İmtinaların əsas səbəbləri Azərbaycanı tərk etmədən, tədris dilini bilmədən əldə edilən diplomlardır


Xaricdə oxuyan gənclərin təhsil sənədlərinin ölkəmizdə tanınması uzun müddət idi ki, təhsilin “yaralı yer”lərindən biri idi. Ancaq artıq bu “yara” da sağalmağa başlayıb. Elektron müraciətin təmin edilməsi, prosesin sadələşdirilməsi, problemin həlli istiqamətində çıxış yolunun tapılmasına və bu sahədə düyünün tezliklə çözüləcəyinə işarədir. Növbəti hədəf prosesi daha qısa müddətdə - üç aya qədər tamamlamaq və vətəndaşları “diplom fabrikləri”nin tələsindən qorumaq üçün onları yetərincə məlumatlandırmaqdır. Təhsil Nazirliyinin ən böyük idarələrindən biri olan Akkreditasiya və Nostrifikasiya İdarəsinə infotur zamanı bu sahədə görülən işlər, həyata keçirilən yeniliklər barədə jurnalistlər sadəcə məlumatlandırılmayıb, onları maraqlandıran məsələlər ətrafında mütəxəssislərlə müzakirə imkanı da yaradılıb.

 

İlk olaraq vətəndaşların qəbulu otağındayıq. Burada gözləyən Emil Əsədovla söhbətləşirik. Dediyinə görə, Dağıstanda təhsil alıb. Nəinki təhsilini, elə sənədinin tanınması prosesini də uğurla başa çatdırıb. Buraya təhsil şəhadətnaməsini almağa gəlib: “Elektron müraciət etdim, sonra müsahibəyə çağırdılar. Müsahibədən uğurla keçdim və artıq bu yolun sonuna gəldim. Bu gün şəhadətnaməmi götürməyə gəlmişəm. Müraciətim bir neçə ay içərisində cavablandırıldı.

 

Prosesi çox rahat başa vurdum. Hər hansı əngəllə qarşılaşmadım. Halbuki çətin olacağını deyirdilər. Prosesi keçdim və gördüm ki, təhsilində, təhsil sənədində hər hansı problem yoxdursa, vətəndaşların əngəllə qarşılaşacağından söhbət gedə bilməz”.

 

Gündə 50-60 müraciət

 

Buradakı ab-havadan hiss olunur ki, vətəndaş məmnuniyyəti prinsipi təhsilin bütün sahələrində olduğu kimi, burada da təmin edilib. Sadələşdirilmiş proses, vətəndaşların rahatlığının təmin edilməsi və şəffaflıq ilk baxışdan nəzərə çarpır. Vətəndaşların qəbuluna məsul əməkdaşlar iş başındadırlar. Hər biri öz sahəsində təcrübəli və məlumatlıdır. Vətəndaşlarla necə işləməyi bacarır, onlara ünvanlanan bütün suallara dolğun cavab verməyə çalışırlar. Özü də gün ərzində 50-60 müraciətə.

 

Maraqlıdır, nostrifikasiya üçün sənədlərin elektron qaydada rahat şəkildə təqdim olunması məqsədilə www.ani.edu.gov.az internet səhifəsində müvafiq “Müraciət qaydaları” bölməsi yaradılandan, tələb olunan sənədlər barədə ətraflı məlumat yerləşdiriləndən,  eləcə də vətəndaşları ən çox maraqlandıran sualları özündə əks etdirən “Mütəmadi verilən suallar” bölməsi istifadəyə veriləndən sonra bu qədər müraciət haradan qaynaqlanır? Vətəndaşların şəxsən müraciəti nə ilə bağlıdır?

 

Əməkdaşlardan biri - Lalə Bünyadzadə deyir ki, müraciətlərin müxtəlif səbəbləri olur. Məsələn, sənədlərlə bağlı məlumat almağa gələnlərə, sənədlərini yükləməkdə çətinlik çəkənlərə, yaxud bütün prosesi uğurla tamamlayıb şəhadətnamə almağa gələnlərə rast gəlinir: “Vətəndaş müsahibəyə gələcəksə, bunun üçün bir neçə gün öncədən gəlib qeydiyyata düşür, yaxud ərizə yazmağa gəlir. Tutaq ki, övladı hərbi xidmətdə olanlar ərizə ilə müraciət edərək oğlunun müsahibədə iştirak etməsi üçün müvafiq arayış tələb edirlər”.

