SDU-da Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il qeyd edilib


Dekabrın 28-də Sumqayıt Dövlət Universitetində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il  münasibətilə tədbir keçirilib.

 

Universitetin rektoru, professor Elxan Hüseynov tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il  münasibətilə təbrik edib,  ən xoş arzularını çatdırıb, bu əlamətdar günün əhəmiyyətindən, dünya azərbaycanlılarının birlik və həmrəyliyindən bəhs edib. Bildirib  ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Rektor bu tarixi günün qeyd olunmasında xüsusi rolu olan ümummilli lider Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsindən və  bununla bağlı uğurlu dövlət siyasətindən danışıb. Diqqətə çatdırıb ki, ümummilli lider  dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Rektor onu da qeyd edib ki, yola salmağa hazırlaşdığımız  2018-ci il xalqımızın həyatında bir sıra hadisələrlə yadda qalacaq. Bu il xalqımızın tarixində şərəfli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub, Prezident cənab İlham Əliyevin fəaliyyəti nəticəsində bütün sahələrdə davamlı tərəqqi təmin edilib.

 

Sumqayıt Dövlət Universitetində 2018-ci  ildə görülən işlərdən və əldə olunan nailiyyətlərdən söz açan rektor ali məktəbin tələbələrinin iştirak etdikləri beynəlxalq konfrans, intellektual oyun və digər yarışmalarda fərqləndiklərini, uğur qazandıqlarını vurğulayıb. 2019-cu ilin daha uğurlu olacağına ümidvar olduğunu bildirən rektor bir daha kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edib.

 

Tədbir universitetin “Səma”  rəqs  ansanblının, eləcə də tanınmış incəsənət xadimləri və müğənnilərin iştirakı ilə konsert proqramı ilə davam edib.