Tədbir akademik Tofiq Əliyevin anadan olmasının 90 illiyinə həsr olunub


Dekabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim, akademik Tofiq Əliyevin anadan olmasının 90 illiyi münasibətilə elmi konfrans keçirilib.

 

Konfransı giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı akademik Tofiq Əliyevin Azərbaycan xalqının yetirdiyi dahi alimlərdən biri olduğunu bildirib. Görkəmli alimin əmək fəaliyyətinin böyük hissəsinin Azİİ ilə bağlı olduğunu deyən rektor Mustafa Babanlı alimin bu ali məktəbin inkişafına verdiyi töhfələrdən danışıb. Akademikin 37 monoqrafiya və kitab, 227 məqalə, 213 ixtiranın müəllifi olduğunu da bildirən rektor Mustafa Babanlı onun rəhbərliyi altında 38 fəlsəfə doktoru və 5 elmlər doktoru hazırlandığını qeyd edib. Mustafa Babanlı alimin həyat və fəaliyyətinin bütün gənclər üçün örnək olduğunu da diqqətə çatdırıb.

 

Konfransda akademik Tofiq Əliyevə həsr olunmuş film nümayiş olunub.

 

Sonra ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin dekanı, dosent Səməd Yusifov görkəmli alim, akademik Tofiq Əliyevin həyat və fəaliyyəti haqqında təqdimatla çıxış edib.

 

AMEA-nın müxbir üzvü, t.e.d. İsmayıl İsmayılov çıxış edərək akademik Tofiq Əliyevin Azərbaycanda böyük bir məktəb yaratdığını və ölkədə elmin inkişafına böyük töhfə verdiyini bildirib.

 

Tofiq Əliyevin təkcə Azərbaycanda deyil, bütün SSRİ-də görkəmli alim kimi tanındığını deyən Sumqayıt Dövlət Universitetinin professoru Nadir Kazımov da alimlə bağlı xatirələrini bölüşüb.

 

Tədbirin sonunda Tofiq Əliyevin ailə üzvləri konfransın təşkil olunmasına görə universitet rəhbərliyinə öz minnətdarlığını bildiriblər.

                                                                          

Niyazi RƏHİMOV