Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) VI könüllülük proqramında iştirak etmiş gənclərə arayışlar təqdim olunub.

 

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, idarənin struktur bölmə rəhbərləri və VI könüllülük proqramını başa vuran gənclər iştirak ediblər.

 

BŞTİ-nin müdir müavini H.Əsgərov ölkəmizdə könüllülük hərəkatının geniş vüsət aldığını qeyd edib. Çıxışı zamanı H.Əsgərov könüllüləri təbrik edərək onların fəaliyyətinin yaddaqalan və səmərəli olduğunu söyləyib, hansı sahədə çalışmalarından asılı olmayaraq, könüllülərin uğur qazanacaqlarına inandığını bildirib.

 

İdarənin müdir müavini onu da qeyd edib ki, VI könüllülük proqramı çərçivəsində BŞTİ-yə 100-ə yaxın gənc elektron qaydada müraciət edib. Onlardan müvafiq meyarlar əsasında 54 nəfər müsahibəyə çağırılıb və 18 nəfərmüsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, gənclərdən 1-i Ümumi sektor, 1-i Məktəbdənkənar fəaliyyətin təşkili sektoru, 3-ü İnsan resursları sektoru, 3-ü İctimaiyyətlə əlaqələr sektoru, 3-ü Ümumi təhsil sektoru, 3-ü İnkişaf layihələri sektoru, 4-ü Maliyyə və mühasibatlıq sektorunda könüllü kimi fəaliyyət göstərib.

 

BŞTİ-nin struktur bölmə rəhbərləri VI könüllülük proqramı iştirakçılarının 3 aylıq fəaliyyəti dövründə gənclərin ünsiyyət, kollektivə uyğunlaşmaq, tapşırılan işi layiqincə yerinə yetirmək xüsusiyyətlərinə görə seçildiklərini qeyd edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar.   

 

BŞTİ-də onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edən gənclər, könüllü kimi 3 aylıq fəaliyyətləri dövründə öz ixtisasları üzrə və ümumi dünyagörüşlərinin inkişafı baxımından müsbət təcrübə qazandıqlarını nəzərə çatdırıblar. Bütün bu nailiyyətlərin qazanılmasında İdarə kollektivinin böyük rolu olduğunu deyən gənclər, onlara öz təşəkkürlərini bildiriblər.

 

Qeyd edək ki, BŞTİ tərəfindən həyata keçirilmiş ilk Könüllülük Proqramında 15, II Könüllülük Proqramında 26, III Könüllülük Proqramında 35, IV Könüllülük Proqramında  42, V Könüllülük Proqramında 29, VI Könüllülük Proqramında isə 18 nəfər müxtəlif sektorlarda, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində fəaliyyət göstəriblər. Onlardan 19 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.