Özəl sektor dövlətə yardım etməlidir


Dekabrın əvvəlində Estoniyanın “Taxify” və “TransferWise” şirkətlərinin sahibləri “Heateo Haridusfond” təhsil fondunu təsis etdiklərini bildirdilər. Fondun əsas məqsədi təhsil sahəsində innovativ layihələrə başlanğıc kapitalı ilə bağlı yardım etmək olacaq. Bu kapital hesabına həmin “rüşeym” layihələr pilot mərhələsinədək inkişaf etdiriləcək. Yaxın üç il ərzində “Heateo Haridusfond” bu istiqamətdə bir milyon avro xərcləmək niyyətindədir.

 

Estoniyanın “İşgüzar xəbərlər” agentliyinin məlumatına görə, təhsil fondunun yaradılması ideyası estoniyalı iş adamları Martin Villiq və Taavet Hinrikusa məxsusdur. Tezliklə bu təşəbbüsə ölkənin dünyaca məşhur olan digər şirkətləri də qoşulub. Bunların sırasında “Civitta”, “Contriber”, “Eften”, “Helmes”, “Lingvist”, “Monese”, “Pipedrive”, “Superangel” kimi şirkətlər var. Fondu idarə edəcək “Heateo Sihtasutus”un icraçı direktoru Pirkko Valge deyir ki, layihələri bir neçə il ardıcıl olaraq dəstəkləyə, yaxud birdəfəlik maddi köməklik göstərə bilərlər: “Biz sözün yaxşı mənasında təhsil sistemini silkələyə biləcək ambisiyalı təşəbbüslər gözləyirik”.

 

Fondun təsisçiləri Estoniyanın təhsil sistemindəki problemləri əsasən belə ümumiləşdirirlər: müəllim heyətinin yaşlanması, məktəb müəlliminin nüfuzunun aşağı olması, gənclərin orta məktəbi bitirdikdən sonra təhsillərini davam etdirmək niyyətində olmamaları. Fond məhz bu qüsurların aradan qaldırılmasına vəsait ayıracaq. Eyni zamanda, fond STEAN sisteminə (təbiət elmləri və riyaziyyat, yaradıcı və komanda işi) də diqqət ayırmaq niyyətindədir.

 

Üç fincan çay

 

Amerikalı sadə alpinist Qreq Mortenson barədə kitab işıq üzü görəndən sonra bütün proqressiv dünya bu sadə insanın nə qədər böyük ürək və möhkəm əzm sahibi olduğunun şahidinə çevrildi. Təsadüfi deyil ki, Mortensonun adı təhsilə ən effektiv yardım edən təşkilatlardan birinin yaradıcısı kimi 2009 və 2010-cu illərdə Nobel mükafatına namizəd olaraq irəli sürülüb. Hərçənd özü deyir ki, “Mənim heç vaxt dünyanı dəyişmək planlarım olmayıb”. Mortenson “dünya” deyərkən Pakistanın ucqar dağlıq bölgələrindəki kasıb kəndləri nəzərdə tutur. 1993-cü ildən etibarən buralar Mortensonun dünyasıdır.

 

Hindistanla mübahisəli bölgə olan Kəşmirin bir qismi Pakistan ərazisində yerləşir. Burada ekstremal alpinistlərin marağına səbəb olan 60-dan çox dağ zirvəsi var ki, onları fəth etmək nəinki çətindir, hətta bir çox hallarda ölümlə nəticələnir. Real faktlar əsasında lentə alınmış “Everest” filminə baxanlar xatırlayar: hər il bu yüksəkliklərdə ya qəza, ya oksigen çatışmazlığından ölüm hadisələri baş verir və indinin özünədək bu yerlərdə yüzlərlə insanın cəsədi qalır.

 

Onları vaxtilə nə xilas etmək mümkün olub, nə də indi cəsədlərini götürmək olur.