 

Lalə Bünyadzadənin sözlərinə görə, vətəndaşların qəbulu otağının əməkdaşları bütün müraciətləri cavablandırır, sadəcə, sənədlərlə bağlı zərurət yaranarsa, ekspertlərdən məlumat alırlar: “Sənədləri ekspertlər araşdırırlar. Ona görə də hər hansı əlavə sual yaranarsa, onlarla əlaqə saxlayırıq”.

 

Lalə Bünyadzadə təhsil sənədlərinin tanınması üçün tələb olunan müvafiq prosedurdan da danışıb: “Rusiya, Ukrayna, Gürcüstanda təhsil alan və təhsil sənədlərinin tanınması üçün müraciət edən gənclər xüsusilə üstünlük təşkil edir. Onların müraciətləri müvafiq qaydada araşdırılır. Bunun üçün Daxili İşlər Nazirliyinə sorğu göndərilir, müraciət edənin xaricdə olub-olmadığı araşdırılır. Növbəti mərhələdə müsahibə keçirilir və onunla tədris aldığı dildə söhbət aparılır”.

 

Müsahibə də uğurlu keçərsə, təqdim olunan təhsil haqqında sənədə şəhadətnamə verilir.

 

3570 müraciətdən 20 faizinə mənfi rəy verilib

 

Nostrifikasiya xaricdə əldə olunan kvalifikasiyaların ölkədə tanınması, yəni həm həqiqiliyinin təsdiq olunması, həm də onu əldə edən şəxslərin hansı akademik və peşə hüquqlarına malik olmasını tənzimləyir. Onların hansı səviyyə və hansı təhsil pilləsində təhsilini davam etdirə biləcəyini, yaxud hansı ixtisas üzrə ölkədə çalışmaq hüquqları olduğunu müəyyənləşdirir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən, təhsil nazirinin müşaviri Həsən Həsənli vurğulayıb ki, xaricdə təhsil alanların ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə (nostrifikasiyası) bağlı daxil olan müraciətlərdə az hallarda problemlər müşahidə olunur: “Təcrübə onu göstərir ki, ekvivalentini tapmayan ixtisaslara daha çox iqtisadi sahədə rast gəlinir. İxtisasın ekvivalentini tapmayanda diplom tanınmır. Ancaq bu, nadir hallarda rast gəlinən faktlardandır. Çalışırıq ki, bir çox hallarda ortaya çıxan bu cür problemləri vətəndaşın xeyrinə həll edib uyğun ixtisas tapaq. Bunun üçün həmin ixtisas üzrə kreditlərin sayı, hansı fənlərdən olduğu müəyyənləşdirilir”.

 

Bu il Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə  ümumilikdə 3570 müraciət daxil olub. Bu da ötən illərin dinamikası ilə eynidir. Təhsil nazirinin müşaviri deyib ki, həmin müraciətlərin 20 faizinə mənfi rəy verilib: “Şəxslərin böyük əksəriyyəti sənədlərinin tanınmasına problemsiz nail olub. Azərbaycan vətəndaşları ən çox MDB-nin müxtəlif ölkələrində (Rusiya, Ukrayna və s.) və Türkiyə universitetlərində təhsil alırlar. Aparılan təhlillər göstərir ki, mənfi rəy alanlar, əsasən, Rusiya, Ukrayna və Gürcüstanın bəzi universitetlərini bitirənlərdir”.

 

Azərbaycanı tərk etmədən və tədris dilini bilmədən

 

Ancaq imtina səbəbləri arasında çoxluq təşkil edənlər fərqlidir. Məsələn, Azərbaycanı tərk etmədən, tədris dilini bilmədən əldə edilən diplomlar imtinaların əsas səbəblərindəndir. Ancaq bu səbəblər təhsil sənədlərinin saxtalığının göstəricisi deyil. Saxta təhsil sənədi verən müəssisələr insanlar arasında “diplom fabriki” kimi tanınır ki, bunlara müxtəlif ölkələrdə rast gəlinir. Təhsil sənədinin akkreditasiyası olmayan həmin universitetlərdən alınması, onların tanınmasından imtinanın əsas səbəblərindən olsa da, bu, verilən imtina səbəbləri arasında çoxluq təşkil etmir. Həsən Həsənlinin sözlərinə görə, imtinaların əksəriyyəti akkreditasiyası olan və rəsmi diplom verən universitetlərədir: “Apostildə saxtalaşdırılmış diplomlar olması faktı nadir hallarda olur. Bu il üçün cəmi 10-a yaxın belə fakt qeydə alınıb”.

 

Yəni, təhsil sənədinin tanınmasından imtina edilməməsi üçün apostil mütləq olmalıdır. Bakalavr və magistr ixtisasları eyni olmadıqda da təhsil sənədinin tanınmasına imtina verilir. Tanınmasından imtina edilən sənədlər arasında bakalavr səviyyəsi üzrə diplomların sayı daha çoxdur.

 

Həsən Həsənlinin sözlərinə görə, Akkreditasiya və Nostrifikasiya İdarəsinə müxtəlif qurumlardan çoxlu sayda müraciət daxil olur: “Yazırlar ki, onlarda kimsə 10 ilə yaxındır işləyir və diplomu nostrifikasiya olunmayıb. Belə müraciətlərə cavabımız bəllidir: həmin diplom tanınmamalıdır. Həmin şəxsin işində qalıb-qalmaması artıq rəhbərliyin qərarıdır”.

 

Hazırda həmin kadrların ixtisas biliklərini yoxlamaq imkanı olmasa da, bu, gələcək üçün reallaşdırılması mümkün sayılan məsələlərdəndir. İndiki halda isə onların kvalifikasiyasının olub-olmamasına, işə uyğunluğuna işəgötürənlər qərar verir: “Dövlət qurumlarında, xüsusən, işə qəbulu imtahanla həyata keçirilən müəssisələrdə belə şəxslərin işləməsi mümkün olmur. İxtisası mühasibat uçotu, iqtisadiyyat kimi işə qəbulu imtahansız aparılan sahələrdəndirsə, həmin kadrlara, onların ixtisasına necə yiyələndiyinə, peşəkarlıq səviyyəsinə görə işəgötürənlər məsuliyyət daşıyır. Həmin şəxslərin ixtisas biliklərinin hansı səviyyədə olmasını bazar, işəgötürənlər müəyyən etməlidir”.

 

İdarə nostrifikasiyasından imtina edilən sənədlərlə bağlı ekspertiza rəyini həmin sənədi əldə edən şəxslərə təqdim edir. Həsən Həsənlinin sözlərinə görə, 2003-cü ildə qəbul edilən müvafiq qaydalarda vətəndaşlara ekspertizanın nəticələri ilə tanış olmaq hüququ verilib. Bu səbəbdən vətəndaşlara imtina sənədi verilərkən bunun səbəbi onlara izah olunub. Ancaq Akkreditasiya və Nostrifikasiya İdarəsində artıq bu cavabı yetərsiz sayırlar. Növbəti mərhələdə bu izahın daha təfərrüatlı olması nəzərdən keçirilir. Bununla bağlı artıq təkliflər də hazırlanıb: “Hesab edirik ki, keyfiyyətsiz cavab cavab deyil və bu, vətəndaşa ədalətsiz yanaşmadır. Odur ki, bununla bağlı öz daxili qaydalarımızda dəyişikliklər etmişik. Yeni qaydalar artıq hazırdır və növbəti ildən vətəndaşlarla paylaşılacaq”.

 

Nostrifikasiya gecikirsə...

