ADU Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov müsahibəsində Çində aparılan islahatlar və aşkarlıq siyasətini şərh edib


Çin Respublikasının nüfuzlu liderlərindən biri Den Syaopin tərəfindən irəli sürülən Çin səciyyəli sosializm quruculuğu, sosialist bazar iqtisadiyyatının inkişafı və Çinin dünyada tanıdılması yönümlü “islahatlar siyasəti və aşkarlıq” siyasi-iqtisadi kursunun elan edilməsindən 40 il keçir. Bu hadisə ilə əlaqədar Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çinin “Sinxua”  İnformasiya Agentliyinə müsahibə verib. R.Abbasov müsahibəsində Çində aparılan islahatlar və aşkarlıq siyasətini  şərh edib: ”Bu siyasət müasir dövrdə Çinin iqtisadi, elmi-texniki və mədəni cəhətdən inkişafı istiqamətində beynəlxalq əhəmiyyətə malik bir ölkənin modernləşdirilməsinə yönəlib. Həyata keçirilən həmin siyasət nəticəsində Çin dünyanın daha dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.  Bununla Çin iqtisadiyyatı, nəinki qloballaşma prosesinin mühüm iştirakçılarından birinə çevrilə bilib, həm də inkişaf etmiş, eləcə də inkişafda olan ölkələrin bazarına daxil olmağa müvəffəq olub, bununla da dünya iqtisadiyyatının, həmçinin dünya valyuta-maliyyə bazarının böhranı zamanı çox mühüm ticarət gücünə çevrilib. Hazırda modernləşdirmə siyasətinin əsas məqsədi orta təbəqənin da olduğu güclü, demokratik, sivil və müasir sosialist dövlətinin yaradılması, millətin böyük dirçəlişi barədə Çin arzusunun həyata keçirilməsidir”.

 

Professor R. Abbasov onu da qeyd edib ki, ÇKP XIX qurultayında ÇXR-in Sədri Sin Cinpin islahatların dərinləşməsinin mühüm əhəmiyyətini xüsusi vurğulayıb, onun əsas məqsədinin Çin səciyyəli sosializm cəmiyyəti quruculuğunun təkmilləşdirilməsi və daha da inkişafı olduğunu diqqətə çatdırıb. Bildirib ki, əsas vəzifə mövcud sistemin modernləşdirilməsi işinin və dövlət idarəçiliyi potensialının daha da gücləndirilməsidir. Bütün bu məsələlərlə yanaşı, siyasi islahatların daha da dərinləşməsi, demokratiyanın və hüquq sahəsində işlərin daha da inkişaf etdirilməsi, uyğun cəmiyyətin formalaşdırılması məsələlərinin həlli də qarşıya məqsəd kimi qoyulub.

 

R. Abbasov diqqətə çatdırıb ki, ölkəmiz tarixən dostluq və hərtərəfli əməkdaşlıq telləri ilə Çinlə bağlı olub, bu səbəbdən islahatlar və aşkarlıq siyasətinin nəticələrinə xüsusu maraq göstərir. Keçən il Azərbaycanla Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin yaranmasının 25 ili tamam olub. Hazırda Çin Azərbaycanın dünyada əməkdaşlıq etdiyi beş nəhəng  tərəfdaşından biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il dekabr ayının 15-də Çinə etdiyi tarixi səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə birgə “İpək Yolu İqtisadi Zolağı”nın yaradılmasının daha da inkişafı ilə əlaqədar qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Bu sənəd hər iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsi üçün əsaslı zəmin olub.