Ənənəvi təhsillə onlayn-təhsilin birləşdirilməsi başlıca tələb olacaq


Dünyanın 15 iri şirkəti mühəndis, auditor, risk menecerlər, blokçeyn üzrə mütəxəssislər və marketoloqları işə götürərkən diplom tələb etmir. ABŞ-ın ən populyar iş axtarışı saytı olan “Glassdoor”un məlumatına görə, “Google”, IBM, EY, “Apple” və “Bank of Amerika” kimi böyük korporasiyalara işə düzəlmək üçün ali təhsilin başa vurulmasını təsdiqləyən hər hansı sənədə ehtiyac yoxdur. Nüfuzlu universitetlərdə təhsil almaq üçün onlayn-kurslar yetərlidir. Laboratoriya işlərini xüsusi VR-eynəklər vasitəsilə də həyata keçirmək olar. Peşələrə yiyələnmək üçün isə əlavə olunmuş reallıq mövcuddur. Şagird, yaxud tələbənin psixoloji xüsusiyyətləri və maraqlarına uyğunlaşdırılmış fərdi təhsil günümüzün gerçəkliyidir. Təhsil artıq abstrakt biliklər deyil, qabiliyyət və bacarıq əldə etmək üçün vasitədir.

 

Təhsil bazarı

 

“Savad almaq bir nəfərin digəri üzərində üstünlüyü deyil, hər kəsin haqqı olmalıdır”. 6 il bundan əvvəl “Coursera” onlayn-təhsil sistemini yaradarkən Dafna Koller və Endryu İn bu şüarı əsas tuturdular. Bu kurslar təhsildə “təhsil optimizmi” adını almış ab-havanın formalaşmasına təkan verdi və dünyanı inandırmağa müvəffəq oldu ki, istənilən ölkədə oturub onlayn-kurslar vasitəsilə Stenford, Priston, Kolumbiya kimi nüfuzlu universitetlərdə təhsil almaq mümkündür.

 

Tək birinci il “Coursera” kurslarına yazılanların sayı 2 milyonu ötdü. 2017-ci ildə “Coursera”dan 24 milyon nəfər istifadə edirdisə, bu il müraciət edənlərin sayında azalma müşahidə olunur. Tendensiyanın əsas səbəbi kimi kurslara yazılma prosedurunun çox sadə olması və nəzarət mexanizminin faktiki yoxluğu göstərilir. Bununla belə, “Massive Open Online Courses” əsas məqsədinə nail ola bilib: tələbələr, ali məktəblər, işəgötürənlər, sərmayəçilər və iş adamlarının “eLearning”ə marağı artıb. “Ambient Insight”ın proqnozlarına görə, yaxın 5 ildə onlayn-özünütəhsil alanların sayında azalma müşahidə olunacaq. 2016-cı ildə bu sahədə bazarın dövriyyəsi 47 milyard dollar təşkil edirdi ki, qarşıdakı illərdə təqribən 6,4%-lik enmə müşahidə olunacaq. Bununla belə, ümumən onlayn-təhsil bazarının digər seqmentlər hesabına ildə 5% böyüməsi gözlənilir.

 

“EdTechXGlobal” və “Global Market Insights”ın məlumatına görə, 2016-cı ildə onlayn-təhsilin ümumi dövriyyəsi 165 milyard dollar olub. 2020-ci ildə bu rəqəmin 252 milyard dollara çatacağı gözlənilir. Ancaq bu da son hədd deyil, çünki hazırda dünyada təhsil bazarının ümumi həcmi təqribən 4-5 trilyon dollardır.

 

Dünya təhsil bazarında ən böyük perspektivə məktəbəqədər və məktəb təhsili, korporativ təhsil, repetitorluq, xarici dil kursları malikdir. “Ambient Insight”ın 2016-cı ilə olan statistikasına görə, gələcəkdə oyun mexanikası və real proseslərin təqlidi sahəsində çalışan şirkətlərin gəlirləri daha çox artacaq. Onlayn-təhsil isə yeni modellər üzərində eksperimentlər edəcək: ödənişli diplom və sertifikatların verilməsi, pullu kursların və korporativ təhsil mərkəzlərinin yaradılması.

 

Rəqəmsal gələcək reallıqdır

 

“CB Insights” analitik şirkətində hesab edirlər ki, təhsilin gələcəyini formalaşdıracaq istiqamətlərdən biri yeni nəsil məktəblər olacaq. Bu sahədə bir neçə layihə fərqləndirilir ki, onların reallaşması ilə ümumilikdə 278 milyon dollarlıq vençur maliyyəsini əldə edə bilmiş 5 şirkət məşğuldur. Layihələrdən biri “AltSchool”dur. Bu məktəbdə əvvəl şagirdin intellektual və emosional portreti formalaşdırılır, sonra ona bu göstəricilərə uyğun tam fərdi proqram tərtib edilir. Şagird məktəbdəki vaxtının böyük qismini planşetlə və qulaqcıqlarda keçirir, bina divarlarına yerləşdirilmiş xüsusi kamera və səsqəbuledici qurğular vasitəsilə “izlənilir”. Uşağın istifadə etdiyi hər bir söz, hər bir cümlə bu texnoloji yeniliklər vasitəsilə analiz edilir. Bütün məktəb proqramı yeni texnologiyalar vasitəsilə keçilir, hətta misal üçün, “İlliada”nın öyrənilməsində belə şagird poemada cərəyan edənləri sərbəst şəkildə vizuallaşdırmağı bacarmalıdır. Mark Sukerberq məktəb-layihəyə 170 milyon dollar vəsait ayırıb. Ancaq ötən il layihənin sahibi Maks Ventilya bəyan edib ki, model çox baha alındığından əlavə yatırımlar edilməyəcək, 9 filialdan biri bağlanacaq.