 

Beynəlxalq qaydalara görə, nostrifikasiya 4 aya qədər olan müddəti əhatə etməlidir. Ancaq Azərbaycanda bu müddətin gecikməsi də müşahidə edilir. Diplomların tanınmasının gecikmə səbəbləri müxtəlifdir: “Səbəblərdən biri xarici ali təhsil müəssisələrinə göndərilən sorğulara gec cavab verilməsi ilə bağlıdırsa, daha bir səbəb məzunlarla müsahibələrin təşkili ilə əlaqədardır. Müsahibə üçün vaxtın təyin olunması lazım gəlir və bu, asan olmur. Həmçinin müraciətlərin əksəriyyəti təhsilini bitirib qayıdan gənclərin hərbi xidmətə başlamaları ilə bağlıdır. Onların müsahibələrə gəlməsi də vaxt alır”.

 

Müsahibə

 

Müsahibə mərhələsi tədris dilində aparılır. Məqsəd isə gənclərin təhsil aldığı ölkənin, daha doğrusu, tədris dilini necə bildiyini deyil, həmin dildə yiyələndiyi ixtisası necə mənimsədiyini müəyyənləşdirməkdir. Təcrübədə 4-5 il ərzində təhsil aldığı dili bilməyən gənclərə rast gəlinir ki, bu da onların ixtisas biliklərinə yiyələndiyini sual altında qoyur və onun sənədinin tanınmasından imtina edilir.

 

Akkreditasiya və Nostrifikasiya İdarəsindəki müsahibə otağında ekspertlərin suallarına cavab verən Murad Məmmədovdan bu prosesin necə keçdiyini öyrənməyə çalışırıq. Ötən il Xarkov Milli İqtisad Universitetində müəssisə iqtisadiyyatı üzrə qiyabi təhsil alan Murad Məmmədov diplomunun tanınacağına şübhə etmir: “Bütün suallara cavab verdim. Müsahibədə rus dilini necə bildiyimlə, bu dildə özümü təqdim edib-edə bilməməyimlə maraqlandılar. Nə üçün qiyabi təhsil almağım, dərslərimə hazırlaşmağımı soruşdular. Suallara olduğu kimi cavab verdim. Uğurla keçdiyimə şübhə etmirəm”.

 

Təhsil sənədlərinin tanınması prosesi daha qısa müddətdə tamamlana bilər

 

Beləliklə, elektron müraciət edildikdən və sənədlər doğru yükləndikdən sonra müsahibənin keçirilməsi və təhsil sənədinin tanınması 4 ay çəkir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə xaricdə təhsil alanlar üçün bu proses daha qısa müddətdə tamamlanır. 

 

İdarə rəisi vəzifəsini icra edən Həsən Həsənlinin sözlərinə görə, gələcəkdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilməsi müddətinin iki ay yarıma endirilməsi əsas hədəflərindən biri olaraq müəyyən edilib: “Bunun üçün tələb olunan sənədlər elektron ərizəyə düzgün yüklənməlidir. Müraciət edənlərdən əllərində olan bütün sənədləri təqdim etmələrini istəyirik və bu halda onların təhsil aldıqları ali məktəblərə sorğu göndərməyə və ya sorğulara uzun müddət cavab gözləməyə ehtiyac qalmayacaq. Hazırda gecikmələr ən çox tərəfimizdən xarici ali təhsil müəssisələrinə göndərilən sorğuların cavablandırılmasının uzanması ilə bağlı olur. Hesab edirik ki, buna nail olsaq, prosesdə əlavə vaxt itirməyəcəyik”.

 

Bakıda oxuyan xarici diplomlular

 

Nəinki xaricdə təhsil alan, elə ölkəmizdə oxuyan gənclər arasında da yolu bu idarəyə düşənlər olur. Belə ki, bəzi xarici ölkə universitetlərinin Bakı filiallarında oxuyanların da sənədlərinin tanınması prosesi eyni qaydada həyata keçirilir: “Fərq, sadəcə, bu prosesin daha rahat olmasındadır. Həmin universitetlərin proqramları və təşkilati strukturları barədə məlumatımız olduğundan, eyni zamanda, məzunlarının siyahısı rəsmi şəkildə bizə təqdim edildiyindən, digər sübuta və ekspertizaya ehtiyac qalmır. Ona görə də proses qısa müddətdə tamamlanır və rahat keçir”.

