Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

 

ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli Həmrəylik Gününün tarixindən danışıb. Qeyd edib ki, uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin 1989-cu ildə Arazın hər iki sahilində sərhəd yürüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı-bu taylı insanların həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Dekan bildirib ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etməsi, azərbaycanlıların dünya çapında birləşmək istəyinin simvolik nişanı idi.

 

ADU-nun “Regionşünaslıq” kafedrasının müdiri dosent Sevdagül Əliyeva azərbaycanlıların dünyaya yayılması və diasporlaşması tarixindən söz açıb.

 

ADU-nun “Qafqazşünaslıq” kafedrasının müəllimi Aygün Həsənova dünya azərbaycanlılarının konqres və qurultaylarından söz açıb. O, Dünya Azərbaycanlılarının I Qurultayının ulu öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirildiyini xatırladıb. Qeyd edib ki, konqres və qurultaylar dünya azərbaycanlılarının birləşmələri, daha da fəal olmaları üçün çox önəmli rol oynayır.

 

ADU-nun “Fəlsəfə və ictimai elmlər” kafedrasının müdiri, dosent Ədalət Abdiyeva dünyada yaşayan azərbaycanlı mədəniyyət adamları haqqında danışıb. Bildirib ki, Azərbaycan tək tarixi ilə yox, mədəniyyəti ilə də zəngindir. Ə.Abdıyeva çıxışında Müslüm Maqomayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Əzizə Mustafazadə, Yusif Eyvazov, Teymur Rzayev, Çingiz Sadıqov və digər mədəniyyət xadimləri haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, onların fəaliyyəti tarix boyu Azərbaycanın adını daha da ucaldıb.

 

ADU-nun “Regionşünaslıq” kafedrasının əməkdaşı Xəyalə Ağayeva dünyada yaşayan azərbaycanlı alimlərdən söz açıb.

 

Tədbirdə ADU-nun “Qafqazşünaslıq” kafedrasının müdiri, professor Əsgər Zeynalov “Dünya azərbaycanlıları” kitabının işlənib hazırlanması təklifi ilə çıxış edib.

 

ADU-nun tədris işləri üzrə prorektoru Əfqan Abdullayev tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, iştirakçıları qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

 

Sonda ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi tələbələrinin hazırladığı videoçarx nümayiş olunub.