ADU payiz semestrinin imtahan sessiyası ərəfəsində valideynləri bir araya gətirdi


Azərbaycan Dillər Universitetində (ADU) Valideyn Şurasının üzvləri ilə görüş keçirilib. Görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev imtahanların təşkili prosesindən danışıb. İmtahanların əsasən yazılı formatda aparıldığını deyən prorektor nəzarət prosesini həyata keçirmək məqsədi ilə imtahanların müşahidə üçün açıq olduğunu bildirib. O, imtahanla bağlı narazılığı olan tələbələrin müraciətlərinin onların xeyrinə həll olunduğunu diqqətə çatdırıb. İstənilən zaman universitet rəhbərliyinə yaxınlaşıb fikir bildirməyin mümkün olduğunu deyən Ə.Abdullayev ADU-da tələbələrin haqqının hər zaman qorunduğunu qeyd edib. Ə.Abdullayev valideynlərin universitetin həyatında fəal iştirak etmələrinin, onların tövsiyə və təkliflərinin inkişaf üçün mühüm amil olduğunu söyləyib.

 

Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov, Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı İbrahim Kazımbəyli, Magistratura şöbəsinin müdiri Firuzə Rzayeva, Filologiya və jurnalistika fakültəsinin dekan müavini Aygün Yusifova fakültələrin fəaliyyəti, imtahan sessiyasının təşkili haqqında məlumat veriblər.

 

Valideynlər çıxışlarında övladlarının ADU-da təhsil almasından məmnun olduqlarını diqqətə çatdırıblar. ADU-da keyfiyyətli tədris prosesi, şəffaflıq, tələbələrə qarşı qayğıkeş münasibətdən razılıqlarını ifadə ediblər. Universitetin tələbələrə ictimai fəallıq və vətəndaş mövqeyinin formalaşmasında da xüsusi istiqamət və dəstək verdiyi qeyd olunub.

 

Görüş müzakirələrlə davam edib, valideynlərin təklifləri dinlənilib.

 

Qeyd edək ki, Valideyn Şurasının tərkibi universitetin müxtəlif fakültələr üzrə kurs tələbələrinin, həmçinin magistrantların valideynlərindən ibarətdir. Şuranın hazırda 20-dən çox üzvü var. Şuranın sədri universitetin Elmi Şurası və rektorluğun iclaslarında iştirak haqqına malikdir, həmçinin universitetdə keçirilən tədbirlər, tələbələrin dərs prosesi, imtahan prosesində iştirak etmək və universitetə aid digər məsələlərlə bağlı məlumatların Şura üzvlərinə çatdırılması, vəzifəsini icra edir.