Valideynlər imtahanların təşkili və gedişindən razı qalıblar


Azərbaycan Dillər Universitetində (ADU) təhsil alan tələbələrin valideynlərinin bir qrupu  imtahan sessiyasının gedişini müşahidə edib. Beynəlxalq münasibətlər və idarəetmə fakültəsini dekanı, dosent İbrahim Kazımbəyli valideynlərə imtahan prosesi barədə ətraflı məlumat verdikdən sonra onları universitetlə tanış edib.

 

İmtahanları izləyən valideynlər prosesin təşkili və gedişatından razı qalıbl, imtahan prosesində obyektivlik və şəffaflığın tam təmin olunmasında rəhbərliyin gördüyü tədbirləri yüksək qiymətləndiriblər.

 

Qeyd edək ki, 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb. Əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsi, sessiya dövründə  fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakını, valideynlərin imtahan sessiyasını müşahidə etməsini təmin etmək kimi məsələlər də nəzərdə tutulub.

 

İmtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir.