AzMİU-da tələbənin fərdi sərgisi açılıb


Azərbaycan Memarlıq və İnşaat Universitetində Memarlıq fakültəsinin 4-cü kurs tələbəsi İsmayıl Hacıyevin fərdi sərgisi keçirilib. Azərbaycanın Əməkdar memarı, Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadənin 70 illik yubileyinə həsr olunmuş “Mənim ustadım” adlanan sərgidə universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

         

Sərgini giriş sözü ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq E.Qasımzadənin ömür yoluna nəzər salıb, Azərbaycanın müasir memarlıq tarixində öz dəsti-xətti, öz yeri olan yubilyarla bağlı fikirlər səsləndirib, ona yaradıcılıq uğurları arzulayıb. 

       

Həmkarları, müəllimlər də E.Qasımzadənin ünvanına təbriklər səsləndiriblər.  İ.Hacıyev çıxışında müəllimi haqqında xoş sözlər söyləyib, ona ən xoş arzularını çatdırıb.

       

Göstərilən diqqət və hörmətə görə təşəkkürünü bildirən E.Qasımzadə bundan sonra da memar və müəllim kimi tələbələrinə dəstək olacağını deyib.

         

Tədbir sərginin rəmzi qırmızı lentinin kəsilməsi ilə davam edib. Sərgiyə gələnlər İsmayılın rəsmləri ilə tanış olub. Əsasən yağlı boya ilə çəkilmiş rəsmlər -  Elbay Qasımzadənin portreti, Azərbaycan bayrağı, şahə qalxmış Qarabağ atı, “Xosrov və Şirin” poemasından miniatür sərgi iştirakçılarının marağına səbəb olub.