İmtahan sessiyasında 8519 tələbə iştirak edir


Yanvarın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) qış imtahan sessiyasının gedişi ilə tanış olmaq  üçün mediatur təşkil edilib. Mediaturda universitetin İctimai Şurasının üzvləri, valideynlər və media təmsilçiləri iştirak edib.

 

Tur iştirakçıları universitetin  bir neçə auditoriyasında  imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər.

        

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov imtahanların təşkili ilə bağlı bir sıra işlərin görüldüyünü diqqətə çatdıraraq universitetdə imtahanların həm test üsulu ilə, həm də yazılı formada keçirildiyini qeyd edib. Bildirilib ki, ali təhsil müəssisəsində əvvəllər yalnız Xüsusi texnika və texnologiya fakültəsinin, SABAH qruplarının tələbələri və magistrlər yazılı imtahan verirdi. Hazırda  isə I, II və III kursda oxuyan bütün tələbələrdən də imtahanlar yazılı şəkildə götürülür .X.Yahudov qeyd edib ki, ali təhsil müəssisəsində tədris prosesi və imtahanların təşkili üzrə bütün məsələlər  "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür. Bu zaman istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır.  Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb. Belə ki,  yazılar şifrələnir, sonra yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda isə istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin Elektron Portalında yerləşdirilir.

        

Xalıq Yahudov daha sonra universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyasının təşkil olunduğunu da diqqətə çatdırıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait yaradıldığını söyləyib. Bildirilib ki, adıçəkilən komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir.

        

Rektor əvəzi Xalıq Yahudov İctimai Şura üzvlərinə və KİV nümayəndələrinə universitetdə imtahan prosesinin müşahidə olunması üçün hər həftə sonu valideynlərin iştirakının da təmin edildiyini, imtahan sessiyası dövründə hər həftənin şənbə günləri "Açıq qapı" keçirildiyini deyərək şikayət və təklifləri olan valideyn və tələbələrin  sərbəst müraciət etmək imkanına malik olduqlarını qeyd edib.

        

Sonda universitetin Heydər Əliyev Mərkəzində ali təhsil müəssisəsinin  rəhbərliyinin,  təhsil ekspertlərinin, media nümayəndələrinin  və valideynlərin iştirakı ilə  imtahan prosesinin gedişi ilə bağlı müzakirə keçirilib, iştirakçılar öz fikirlərini bölüşüblər.  Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını,  tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edildiyini bildiriblər.

        

Məlumat üçün bildirək ki, AzTU-da qış imtahan sessiyasasında 8519 tələbə iştirak edir. İmtahanların keçirilməsində şəffaflığın təmin olunması üçün universitetin tədris-köməkçi heyətindən təşkil olunmuş 105 nəzarətçi kordinator sessiyaya səfərbər edilib.

 

Samirə KƏRİMOVA