 

Şimali Pakistanın Karakorum bölgəsində yerləşən K2 yüksəkliyi də belə təhlükəli yerlərdən biridir. Qreq Mortenson buraya sadə alpinist kimi gəlir, zədələnir və Korum kəndinə gətirilir. Buranın sakinləri amerikalıya yardım edib sağaldırlar. Bu hörmətin müqabilində Mortenson kəndə nəsə bir yaxşılıq etmək fikrinə düşür. Belə dağlıq, ölkənin mərkəzi hissəsi ilə təcrid olunmuş, kasıb bölgələrdəki kəndlərin sakinlərinin istəyi nə ola bilər? Təbii ki, infrastruktur! Ancaq Mortenson fərqli yol seçir - təhsil! Təqribən 10 ilə amerikalı alpinist Pakistanın şimalında 53 məktəbin açılmasına nail olur. Hər bir məktəb Qreqin vətənində toplanan ianələr hesabına başa gəlir.

 

Mortensonun inadkarlığı, iradə və əzmi Amerikanın varlı şəxslərini uzaq müsəlman ölkəsi olan Pakistanda savadsız uşaqlar, əsas etibarilə qızlar üçün təhsil ocaqlarının tikintisinə vəsait ayırmağa məcbur edir. Bu yolda Mortenson böyük itkilər verir, ailəsi ondan üz döndərir, dəfələrlə əhalinin radikal qismi tərəfindən təzyiqlərə məruz qalır. Yerli hökumətin bürokratik dolanbacları, hətta tikinti materialı satan işbazların fırıldaqları...

 

Pakistanın bu bölgəsi “Taliban” hərəkatının güclü olduğu Əfqanıstanla həmsərhəddir. Burada məktəb açıb qızları təhsilə cəlb etmək olduqca çətindir. Mortenson “Üç fincan çay” kitabında yazır ki, onun hər yeni məktəbinin açılışına bölgədə aktiv olan və əsas etibarilə xaricdən maliyyələşən radikal dini dairələr 10 mədrəsənın əsasını qoymaqla cavab verirdilər. Kitabın həmmüəllifi olan Devid Oliver Relinin dediyinə görə, xüsusilə 2001-ci ilin 11 sentyabr terror olayından sonra Amerikanın terrorçu təşkilatlara qarşı apardığı mübarizənin effektivsizliyi fonunda Mortensonun fəaliyyəti daha aktual görünür. Çünki savadsız gəncləri həmin terrorçuların təbliğatı və təsirindən qurtarmağın ən təsirli yolu onlara təhsil almalarında köməklik göstərməkdir.

 

Paralel mənbələr

 

Mərkəzi Asiya İnstitutunun təsisçisi Qreq Mortensonun səyləri nəticəsində Pakistanda onminlərlə uşaq peşə sahibinə çevrilməyə müvəffəq olub.

 

Müxtəlif qurumlar vasitəsilə təhsil problemlərinin həlli, təhsilə yardım Qərbdə geniş yayılmış təcrübədir. Bizim dünyanın ən nüfuzlu universitetləri kimi tanıdığımız təhsil ocaqlarının əksəriyyəti toplanan ianələr hesabına fəaliyyət göstərir. Qərbdə təhsil probleminin öhdəsindən gəlmək üçün dövlətin səyləri yetərli deyil. Bu səbəbdəndir ki, imkanlı şəxslər yaratdıqları fondlar, yaxud köçürdükləri birdəfəlik və ya davamlı maliyyə yardımları hesabına gənc nəslin təhsil prosesi, elm və təhsil sahəsindəki innovativ layihələri maliyyələşdirirlər. Amerika və Avropada saysız-hesabsız belə fondlar fəaliyyət göstərir. Eyni zamanda, ayrı-ayrı dövlətlər özləri də istedadlı gənclərin təhsilini öz üzərlərinə götürürlər. Məsələn, İsveç hökumətin “Visby” proqramı əsasında hər il dünyanın müxtəlif istiqamətlərindən 200 ən istedadlı gənc seçilir və ölkə universitetlərində təhsil almaları üçün onlara şərait yaradılır. Hökumət bu gənclərin təhsilini maliyyələşdirir, hətta magistrlərə hər ay 1000 avro məbləğində yardım edir. Təhsil ingiliscədir, ancaq ölkədə rahat yaşamaq üçün İsveç dilinin öyrənilməsinə də köməklik göstərilir.