 

“Bridge International Academies” adlanan daha bir uğurlu layihə Keniya və  Afrikanın bir neçə ölkəsində fəaliyyət göstərən özəl oflayn ibtidai məktəblər şəbəkəsindən ibarətdir. Bu məktəb günə 2 dollardan az qazancı olan valideynlərin uşaqları üçün nəzərdə tutulub (Keniyada orta günlük gəlir 3,8 dollardır). Bu şəbəkədən olan məktəblərdə aylıq təhsil 4-7 dollara başa gəlir. Məktəblərin binalarının layihələrindən tutmuş tədris proqramınadək nə varsa, hamısı maksimal şəkildə standartlaşdırılıb. Dərslərin ssenarisi Kembricdə hazırlanıb. Hazırda “Bridge International Academies” şəbəkəsində 500-dək məktəb var.

 

Coğrafi baxımdan bizə yaxın olan ölkələrdən Rusiyada da belə layihə fəaliyyət göstərir. 2014-cü ildə yaradılmış “Foksford” özündə onlayn-məktəb təhsilini əks etdirir. “Foksford” onlayn-təhsil vasitəsilə 3-cü sinif şagirdlərinə ölkənin ən tanınmış müəllim, dərslik müəllifləri və olimpiya komandalarının məşqçiləri ilə məktəbdənkənar rejimdə məktəb proqramı üzrə hazırlıq təklif edir. Bundan başqa, layihə tam onlayn-internat məktəb modeli də təklif edir ki, hazırda burada 400 uşaq təhsil alır. Tədris proqramı tam olaraq onlayn rejimdə keçir və sonda şagird attestatla təmin olunur.

 

Dünyada peşə təhsili sahəsində “eLearning” nümunələri çox azdır, ancaq hər halda var. Məsələn, Avstraliyanın “SkilledUp” şirkəti tikinti və daşınmaz əmlak mütəxəssislərinə onlayn-təhsil təklif edir. Bu kursları fərqləndirən cəhət odur ki,  tədris prosesi onlayn rejimlə yanaşı, real formatda da keçirilə bilər. “SkilledUp”ın verdiyi diplom və sertifikatlar Avstraliyada istənilən şirkət və dövlət strukturunda, habelə digər təhsil ocaqlarında qəbul olunur.

 

Təbii ki, əgər söhbət peşə təhsilindən gedirsə, onda tam onlayn formatdan danışmaq hələlik tezdir. Çünki tələbə aldığı nəzəri biliklərlə yanaşı, özünü praktiki tərəfdən də göstərə bilməlidir. Ancaq mütəxəssislər əmindirlər ki, bu problemi tezliklə əlavə edilmiş reallıq vasitəsilə aradan qaldırmaq mümkün olacaq.

 

Ekspertlər əmindirlər ki, yaxın gələcəkdə ali təhsil də tranformasiyaya uğrayacaq. Hazırkı ali təhsilin ən böyük qüsuru ondan ibarətdir ki, tələbəyə praktiki biliklər vermir. Nəticədə təhsilini başa vuran tələbə işləyəcəyi yerə birbaşa və dərhal fayda gətirmir. Bu isə əlavə təhsil anlayışının yayılması və inkişafına səbəb olur. Universitet bir baza kimi lazımdır, ancaq hər bir məzun üçün daha konkret ixtisaslaşma gərəkdir ki, bunu ali məktəblər indiki formatda təmin edə bilmirlər.

 

Boşluğu digital-marketing, proqramlaşdırma və “data sciense” ilə doldurmaq lazım gəlir. ABŞ-da 20 milyon tələbənin təqribən üçdə biri onlayn təhsil alır. Tam, yaxud qismən. Pensilvaniya, Boston, İndiana universitetlərində tam onlayn-kurslar mövcuddur. Amerika ali məktəblərinin 80%-i, məsələn, Yel və Cənubi Kaliforniya universitetləri özlərinin onlayn-təhsil sistemlərinin servis xidmətlərini kənar şirkətlərə həvalə edirlər.