 

Xüsusi təyinatlı ali təhsil müəssisələri və filialların da akkreditasiyası keçiriləcək

 

Akkreditasiya və Nostrifikasiya İdarəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycan ali təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsidir. Akkreditasiyaya dair 2010-cu ildə qəbul olunan qərara görə, İdarə ölkədə olan ümumtəhsil müəssisələrinin təhsil proqramlarını, ümumiyyətlə, funksional, idarəetmə vəziyyətlərini, eyni zamanda tələbələrin bacarıq və nailiyyətlərini qiymətləndirməyə imkan verir. Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov “Azərbaycan müəllimi”nə deyib ki, keyfiyyətin təminatı sisteminin inkişaf etdirilməsi bütün beynəlxalq ali təhsil sənədlərində xüsusi ilə qeyd olunan məsələlərdəndir: “Hər kəs başa düşür ki, beynəlxalq ali təhsildə təhsilin formaları, tədrisin təşkili, metodologiyası, tədrisə yanaşma dəyişir. Akkreditasiya şöbəsi də fəaliyyətini məhz Bolonya prosesinin tələblərinə, Avropada ali təhsilin keyfiyyətinə təminatına dair Standart və Təlimatlara uyğun təşkil etməyə çalışır. Bu proses beynəlxalq təcrübəyə də uyğundur”.

 

Tofiq Əhmədovun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, hər təhsil müəssisəsi 5 ildən bir akkreditasiyadan keçir və bu proses 2010-cu ildə qəbul edilən qaydalarla tənzimlənir. 2018-2019-cu tədris ili ərzində 12 ali təhsil müəssisəsi akkreditasiyadan keçiriləcək: “Hər il qrafik hazırlanaraq təhsil nazirinə təqdim olunur və təsdiq edildikdən sonra həmin qrafik əsasında ali məktəblərin akkreditasiyası həyata keçirilir. Statusundan və mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələri üçün məcburi xarakter daşıyan bu proses indiyədək xüsusi təyinatlı təhsil müəssisələrinə aid edilmirdi. Builki akkreditasiya qrafikinə onlar da daxil edilib. Beləliklə, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu ilə birgə, Polis Akademiyası, Gömrük Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları da bu il akkreditasiya prosesindən keçiriləcək”.

 

İndiyədək universitetlərin filialları universitet tərkibində akkreditasiyadan keçirilirdi. Artıq filialların bu prosesdə ayrıca iştirak edəcəyini əlavə edən Tofiq Əhmədov onu da bildirib ki, akkreditasiya prosesinin beynəlxalq standartlara, Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq həyata keçirilməsi, müasirləşməsi, təhsilin keyfiyyətinin artırılmasına real töhfələr verməsi istiqamətində işlər görülür: “Akkreditasiya təhsil müəssisəsinin nizamnaməsinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasından başlayaraq, tədris planlarında nəzərdə tutulan fənlərdə təlim nəticələrinə necə nail olunmasına və təhsil müəssisəsinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların icra vəziyyətinə qədər bütün prosesin qaydalara uyğun olub-olmadığını qiymətləndirmək üçün həyata keçirilir. Dövlət və cəmiyyət üçün ali təhsil müəssisələrində keyfiyyət təminatı sistemi ilə bağlı müəyyənlik yaradan bir prosedur olan akkreditasiya ali təhsil müəssisəsinin, sadəcə keçmiş 5 ildə fəaliyyətinə qiymət deyil, eyni zamanda növbəti 5 il üçün keyfiyyət təminatına zəmanət verir. Bu səbəbdən akkreditasiya prosesi təhsil müəssisələrində keyfiyyətin artırılmasına xidmət etməlidir”.

