“Şolkovo Aqroxim” təşkilatının nümayəndələri akademiyanın rəhbər işçiləri ilə görüşüblər


Azərbaycan Milli Elmlər Akademiyasında Rusiya Federasiyasının “Şolkovo Aqroxim” təşkilatının nümayəndələri ilə görüş keçirilib.

           

Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə nümayəndə heyətini qəbul edib. Akademik AMEA-nın aqrar elm sahəsində innovativ yönümlü tədqiqatlarından və əldə olunmuş nailiyyətlərdən, eləcə də dünyanın qabaqcıl elmi müəssisələri ilə həyata keçirilən elmi layihələrdən bəhs edib. AMEA-nın müvafiq elmi-tədqiqat institutları və Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq əlaqələrindən, bu istiqamətində fəaliyyətdən danışıb.

           

Görüşdə “Şolkovo Aqroxim”in baş direktoru, akademik Salis Karakotov rəhbərlik etdiyi təşkilat haqqında geniş məlumat verib. Təşkilatın kənd təsərrüfatı bitkilərinin mühafizəsi və məhsuldarlığının artırılması üçün pestisid, aqrokimyəvi maddələr və bioloji peraparatlar istehsal etdiyini deyib. Təşkilatın məqsədinin aqrar sahənin mütəxəssislərini kənd təsərrüfatı bitkilərinin mühafizəsi üçün yerli innovasiya yönümlü maddələrlə təmin etmək olduğunu bildirən direktor qeyd edib ki, müəssisədə bitkilərə və ətraf mühitə toksiki təsiri azaldan yeni və yüksək səmərəliyi ilə seçilən pestisidlər istehsal olunur.

           

Nümayəndə heyəti sonra AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov və bölməyə daxil olan elmi müəssisələrin alimləri ilə görüşüb. Tərəflər arasında mövcud münasibətlər və gələcək inkişaf prioritetləri müzakirə edilib.

           

Görüşdə aqrar istehsalın rəqabətqabiliyyətliyinin möhkəmləndirilməsi, tərəflərin ixrac potensialının artırılması, istehsal olunan məhsulun və tətbiq edilən texnologiyaların müasir dünya təcrübəsinin tələblərinə uyğun olması məqsədilə üçtərəfli əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənəddə dayanıqlı və ekoloji əkinçilik mədəniyyətinin həyata keçirilməsi, surətli əkinçilik komponentlərinin tətbiqi, torpağın münbitlik potensialının qorunması və artırılması, rəqəmsal kənd təsərrüfatının inkişafı və digər istiqamətlərdə tərəflərin əməkdaşlığı nəzərdə tutulur. Həmçinin əməkdaşlıq çərçivəsində işçi qrupların yaradılması, bilik və təcrübə mübadiləsinin aparılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət və diqər istiqamətlər üzrə də əlaqələrin inkişafı üçün təkliflərin hazırlanması sənəddə yer alır. Bundan başqa, magistrant, doktorant və kadr mübadiləsinin təşkili, prioritet sahələr üzrə fundamental elmi-tədqiqat işlərinin aparılması, müştərək laboratoriya, elmi-texniki, tədris və innovasiya mərkəzlərinin yaradılması, gənclər arasında aqrar elmlərin təbliği məqsədilə birgə müsabiqə, sərgi, konfrans və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

           

Sənədi AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, dosent Cavanşir Təlai və “Şolkovo Aqroxim” təşkilatının baş direktoru, akademik Salis Karakotov imzalayıblar.