 

Ənənələrin rəqəmsallaşması

 

2002-ci ildən yayımlanan “The New Media Centers”in (NMC) 2017-ci ilə dair hesabatının ali məktəblər hissəsində gələcəyin trendlərindən biri kimi onlayn-təhsilə geniş yer ayrılıb. Hesabatda ümumən 10 trend əksini tapır ki, gələcəkdə təhsil prosesində mühüm rol oynayacaq. Mərkəz ekspertlərinin fikrincə, hazırda rəqəmsallaşan təhsilin ən nəzərəçarpan çatışmazlığı dünyanın demək olar ki, hər yerində hər kəsin internetə çıxışının olmamasıdır. Beynəlxalq elektrik rabitəsi İttifaqının hesablamalarına görə, hazırda dünya əhalisinin 47,9%-i internetdən istifadə edir. İnkişaf etmiş ölkələrdə bu göstərici 81%, inkişafda olan ölkələrdə 41%, az inkişafda olan dövlətlərdə isə 15%-dir. Daha bir mühüm məqam internetin sürətidir. Məsələn, dünyanın ən böyük ölkəsi olan Rusiyada internetdən istifadə edənlərin yalnız 12%-i yüksək sürətdən yararlana bilir. Müqayisə üçün qeyd edək ki, Rusiyanın başlıca siyasi və iqtisadi rəqibi olan ABŞ-da bu göstərici iki dəfə böyükdür. Afrika, Asiya-Sakit Okean, Cənubi Amerika və Ərəb ölkələrində vəziyyət daha da bərbaddır.

 

NMC-nin ekspertləri hesab edirlər ki, insanın özünü rəqəmsal dünyada azad hiss etməsi üçün tək texnologiyalardan istifadə etməsi yetərli deyil. İnsan tarix boyu indi olduğu kimi heç vaxt rəqəmsal texnologiyaların bu qədər təsirinə məruz qalmayıb. Bu yeniliyin cəmiyyətimizdəki izləri olduqca qabarıqdır və bu səbəbdən də rəqəmsal texnologiyalar insan fəaliyyətinin əsas təkanverici amillərindən birinə çevrilib. Ancaq mütəxəssislər hesab edir ki, yeni texnologiyalardan istifadə etməklə iş bitmir, insan anlaya bilməlidir ki, onlar vasitəsilə peşəkar qabiliyyətini artıra, təhsil səviyyəsini yüksəldə, bir sözlə, həyatını dəyişə bilər. Məhz bu səbəbdən təhsilin əsas məqsədi sistemi rəqəmsal reallığa və gələcəyə adaptasiya etmək olmalıdır. Yeni nəsli sürətlə dəyişən rəqəmsal texnologiyalar epoxasına hazırlamaq, o cümlədən öz daxilindən də həmin dəyişikliklərə uyğun olaraq müasirləşmək modern təhsilin əsas trendi hesab edilir.

 

Onlayn-təhsil hazırda təhsil sahəsində edilmiş ən böyük kəşflərdən biri sayılır. Universitetlər ənənəvi sistemlə tələbə uğrunda mübarizə aparırlarsa, təhsil platformalarının dinləyiciləri milyonlarladır. “Class Central”ın 2016-cı ilə olan araşdırmalarının nəticələrindən görünür ki, iki il bundan əvvəl dünyanın 700-dək universiteti onlayn-platformalarda 6850 kursla təmsil olunublar və bu yolla 58 milyon tələbəyə təhsil veriblər. “College Data” saytının məlumatına görə, orta hesabla hər bir universitetin 5-20 min onlayn tələbəsi var. “Coursera” kurslarının dinləyicilərinin sayı 23 milyon, “EdX”-nin 10 milyon, “XuetangX”-nin 6 milyon, FutureLearn” kurslarının tələbələrinin sayı isə 5,3 milyon nəfərdir.

 

Ənənəvi ali məktəblərin “Massive Open Online Courses”lə rəqabət aparmaları perspektivsiz görünür. Onlayn-təhsilin üstünlükləri həddindən artıq çoxdur. Bu kurslarda tələbə istənilən fənni istədiyi kimi, dünyanın istənilən nöqtəsindən daha az maliyyə xərcləri ilə öyrənmək üçün əla fürsətə malikdir. Eyni zamanda, “Massive Open Online Courses” dinləyicisinə öz inkişaf prosesinə nəzarət imkanı və azadlıq hissi verir ki, bu amilləri qarşıya qoyulmuş məqsədə nail olmaq yolunda başlıca motivasiya mənbəyi hesab edirlər. Bu səbəbdəndir ki, dünyanın bir sıra yerlərində ali məktəblərdə təhsilin qarışıq sistemlə tələbəyə çatdırılması proqramlarına start verilib. Məsələn, Lozanna Federal Politexnik Məktəbi fransızdilli platforma vasitəsilə əsasən fransız dilində danışan Afrika ölkələrinə onlayn-təhsil təklif edir. İspandilli “MiriadaX” portalı bu təkliflə Latın Amerikası bazarına çıxır. Əgər müasir təhsildən danışırıqsa, qəbul etməliyik ki, ənənəvi təhsillə onlayn-təhsilin birləşdirilməsi gələcəyin başlıca tələbi olacaq. Hər bir orta və ali məktəb, ümumilikdə bütün təhsil sistemi bu tələbə cavab verməyə hazır olmalıdır.

 

Rüstəm QARAXANLI

Bölmənin digər xəbərləri