 

Müasir dünyada təhsil və xeyriyyəçiliyi bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Bill Geyts, Mark Sukerberq kimi dövrümüzün ən varlı qəhrəmanları hər il dünyanın müxtəlif guşələrində təhsil problemlərinin həllinə milyonlarla vəsait ayırırlar. Geyts bu sahədə ən qabaqcılıdır, onun həyat yoldaşı və atası ilə birlikdə yaratdığı “Bill&Melinda Gates Foundation” hər il təhsilin inkişafına 2 milyard dollara yaxın yardım edir. Fondun aktivləri təqribən 30 milyarda bərabərdir.

 

Ümumiyyətlə, təhsil, səhiyyə və digər sahələrə yardım edən xeyriyyə fondlarının ən çox olduğu ölkə ABŞ-dır. Hesablamalara görə, hər il bu yolla xeyriyyə aksiyalarına 30 milyard dollar vəsait yönəldilir. Ancaq avropalı filantroplar da geri qalmırlar. 2010-cu ilin statistikasına görə, “qoca qitə”də 110 min xeyriyyə təşkilatı fəaliyyət göstərib. Bu təşkilatların 1 milyonadək əməkdaşı olub. İl ərzində xeyriyyə tədbirlərinə 100 milyard avrodan çox vəsait ayrılıb.

 

Avropanın ən iri xeyriyyə təşkilatları “Stichting INGKA Foundation” və “Wellcome Trust”dır. Birinci qurum İsveçin İKEA şirkətinin sahibi, iş adamı İnqvard Kamprad tərəfindən yaradılıb. Aktivləri təqribən 36 milyard dollardır. Dünya üzrə 200-dən çox filialı fəaliyyət göstərir. Britaniyanın “Wellcome Trust” xeyriyyə təşkilatının əsası isə 1936-cı ildə qoyulub, 22 milyardlıq aktivlərə sahibdir. Əsas etibarilə tibb sahəsindəki layihələrə pul ayırır. Peşəkar tibb işçilərinin tibbi təhsili və elmi araşdırmalarına qrantlar verilir.

 

1969-cu ildə Almaniyada yaradılmış “Robert Bosch Foundation” təhsilə ən çox vəsait ayıran fondlardan biridir. Özünün 7 milyardlıq büdcəsi ilə bu təşkilat təhsilin səviyyəsinin artırılması, tarixi abidələrin qorunması, tibbi təhsilə ciddi yardım göstərir.

 

Avropanın xeyriyyə qurumları elmdən tutmuş tibbədək ən müxtəlif sahələrin maliyyələşdirilməsi ilə məşğuldurlar. Bu istiqamətdə liderlik mövqeyi Almaniyaya məxsusdur. Avropada filantrop hərəkatının fərqləndirici xüsusiyyəti onların kooperasiya şəklində işləməsidir. Bu imkan verir ki, təşkilatlar arasında fikir mübadiləsi, səylərin birləşdirilməsi, biznes dairələri və dövlətlə əməkdaşlıqda qarşılıqlı yardım əlaqələri genişlənmiş olsun.

 

Xeyriyyəçiliklə məşğul olan təşkilatların mövcudluğu tək müxtəlif sahələrdə, o cümlədən təhsildə mövcud olan problemlərin effektiv həlli demək deyil. Bu, həm də dövlətin bu sahələrdəki siyasətinə təsir etməkdir. Qərbdə dəfələrlə belə qurumların müxtəlif qanun layihələrinin hazırlanmasında təşəbbüsçü və lobbist mövqedən çıxış etmələri hallarına rast gəlinib.

 

Xeyriyyəçi hökumətlər

 

Avropanın ən iri təqaüd proqramlarından biri “Erasmus Mundus Scholarships”dir. Layihə qitənin ali məktəbləri tərəfindən yaradılmış geniş spektrli proqramları əhatə edir ki, onları qazanan şəxslərin təhsil haqları ödənir və əlavə aylıq 1000 avroluq təqaüd kəsilir. Bundan əlavə, təhsili maliyyələşdirən daha bir “avropalı” qurum  Çexiya, Polşa, Slovakiya və Macarıstan hökumətləri tərəfindən yaradılmış “Beynəlxalq Vışeqrad Fondu”dur. Bu fondun təqaüdünü qazanan tələbəyə semestr ərzində 2300 avroyadək yardım edilir. Əlavə olaraq oxuduğu ali məktəbə də tələbənin təhsil haqqı kimi 1500 avro ödənilir.