 

Üstəlik, bu proses sadəcə hansısa sənədlərin qaydalara uyğun olub-olmadığını müəyyənləşdirmir. Belə ki, təhsil müəssisələrinin təqdim etdiyi özünütəhlil hesabatı və müvafiq sənədlər araşdırıldıqdan sonra müsahibə qrafiki qurulur. Təhsil müəssisəsinin rəhbərliyinin, dekanların, kafedra və şöbə müdirlərinin, tələbə və müəllimlərin ayrı-ayrılıqda müsahibəsi təşkil edilir. Tələbələrin necə təhsil sistemi görmək istədiyi, tələb və gözləntilərinin necə qarşılandığı, universitet rəhbərlərinin müəssisənin inkişafı üçün hansı tədbirləri nəzərdə tutduqları, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün hansı təlimlərə cəlb olunduğu, hansı beynəlxalq layihələrdə iştirak etdikləri ilə bağlı məlumatların əldə edilməsi məqsədi ilə müsahibələr keçirilir:

“Ən yaxşi təhsil müəssisəsi tələbələrin ehtiyaclarını mütəmadi öyrənir, təhsil prosesinin effektivliyini monitorinq edir, əmək bazarının tələblərini öyrənir və nəzərə alır. Akkreditasiya ona görə müsbət prosesdir ki, təhsil müəssisələri buna azı bir il hazırlaşır və nəticədə müsbət hərəkətliliyə səbəb olur. Təhsil müəssisəsində keyfiyyətin necə artırılması, müəssisənin müsbət və inkişafa ehtiyacı olan tərəfləri öyrənilir”.

 

Akkreditasiya sahəsində gözlənilən yeniliklərə toxunan Tofiq Əhmədov Akkreditasiya və Nostrifikasiya İdarəsinin özünün də beynəlxalq akkreditasiyadan keçməyə hazırlaşdığını bildirib: “Avropa Keyfiyyət Təminatı Şəbəkəsinin üzvüyük. Təşkilat olaraq beynəlxalq akkreditasiyadan keçməyə hazırlaşırıq. Bu səbəbdən 2010-cu ildən bəri ölkəmizdə mövcud olan akkreditasiya qaydaları məhz bu gün Avropa ali təhsil məkanında tətbiq edilən yeni standart və yanaşmalar əsasında yenilənməlidir. Bu məqsədlə təkliflər hazırlanıb. 2010-cu ilin tələblərinə uyğun hazırlanmış qaydalardan artıq 9 ilə yaxın vaxt keçib. Bu səbəbdən qaydaların yeniləşməsinə ehtiyac var. Təhsil müəssisələrinin qiymətləndirmə metodologiyası Avropa təhsil məkanında Bolonya prinsiplərinə uyğun olmalıdır. Bunu nəzərə alaraq öz qaydalarımızı beynəlxalq standartlara uyğunlaşdırmalıyıq. Təhsilimizə etimadın və etibarın artırılması üçün qaydalarımız yenilənməlidir”.

 

Bu məqsədlə prosedur və metodoloji məsələlərlə bağlı yeniliklər tətbiq edilir. Tofiq Əhmədov bildirib ki, təhsil proqramlarının keyfiyyət baxımından daha yaxşı idarə olunması və təkmilləşdirilməsi üçün proqram akkreditasiyasının hazırlanması və metodologiyası üzrə işlər həyata keçirilir. Hazırda həyata keçirilən layihə əsasında Latviya və Litvadan olan ekspertlər azərbaycanlı mütəxəssislərə Avropa təcrübəsinin necə həyata keçirilməsi ilə bağlı öz tövsiyələrini verirlər: “Növbəti il 12 ixtisas üzrə pilot qiymətləndirmə keçirəcəyik”. 

 

Hədəfə doğru

 

Böyük yeniliklərə və fəaliyyətində dönüş etməyə hazırlaşan Akkreditasiya və Nostrifikasiya İdarəsinə infotur başa çatsa da, idarədə gərgin iş davam edir. Təhsil ictimaiyyətinə bundan sonra baş verəcəkləri izləmək və qurumun öz hədəflərinə çatacağı vaxtı gözləmək qalır!

 

Ruhiyyə DAŞSALAHLI