Azərbaycan Dillər Universitetində dahi Azərbaycan şairi Hüseyn Cavidin seçilmiş əsərlərinin özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib.

 

Tədbirdə  çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, filologiya üzrə fəlsəfə doktoru, "Kaspi” Təhsil Mərkəzinin rəhbəri, "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevanın, eləcə də digər Azərbaycan ziyalılarının təşəbbüsü ilə Özbəkistanda görkəmli şair Hüseyn Cavidin əsərləri təbliğ olunur: "Bu təbliğ gözəl bir əsər şəklində işıq üzü görüb. Bizim özbək qonaqlarımız nəşr edilən kitab şəklində Hüseyn Cavid dünyasına müraciət ediblər. Azərbaycan üçün Hüseyn Cavid müqəddəs şəxsdir. O təkcə şair deyil, əzabkeş insan kimi hər bir azərbaycanlının qəlbində bu gün də yaşayır. Eyni zamanda ulu öndər Heydər Əliyevin qarşısında baş əyirik ki, Hüseyn Cavidin nəşini Azərbaycana qaytardı və o, doğma Naxçıvanda torpağa tapşırıldı. Bu, ümumiyyətlə görünməmiş hadisə idi. Bunun üçün Heydər Əliyev şəxsiyyətinə çox böyük borcumuz var.”

 

K.Abdulla qeyd edib ki, bu kitabın timsalında özbək mütəxəssislərinin Hüseyn Cavidə olan münasibəti öz əksini tapıb: "Onu qeyd etmək istərdim ki, Sona Vəliyevanın fəaliyyəti bununla bitmir və o, Cavidi başqa dillərdə, mədəniyyətlərdə təbliğ etməkdən yorulmur, usanmır. Biz yəqin ki, Hüseyn Cavidin gələcək nəşrlərinin səsini başqa ölkələrdən  eşidəcəyik. Çox sevinirik ki, Cavidi özbək oxucusu da qəbul edəcək, oxuyacaq və ona öz şairi kimi münasibət bəsləyəcək. Çünki Hüseyn Cavid faktiki olaraq bütün türk dünyasının şairi idi.” 

 

Filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirib ki, Hüseyn Cavidin özbək dilində seçilmiş əsərlərinin ilk təqdimatı Özbəkistanda Nizami adına Universitetdə keçirilib: "Onu qeyd edim ki, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov orada böyük bir tərcümə mərkəzi yaradıb. Azərbaycan ədəbiyyatını özbək dilinə, özbək korifeylərini isə Azərbaycan dilinə tərcümə etmək sahəsində onun çox böyük zəhməti var. Bu haradasa sovet dövründə sınmış olan ədəbi körpülərimizin bərpası deməkdir. Biz ruh, qan, dil, düşüncə birliyi olan xalqlarıq və müxtəlif zamanlarda bunu bizdən almağa çalışıblar. Azərbaycan və Özbəkistan müstəqillik qazanandan sonra bu əlaqələrin bərpası yolunda əziyyət çəkən insanlar olub və buna görə onlara minnətdarıq. İdeyamı dəstəklədiyi üçün isə Samir Abbasova xüsusi təşəkkür edirəm.” 

 

S.Vəliyeva qeyd edib ki, Hüseyn Cavidin əlinə qələm aldığı gündən son əsərinə qədər yazdıqları Azərbaycan üçün idi: "Cavid, təxminən, 30 yaşlarında türk dünyasına vəsiyyət yazıb. O burada türkçülük, elm, din, ailə, böyüklərə münasibət, yəni həyatımızı əhatə edən əxlaqi, siyasi, ideoloji kateqoriyaları əhatə edən hər bir məsələyə türk övladının necə yanaşmalı olduğunu ortaya qoyub”.

 

S.Vəliyeva vurğulayıb ki, bir müddət əvvəl "Vətənə qayıdış” adlı bir layihə həyata keçirildi. Onun sözlərinə görə, bu layihə çərçivəsində Cavidin nəşinin Azərbaycan gətirilməsi ilə bağlı bütün proses bir kitab şəklində öz əksini tapdı: "Ulu öndər bilirdi ki, kimi Azərbaycan qaytarır. Məhz ümummilli lider Heydər Əliyev bu addımı ilə türkdilli xalqlara türk ideologiyasını qaytardı. Bu çox vacib məsələdir və zaman-zaman bu məsələlər üzərində dayanmalıyıq. Ulu öndər deyirdi ki, Cavidin yaradıcılığı tək bədii gücünə görə deyil, həm fəlsəfi, həm də ideoloji gücünə görə bizə lazımdır. Heydər Əliyev bunu deməklə, əslində türkçülüyü nəzərdə tuturdu. Ona görə də ulu öndər Hüseyn Cavidi vətənə qaytardı və hələ özünün sağlığında 120 illiyi ilə bağlı sərəncam imzaladı. Daha sonra Prezident İlham Əliyev Cavidin 125, 130 və 135 illiyi ilə bağlı sərəncamlar verdi. Bütün bunlar Cavidin dövlətçiliyimizdə oynadığı rolu nəzərə alaraq irsinin təbliği üçün atılan addımlardır”.

  

AMEA-nın müxbir üzvü, professor Kamran Əliyev bildirib ki, Cavid haqqında danışmaq həm tarix, həm də müasir dövr haqqında danışmaq deməkdir: "Biz bəzən ümumi sözlərimizlə deyirik ki, böyük sənətkarlar zaman və məkana sığmırlar. Cavidin bədii zamanı sonsuzdur. Hüseyn Cavid o mövzulara, zamanlara müraciət edir ki, həmin zamanlar bəşəriyyət tarixinin ən önəmli xarakterik zamanlarıdır” 

 

Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Babaxan Şərifov qeyd edib ki, Hüseyn Cavid millətini sevən və bu yolda qurban olan bir şəxsiyyətdir. Onun əsərləri özbək oxucular tərəfindən çox sevilir”.

 

Tədbirin sonunda Türk Xalqlarının Ümumdünya Konqresi tərəfindən Özbəkistan Yazıçılar Birliyinin üzvləri Babaxan Şərifov və Atxambek Alimbekov, şairələr Şəhla Qasımova və  Xasiyyət Rüstəmova, eləcə də Özbəkistandakı Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Samir Abbasov diplomla mükafatlandırılıb.