Səfər iki ali məktəb arasında bağlanmış müqavilə çərçivəsində baş tutub


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bir qrup müəllimi bu gün Lənkəran Dövlət Universitetində  (LDU)  2018-2019-cu tədris ilinin  payız semestrinin  imtahan sessiyasının gedişini  izləyiblər. Tədbir Azərbaycan Dövlət  Pedaqoji Universiteti (ADPU) ilə LDU  arasında  2016-cı ildə imzalanmış müqavilənin  şərtlərinə əsasən keçirilib. Belə ki, Lənkəran Dövlət Universitetində “Kimya və biologiya müəllimliyi”,”İbtidai sinif müəllimliyi” ixtisasları üzrə keçirilən aralıq və yekun attestasiyalarda (imtahanlarda)  ADPU-nun professor-müəllim heyətinin iştirakının LDU tərəfindən təmin olunması müqavilədə əsas öhdəliklərdən biri kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, qonaqlar imtahanlar başa çatdıqdan sonra  qiymətləndirmə prosesində də iştirak edəcək, tələbələrin bilik səviyyəsini dəyərləndirə biləcəklər.

 

ADPU təmsilçiləri  izləmə prosesindən sonra Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla  görüşüblər. Qonaqlar tələbələrin biliklərini nümayiş etdirmələri üçün yaradılan şəraitə, imtahanların şəffaf və obyektiv şəkildə keçirildiyini təmin etdiyinə görə LDU rəsmisinə razılıqlarını bildiriblər.

 

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru , professor Cəfər Cəfərov professor-müəllimlərdən ibarət nümayəndə heyəti ilə Lənkəran Dövlət Universitetində olub, tədris prosesinin müasir standartlara uyğun yenilənməsi istiqamətində aparılan çoxşaxəli işlərlə yerində tanışlıqdan sonra gördüklərindən razı qaldığını deyib.

 

Nəzrin XƏLİLOVA