konfransların, simpoziumların keçirilməsinə xüsusi önəm verir. Çünki belə elmi konfranslar fəaliyyətimizə kömək edir, bizi qarşımıza qoyduğumuz hədəf və məqsədlərə yaxınlaşdırır. Konfransdan çıxarılan elmi nəticələrin əməli fəaliyyətə tətbiq edilməsi olduqca vacibdir.

 

Çıxışında müəllim hazırlığının yeni trendləri barədə danışan rektor qeyd edib ki, Azərbaycan müəllimlərinin XV qurultayı müəllim hazırlığı sahəsində qarşımıza mühüm vəzifələr qoyub. Təhsil strateji fəaliyyət sahəsi, müəllim hazırlığı isə ölkəmizin milli təhlükəsizliyi məsələsidir. 2021-ci ildə 100 illik yubileyini qeyd edəcək Pedaqoji Universitet “ADPU-2021 Strateji İnkişaf Planı”nda öz missiyasını pedaqoji sahədə təhsil və tədqiqatın əsas mərkəzi olmaq kimi ifadə edib. ADPU təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməli, tədqiqat universiteti statusunu qazanmalıdır. Elm və təhsilin sürətlə inkişaf etdiyi XXI əsrdə bu çox vacibdir. Bizim Pedaqoji Universitet olaraq əsas vəzifəmiz müasir müəllim şəxsiyyətini formalaşdırmaq, cəmiyyətdə müəllim peşəsinə olan inamın və etibarın yüksəldilməsi üçün yeni dövrün tələblərinə uyğun bilik və bacarıqlara malik müəllimlər yetişdirməkdir.

 

İclasda çıxış edən Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov vurğulayıb ki, dünyanın tanınmış və nüfuzlu universitetləri qabaqcıl elmi texnologiyaların araşdırılmasına, beynəlxalq elmi tutumlu layihələrdə iştirak etməyə böyük diqqət yetirirlər. İnnovasiyaların təhsil prosesinə tətbiqi zamanın tələbidir. ADPU elmi layihələrdə fəal iştirak etmək üçün səmərəli fəaliyyət göstərir. 2018-ci ildə universitet Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 5 qrant layihəsini qazanıb. Bu il ADPU 25-dən çox respublika və beynəlxalq səviyyəli konfrans keçirib. Professor A.Zamanov çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

 

Sonra konfransın Lokal Təşkilat Komitəsinə ünvanlanmış təbriklər dinlənilib.

 

İclasda Moskva Pedaqoji Dövlət Universitetinin kafedra müdiri, professor Lüdmila Podımova “Müasir təhsilin psixoloji xüsusiyyətləri: koqnitiv və şəxsiyyətyönümlü kontekstlər”,  ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov “Pedaqoji sistemlərin təkmilləşdirilməsində innovasiyaların rolu” mövzusunda məruzələrlə çıxış ediblər.  

 

Konfrans öz işini 5 bölmədə davam etdirib. Bölmə iclaslarında ümumilikdə 200-dək məruzə dinləniləcək və müzakirələr aparılacaq.

          

Beynəlxalq elmi konfrans öz işini  dekabrın 21-də  yekunlaşdıracaq.