Görüşdə payız semestri imtahanlarına hazırlıqdan söz açılıb


Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif  Yusibov dekabrın 20-i və 21-də tələbələrlə görüşüb.

 

Tədbiri açan rektor Yusif Yusibov bildirib ki, görüşün təşkilində məqsəd 2018-2019-cu tədris ilinin payız semestri imtahanlarına tələbələrin hazırlıq səviyyəsini öyrənmək və onların imtahanlara hazırlıq prosesində qarşılaşa biləcəkləri çətinliklərin operativ həllinə nail olmaqdır.

 

Məlumat verilib ki, 2016-2017-ci tədris ilinin payız və yaz semestrlərində ilk dəfə təhsil ixtisaslarında bəzi fənlərdən tələbələrin şifahi nitq qabiliyyətini inkişaf etdirmək məqsədilə imtahanlar şifahi formada qəbul olunub və müsbət nəticələr əldə edilib. Ona görə də müsbət təcrübəni bu ildə də inkişaf etdirmək üçün universitetin rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib.

 

Tələbələrin imtahanlara hazırlaşa bilməsi üçün imtahan qəbul ediləcək bütün fənlərin mühazirə mətnləri, dövlət imtahanına düşəcək fənlər üzrə suallar universitetin saytında (www.gdu.edu.az) elektron formada yerləşdirilib. Eyni zamanda test, şifahi, yazılı və qabiliyyət imtahanlarının sualları imtahan sessiyasına bir ay qalmış tələbələrə paylanılıb.

 

Qeyd edilib ki, payız və qış sessiyaları müddətində imtahanların gedişatı zamanı yarana biləcək münaqişəli halların aradan qaldırılması və lazımi tədbirlərin görülməsi məqsədilə universitet üzrə “Apelyasiya komissiyası”, Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti ilə əlaqə yaratmaq və sessiyanın gedişi zamanı baş vermiş neqativ hallar barədə Təhsil Nazirliyinə operativ məlumat verilməsi məqsədilə “İmtahan qərargahı”, imtahanlara nəzarət etmək məqsədilə nəzarət qrupu, sualların qabaqcadan seçilməsi və  məxfi saxlanılması məqsədilə bunker və bunkerin işçi qrupu yaradılıb.

 

Qiymətləndirmə prosesindən də danışan rektor Yusif Yusibov deyib ki, təhsilin hər iki səviyyəsində keçirilən test, yazılı, şifahi və qabiliyyət imtahanlarında qiymətləndirmə çoxballı sistem əsasında aparılır. Yazılı (təhsil ixtisaslarında bəzi fənlərdən şifahi) imtahanların keçirilməsi üçün ixtisas kafedraları tərəfindən hər birində 5 sual olmaq şərti ilə 30 ədəd bilet hazırlanır, fakültə tədris-metodik şuralarında və kafedra iclaslarında müzakirə edilərək təsdiq edilir.

 

Tələbənin imtahandan topladığı ballarla semestr ərzində topladığı ballar cəmlənərək nəticəsi imtahan qəbul edilən gün müstəsna hallarda isə növbəti gün elan edilir.

 

Tələbələrə təyin olunan təqaüdlərdən də danışan rektor Yusif Yusibov bildirib ki, Nazirlər Kabinetinin 6 fevral 2016-cı il tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na uyğun olaraq semestr nəticələrinə əsasən ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. Bu zaman (ÜOMG)-si yüksək olan ödənişli əsaslara təhsil alan tələbələrə də təqaüd təyin edilir.

 

Tədbirdə çıxış edən universitetin imtahan aparatının rəhbəri Vasif Həsənov imtahanların texniki təşkili, keçirilməsi qaydası, həmçinin tələbələrin semestr imtahanlarında diqqət yetirməsi vacib olan məsələlər haqqında danışıb.

 

Sonda rektor tələbələri  dinləyib, onları marqlandıran sualları cavablandırıb.