Nuriyyə Məmmədova: “Müəllim üçün ən önəmli olan şagirdlərin etibarını qazanmaqdır”


Nuriyyə Məmmədova 1988-ci ildə Ağdam rayonunda anadan olub. 1993-cü ildə erməni silahlı birləşmələrinin təcavüzü nəticəsində ailəsi doğma ev-eşiyindən didərgin düşərək  Bakı şəhərinə köçməyə məcbur olub. 1995-ci ildə Nərimanov rayon 193 nömrəli məktəbdə təhsil almağa başlayıb. 2006-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Univesitetinin filologiya fakültəsinə daxil olub və Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. Təhsil Nazirliyi tərəfindən 2018-2019-cu tədris ilində müəllimlərin işə qəbulu üzrə vakant yerlərə keçirilən imtahanlarda yüksək nəticə göstərərək, Sabirabad şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi  təyin olunub.

 

- Müəllim olmağı əvvəldən istəmisiniz? Yoxsa sonradan  qərara  gəldiniz?

- Mənim müəllimlik peşəsinə sevgim hələ beşinci sinifdən yaranıb. V sinifdə oxuyanda  məktəbimizə yeni müəllim gəlmişdi, onun bizə olan sevgisi, qayğısı, özünəməxsus dəst-xətti bu peşəni gözümdə çox yüksəklərə qaldırdı. Elə həmin vaxtdan da düşündüm ki, mən də müəllim olacağam.

 

- Bir çox müəllimlər öz yaşadıqları əraziyə yaxın məktəblərdə çalışmağa üstünlük verirlər. Siz isə  uzaqda işləməyə üstünlük veribsiniz. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?

- Müəllimlərin işə qəbul imtahanı  mənim üçün əla fürsət  idi.  2018-ci ildə müsabiqədə iştirak etdim. Yüksək nəticə toplamağıma baxmayaraq, rayonda işləməyi  seçdim.

 

Rayon məktəblərində işləmək də mənim çoxdankı istəyim olub. Uzaq olmağımla bağlı heç bir problem yaşamıram. Bura  gələndən kollektivdə və rayonda çox mehriban və isti münasibət görmüşəm. Ona görə də heç özümü qonaq kimi də hiss etmirəm. Şagirdlərin utancaq və ünsiyyətcil olmamalarını başlıca problem görürəm. Paralel olaraq dərs zamanı çalışıram ədəbi dildə danışsınlar, dialekt və ləhcələrdən istifadə etməsinlər.

 

Həmişə düşünürəm ki, rayonlarda  gənc müəllimlərə daha çox ehtiyac var. Hər kəsə məlumdur ki, gənc müəllimlər daha çox yenilikçi və yaradıcı olurlar. Müasir dövrdə isə şagirdlərin fənnə maraqlarını artırmaq və keyfiyyət əldə etmək üçün də yenilik mühüm amildir.

 

- Sizcə, yenilikçi, müasir müəllim necə olmalıdır?

- Bu suallara kiçik misallar göstərsəm, mövcud mənzərə daha yaxşı canlanar. Müasir dövrdə bütün sahələr elektronlaşır, hətta bəzi sahələrdə süni intellektdən də istifadə olunur. Şagirdlər evdə telefonla, kompüterlə oynayır, yaxud digər məqsədlər üçün istifadə edirlər. Gəlin etiraf edək ki, sinifdə lövhədə yazı və kitablar artıq onlar üçün elə də maraqlı görünmür. Bu səbəbdən biz  dərsləri onlara maraqlı olan tərəfdən tədris etməliyik. Bunun üçün  mütləq bizim kompüter bilikləri və internetdən düzgün istifadə etmək bacarıqlarımız olmalıdır. Yaşlı nəslin əksər hissəsi,  ümumiyyətlə, kompüterdən istifadə edə bilmir, ya da bacarıqları yetərli deyil. Hər hansı bir dərs üçün bir videoçarx nümayiş etdirmək, həmin dərsin şagirdlərin yaddaşlarında daha yaxşı qalmasına və dərsin maraqlı olmasına kömək edəcək.

 

- Peşə fəaliyyətinə yenicə başlamısınız. Siz özünüzü şagirdlərə sevdirməyi bacarırsınızmı?

- Şagirdlərim məni çox sevir, elə peşəmə sevgim də onların sayəsində  artır. Onların həm müəllimiyəm, həm də dostuyam. Onları daim diqqətdə saxlayıram, hansı şagirdimdə narahatlıq görsəm, onunla söhbət edirəm, probleminin nə olduğunu öyrənib, ona kömək etməyə çalışıram.

 

- Şagirdlərin ünsiyyət probleminin öhdəsindən necə gəlirsiniz?

- Maraqlı  sualdır. Bunun çox sadə həlli var. Elə məktəbin  tədbirlərində ünsiyyət problemi olan uşaqların cəlb edilməsi getdikcə onlarda özünəgüvən formalaşdırır və  bu problemin bir qismi öz həllini tapır. Təbii ki, dərs prosesində də müəllim şagirdləri diqqətdə saxlamalı və bütün şagirdlərin dərsdə  fəal  iştirakına çalışmalıdır. Amma tədbirlərin keçirilməsi xüsusi ilə şagirdlər üçün çox vacibdir. Tədbirlərdə şagirdlər  kütlə qarşısında çıxış, özünü ifadə etməyi öyrənir. Hazırda nitq probleminin çox aktual məsələ olduğunu nəzərə alaraq digər müəllimlərə  tövsiyə edirəm ki, tədbirlərin keçirilməsinə  daha çox  yanaşsınlar.

 

- Necə düşünürsüz, şagirdlərinizlə ideal şagird-müəllim münasibəti qura bilmisinizmi?

- Ümumiyyətlə, ideal münasibət yoxdur. Bütün münasibətlərdə müəyyən qədər çatışmayan cəhətlər olur. Hər halda mən çalışıram ki, bu münasibətlər son dərəcə yaxşı və səmimi bir atmosferdə qurulsun. Mənə elə gəlir ki, müəyyən qədər buna nail olmuşam. Əgər şagirdlərim məni sayırlarsa, problemləri olduqda mənə müraciət edirlərsə, bu, o deməkdir ki, mən onların etimadını və etibarını qazanmışam. Müəllim üçün də ən önəmli olan şagirdlərin etibarını və etimadını qazanmaqdır.

 

- Gələcək üçün qarşınıza hansı məqsədlər qoymusunuz, hansı planlarınız var?

- Əsas məqsədlərimdən biri budur ki, şagirdlərim olimpiadalarda yüksək nəticə göstərsinlər. Doğrudur, bunun üçün bir neçə il zaman lazımdır. Sevindirici haldır ki, artıq ölkəmizdə müəllimin nüfuzu günbəgün yüksəlməkdə davam edir. Bu da, öz növbəsində, müəllim peşəsinə marağın yüksəlməsinə və rəqabətin artmasına səbəb olub.

 

- Müəllim olmaq istəyənlərə tövsiyəniz nədir?

- Qarşıya qoyulan hər bir məqsədə çatmaq olur. Yetər ki, can-başla çalışmaq lazımdır. Bir də heç kim alim doğulmur. Hər kəs  oxuyub öyrənir. Sadəcə daha səylə çalışmaq və yeni uğurlara imza atmaq lazımdır.

 

Bunun üçün müəllim də işlədiyi pedaqoji kollektivdə hər şeydən əvvəl yenilikçi olmalıdır.

 

Xalid NƏCİYEV,

Sabirabad Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi