İmtahanlarda 3417 bakalavr və 120 magistrant iştirak edəcək


Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, Lənkəran  Dövlət Universitetində (LDU)  2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına bu gün start verilib. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetin tədris korpuslarına baş çəkib və imtahanların gedişini  izləyib.

 

Qeyd edək ki, universitet rəsmisi  imtahan başlamazdan öncə dekanlar, koordinator-müəllim, rəhbər koordinatorlar və imtahanların gedişinə məsul digər  şəxslərlə  görüş keçirib. Görüş iştirakçılarını yeni təqvim ili  münasibəti ilə təbrik edən professor Natiq İbrahimov payız semestrinin imtahan sessiyasına hazırlığın son vəziyyətini müzakirə edib, bununla bağlı  məsul şəxslərin hesabatlarını dinləyib. Natiq İbrahimov bu semestrdə də  imtahanların şəffaf keçiriləcəyinə, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunacağına əminliyini ifadə edib..

 

3417 bakalavr və 120 magistrantın iştirak edəcəyi imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb, əlaqə telefonları  müəyyən edilib. Sessiyanın gedişi müddətində obyektivliyi  və şəffaflığı təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq məqsədi ilə   universitetin  tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün xüsusi qutular qoyulub. İmtahanların nəticələri barədə şikayətlərə vaxtında baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində apellyasiya komissiyaları yaradılıb.

 

Xatırladaq ki,  ki,  sessiya  dövründə universitetin  İctimai şurasının üzvləri də  imtahanlarıln gedişini əyani izləyəcəklər.