Bu mövzuda təsviri və tətbiqi incəsənət müsabiqəsi keçirilir


“Şəhər incəsənəti” layihəsinin yaradıcı heyəti Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası, Azərbaycan Memarlıq və İncəsənət İnstitutu, Qobustan Milli Tarix-Bədii Qoruğu, Xəzər Universiteti, Mirzə Ələkbər Sabir Fondu və Azərbaycan Arxeoloqlar Cəmiyyəti İctimai Birliyinin tərəfdaşlığı və dəstəyi ilə ölkəmiqyaslı təsviri və tətbiqi incəsənət layihəsinə start verib. Layihənin ilk addımı olaraq “Şəhər incəsənəti. Azərbaycan” (City Art Azerbaijan) layihəsinin yaradıcı heyətinin təşkilatçılığı ilə “Qədim şəhərin müasir çaları ol!” adlı təsviri və tətbiqi incəsənət müsabiqəsinin keçirilməsi qərara alınıb.

 

Yaradıcılıq  müsabiqəsi, sərgi,  təlim-treninqlər, əyani iş yaradılması və nümayişi formatında baş tutacaq layihənin ideyası müasir şəhər incəsənəti trendlərinin və dəbinin gənclər arasında geniş təbliğinə yönəlib. Həmçinin Bakının şəhər incəsənətinin, xalqımızın tarixini ölkə daxilində və xaricində təbliğinə xidmət edir.

 

Layihə Azərbaycanın digər şəhərlərində incəsənətin inkişafının dəstəklənməsini ehtiva edir. Gənclərin yaşadıqları şəhərlərin gözəlləşdirilməsinə dair mütərəqqi ideyalarının təşviqi və gələcəkdə tətbiqini, “Şəhər incəsənəti” ideyasının və anlayışının gənclər arasında təbliği və genişləndirilməsini nəzərdə tutur. Bu peşəkarlar, xüsusən də yaradıcı gənclər arasında sərbəst texnika ilə incəsənət üzrə müsabiqə, incəsənət və onunla bağlı aktuallıq kəsb edən sahələr üzrə təlimlər, sonda müsabiqə qaliblərinin tariximizin özünəməxsusluğunu təcəssüm etdirən yaradıcı əyani işi şəklində həyata keçiriləcək. Layihənin müvafiq incəsənət sahələri üzrə münsiflər heyəti tərəfindən seçilən qaliblərinin mükafatlandırılması, onlara diplom və sertifikatların verilməsi, müsabiqənin nəticəsində qaliblər üçün peşəkar təlimlərin və ustad dərslərinin  keçirilməsi, üçüncü mərhələdə onların vətənimizin tarixi keçmişi ilə bağlı yaradıcı əyani işinin  təqdimatının təşkili  nəzərdə tutulur. Layihə çərçivəsində müxtəlif səpkidə sərgilərin keçirilməsi, akademik ekskursiyaların təşkili iştirakçıların fəaliyyətini təbliğ etmək və yeni elmi bilikləri yaradıcı auditoriyaya aşılamaq məqsədi daşıyır.

 

Tariximizi yeni nəslə, yeni çalarlarla aşılamaq həvəsində olan hər kəs müsabiqənin iştirakçısı ola bilər. Bu zaman həmin iştirakçı istənilən texnikadan (rəngkarlıq, qrafika, heykəltəraşlıq, tətbiqi sənət, qrafiti, konseptual, foto, video art, “art performans” “installation art” və s.) istifadə etməklə öz ideyasını gerçəkləşdirə bilər.

 

Dörd mərhələli layihənin yekunu olaraq qalib iş şəhərin bir guşəsində nümayiş olunacaq. İlk mərhələni keçən iştirakçılara hədiyyə və sertifikatlar, layihənin qalibinə isə xüsusi mükafat, diplom və əsərinin ictimaiyyətə təqdim olunması şansı veriləcək.

 

İşlərin qəbulu üçün son tarix 2019-ci il martın 11-i, bazar ertəsi saat 17:00-a kimidir. 

 

İşləri təhvil verərkən müraciət blankına ad, soyad, təvəllüd, işin adı, ölçüsü, texnikası və konsepsiyası qeyd olunmalıdır. Müraciət blankının doldurulması tələb olunur. Hər iştirakçı yalnız bir iş təqdim etməlidir. Blank http://bit.ly/cityart ünvandan və ya təhvil verdiyiniz şəxsdən əldə oluna bilər.

 

Hazırlanan işlər həftə içi saat 11:00-dan 17:00-dək aşağıdakı ünvana təhvil verilə bilər: Azərbaycan, Bakı, Məhsəti küçəsi 41 (Xəzər Universitetinin Neftçilər korpusu), Azərbaycan, Bakı, H.Cavid pr., 115 (AMEA Memarlıq və İncəsənət İnstitutu,IV mərtəbə), cityart.azerbaijan@gmail.com, https://www.facebook.com/cityartbaku/, instagram: cityart.azerbaijan, Mobil nömrəsi: +994 (55) 454 04 75 (Səidə Musayeva) +994(55) 739 88 76 (Pərvanə Əliyeva).