 

Fransa hökuməti də tələbələrə müxtəlif təqaüdlər verir, ancaq burada fərqli tələb ondan ibarətdir ki, fransız dilini bilmək mütləq xarakter daşıyır. Təklif olunan təqaüd hər ay üçün 620 avrodur. Nəzərə alsaq ki, Fransada təhsil proqramlarının əksəriyyəti pulsuzdur, bu məbləğ təhsil prosesinin maliyyələşdirilməsinə yetərli hesab oluna bilər.

 

Norveçdə də təhsil pulsuzdur. Ölkədə rifah halının yüksək olması hökumətlərə  imkan verir ki, əcnəbi tələbələrin təhsili prosesinə yatırımlar etsinlər. Məsələn, “Quota Scheme” proqramına əsasən, xarici tələbənin təhsili üçün tələb olunan vəsaitin 70%-i kredit verilir. Əgər tələbə təhsilini başa vurduqdan sonra qalıb Norveçdə yaşamaq və işləmək istəsə, krediti qaytarmalı olacaq. Yox, qayıdıb vətəninə getsə, qaytarmaya da bilər.

 

Britaniya hökuməti “Çivinq təqaüdü” təklif edir. Bu təqaüdlə təhsil haqqını ödəmək və hər ay təqaüd almaq olar. Hər il proqram çərçivəsində təhsilin prioritet istiqamətləri müəyyənləşir. İldən-ilə prioritetlər dəyişə bilər.

 

İtaliya hökuməti də xarici tələbələr üçün təqaüd proqramı həyata keçirir. Proqramın adı “Courses Grant”dır. Burada da Fransada olduğu kimi, yerli dili yüksək səviyyədə bilmək mütləqdir.

 

Rusiyada da çoxlu sayda fond fəaliyyət göstərir. 2017-ci ildə hökumətin təklifi ilə təhsilə yardım edən şirkətlərdən tutulan gəlir vergisinə güzəşt tətbiq olunur. Biznesə bu yolla təhsil ocaqlarındakı avadanlıqların yenilənməsi və yüksək ixtisaslı kadrların hazırlanması prosesində aktiv iştirak təklif edilir.

 

Təhsil sahəsində xeyriyyəçiliklə məşğul olan fondların mövcudluğu həm də ona görə lazımdır ki, onların innovasiya, yenilik, novatorluğa reaksiyası dövlətin yanaşmasından cəld və operativ olur. Qərbin elmi sıçrayışının səbəblərindən biri də məhz budur. Aydındır ki, dövlətin kəşflərə, yeniliklərə dəstəyi dərhal mümkün olmur. Dövlət büdcə ilə işləyir. Büdcə isə plan deməkdir. Tarixə müraciət etsək görərik ki, misal üçün, SSRİ-nin dünyanın sürətlə dəyişməsinə tab gətirə bilməməsinin başlıca səbəblərindən biri də məhz ləngliyi, yeniliklərə çevik olmaması idi. Qərbdə isə fondlar və xeyriyyə təşkilatları vasitəsilə problemləri həll etmək və məntiqlə dövlətə yardımçı olmaq təcrübəsi geniş yayıldığından elm və təhsil sahəsində hər bir yeniliyin həyatda tətbiqi az vaxt tələb edir. Bu gün dünyanın tanınmış iş və elm adamları dövlətlərə təhsil sahəsində islahatlar həyata keçirmək üçün yardım təklif edirlər. Söhbət həm əqli yardımdan gedir, həm də maddi. Bu baxımdan, biznesin də təhsil problemlərinin həllində aktiv rol oynaması ilə dövlətə kömək etməsi arzuolunandır.

 

Rüstəm QARAXANLI

Bölmənin digər xəbərləri