Universitetdə 130 nəfərdən ibarət İmtahan İdarəetmə Qrupu yaradılıb


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı əmr imzalanıb. Əmrə əsasən tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətlərin araşdırılması və düzgün qiymətləndirilməsini təmin etmək məqsədilə 9 nəfərdən ibarət Apelyasiya Komissiyası təşkil olunub. Eyni zamanda payız semestrinin imtahan sessiyasının obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə 8 nəfərdən ibarət İmtahan Qərargahı yaradılıb.

 

Qeyd edək ki, payız semеstrinin imtahan sessiyası   yanvarın 4-dən  fevralın 2-dək tərtib olunmuş cədvəl üzrə keçiriləcək. İmtahanlar ali təhsilin bakalavriat səviyyəsində I-III tədris ili tələbələri üçün yazılı formada, IV və əvvəlki illərdən olan tələbələr üçün isə spesifik fənlər istisna olmaqla, kompüter vasitəsilə test üsulu formasında, magistratura səviyyəsində isə yazılı şəkildə  keçiriləcək. Payız semestrinin imtahanları Tədris  Departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən idarə olunur.  Semestr imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə Tədris  Departamentinin ümumi təşkilatçılığı və koordinatorluğu ilə universitet üzrə 30 nəfər imtahan təşkilatçısı, o cümlədən 100-dək nəzarətçidən ibarət İmtahan İdarəetmə Qrupu yaradılıb. İmtahanların təşkili və imtahanlarla əlaqəli bütün funksiyaların icra edilməsi bu qrupa həvalə edilib. Şəffaflığın və obyektivliyin təmin edilməsi üçün rektora və prorektorlara e-poçtla birbaşa müraciət etmək, qəbula yazılmaq, İctimai Şuraya müraciət etmək,  qaynarxətt@adpu.edu.az və ADPU-nun rəsmi facebook səhifəsindən inboksa yazmaq, Tələbə Gənclər Təşkilatının xətti ilə tələbələrin rəylərinin öyrənilməsi, İmtahan Qərargahına və Apelyasiya Komissiyasına müraciət etmək imkanları təmin ediləcək, dekanlıqlarda tələbələrin qəbulları təşkil olunacaq.

 

Bunlarla yanaşı, imtahanlara buraxılma, imtahanların təşkili, keçirilməsi qaydaları, imtahan nəzarətçilərinin vəzifələri, hüquqları və tələbələrin imtahanın gedişində hansı hərəkətlərə yol verməmələri barədə elanlar vurulub. Apelyasiya Komissiyasının və İmtahan Qərargahının əlaqə telefonları bütün tələbələrə elan edilib, universitetin saytında və facebook səhifəsində yerləşdirilib. İmtahan Qərargahına daxil olan hər bir şikayətin qısa müddətdə çevik araşdırılıb təmin edilməsi, imtahanların təşkilində və gedişində mənfi hallara yol vermiş şəxslər barədə universitetin rəhbərliyinə mütəmadi məlumat verilməsi tapşırılıb. İmtahan sessiyasının çevikliyini təmin etmək məqsədilə fakültələr üzrə imtahan nəzarətçiləri təyin edilib.

 

Yazılı imtahanların yoxlanılması üçün xüsusi otaqlar ayrılıb. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə imtahanların nəticələri ADPU-nun İnternet saytına yerləşdirilir. İmtahandan aldığı qiymətlə razılaşmayan tələbələr Apelyasiya Komissiyasına, imtahanın gedişindən narazı qalan tələbələr isə İmtahan Qərargahına müraciət edə bilərlər. Eyni zamanda valideynlərlə əlaqələrin yaradılmasına, təhsil ekspertlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin ADPU-da olaraq imtahan prosesini izləmələrinə də xüsusi diqqət yetirilir ki, bu da ictimaiyyətdə imtahanların gedişi barədə dolğun təsəvvürün  formalaşdırılmasına xidmət edir.

 

ADPU-nun  filialları və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq Tədris  Departamentinə və rektorluğa məlumat verirlər.

 

ADPU-nun rəhbərliyi auditoriyalarda olaraq imtahan prosesini müşahidə edir, imtahanların aşkarlıq şəraitində, ədalətli, şəffaf və obyektiv keçirilməsi üçün  tapşırıq və tövsiyələrini verir.