Leyla İsmayılova 2019-cu ilin iyulundan vəzifəsinin icrasına başlayacaq


ABŞ-ın Çikaqo Universiteti rektorunun müvafiq sərəncamı ilə ölkənin ən reytinqli ali təhsil müəssisəsində çalışan azərbaycanlı tədqiqatçı Leyla İsmayılova bu universitetin Sosial Xidmətlər Məktəbinin  assosiativ  professoru (dosent)  təyin edilib.  L.İsmayılova  2019-cu ilin iyulundan vəzifəsinin icrasına başlayacaq.  Professor  L.İsmayılova beynəlxalq kontekstdə uşaqların rifahının yaxşılaşması üçün ailə tədbirlərinin işlənib hazırlanması və adaptasiyası sahəsində ixtisaslaşıb.

 

O,  Afrika,  Yaxın Şərq və keçmiş sovet respublikalarında beynəlxalq tədqiqat layihələrində iştirak edir.  Onun iş təcrübəsinə  həmçinin Nyu-Yorkda uşaq və ailə psixiatrik klinikalarında kliniki  fəaliyyət,  eləcə də  Şimali Uqandanın müharibədən zərər çəkmiş  rayonlarında zorakılığın qarşısının alınması və  İordaniyada İraq qaçqınları üçün uşaqların inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi də daxildir. Azərbaycanlı alimin tədqiqat proqramları psixi sağlamlıq  fəaliyyətinin yaxşılaşdırılmasına və təhlükəli davranışların (seksual təhlükəli davranış və psixi aktiv maddələrin istifadəsi) azaldılması, uşaqlar və digər risk qruplarına aid gənclər arasında zorakılığın aradan qaldırılmasına hesablanmış mədəni tədbirlərin hazırlanmasına yönəlib.

 

Leyla İsmayılova 1995-ci ildə Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya  fakültəsini  bakalavriat, 1999-cu ildə isə magistratura səviyyələri üzrə bitirib. Bir müddət  psixoloji məsləhət mərkəzinin təsisçici və direktoru olub.  Mərkəz  müxtəlif emosional və davranış problemləri olan uşaqlara və ailələrə, yaşlılara  məsləhət xidmətləri göstərən ilk psixi sağlamlıq klinikası kimi fəaliyyət göstərib.

 

L.İsmayılova 2002-2004-cü illərdə Kolumbiya Universitetinin   magistraturasında,  2005-2009-cu illərdə isə doktoranturasında təhsil  alaraq  magistr (M.Sc.) və  fəlsəfə  doktoru  (PhD)  elmi dərəcələri alıb. 2006-2007-ci illərdə Nyu-York Psixiatriya İnstitutunda elmi  tədqiqatçı kimi çalışıb.  2008-2009-cu illərdə Nyu-York Universitetində mühazirə deyib. 2009-2012-ci illərdə  Kolumbiya və Nyu-York universitetlərində tədqiqatçı alim kimi fəaliyyət göstərib.   2012-ci ilin iyulundan bu vaxta kimi Çikaqo Universitetində çalışır. L.İsmayılova  790-dan artıq elmi məqalənin müəllifidir. Alimin Hirş əmsalı (elmi məqalələrə olunan istinadların ümumi sayı) 14,  i10 indeksi (müəllifin qiymətləndirilməsi üçün elmmetrik göstərici) 21-dir.

 

Oruc MUSTAFAYEV