Aybəniz Haşımova: “Tələbələrimə məhəbbəti Şövkət Ələkbərovadan öyrənmişəm”


Hərdən elə insanla rastlaşırsan ki, onun peşəkarlığını, sənətini bir yana qoyub, insan olaraq sevməkdən, dəyərli, əziz tutmaqdan zövq alırsan. İndi təsəvvür edin ki, qarşınızdakı yaxşı insan olduğu qədər həm də peşəkar sənətkardır, çoxunun sevimlisidir. Bu qədər keyfiyyətin bir adamda cəmlənməsi də yəqin ki, bir cür nemətdir...

 

Azərbaycan Respublikasnın Əməkdar artisti, Sənət Akademiyasının rəhbəri Aybəniz Haşımova “Məktəb illəri”ndə həmsöhbətimizdir.

 

Həsən kişinin qızı...

 

Az yaşından əməyə alışan biri olmuşam. Düzünü desəm oxumaq, dərs yox ha, ifaçı kimi oxumaq, heç yuxuma da girməzdi. Hərdən özüm üçün dodaqaltı oxuyurdum. Heç kim fikir verməzdi. Daha doğrusu, mən özüm də istəmirdim kimsə diqqət kəsilsin. Amma biləndə ki, yaxşı oxuyuram, istəyirdim kimsə səsimi eşitsin. Görən yox idi. Uşaq idim, bəzən buna pis də olurdum. Düşünürdüm axı bacarıram, niyə görüb mənə xoş söz deyən yoxdur? Evdə qaydalar sərt idi, həm də bir oxuyan var idi artıq. Düşünürdüm ki, yəqin buna görə mənə fikir verən yoxdur. Azərbaycanın Xalq artisti Şahnaz Haşımovanın bacısı olmaq bir az məsələni çətinləşdirirdi. Ona ayrıca məşq eləməsi üçün anamgil otaq da ayırmışdı. Mən yenə də gizli-gizli ona çox diqqətlə qulaq asardım. Eyni zamanda,  istəmirdim onun ifasın dinlədiyimi, sonra özümün də televiziyada görüb eşitdiyim mahnıları zümzümə etməyimi kimsə bilsin. Bilirdim ki, danlanacam. O üzdən oxumurdum. Balaca qız idim, Həsən kişinin qızı. İndi də beləyəm, kimsə məni bir az ucaldanda həmişə deyirəm ki, harada olursan ol, sən Həsən kişinin qızı, Aybənizisən.

 

Şahnaz xanımı müşayiət edirdim...

 

Dəqiq yadımda deyil nə ifa edirdi. Amma xatırlayıram ki, gözəl ifa idi. O qədər gözəl ki, o zamana qədər etmədiyim bir hərəkəti etdim. Bacım Şahnaz xanım məşq edən otaqda masanın altında gizləndim. Gözlədim ki, sona qədər oxusun. Bir dəfə otaqda olduğumu gördü. Diksinmişdi düzü, masanın altından səs eşitmişdi deyə. Sonra baxdım ki, özümdən bixəbər onu nağarada (taburetkada) astadan müşayiət edirəmmiş. Şahnaz xanım mənə o ritmi təkrar tutmağı tapşırdı. Sonra diqqətlə qulaq asdı, dedi ay qız, sənin əməlli musiqi duyumun var. Bundan sonra hər gün gəl məni müşayiət elə. İnanmazsınız necə sevinirdim. O an yadıma düşəndə indi də elə bilirəm həmin uşağam...

 

İnsanı təkcə ailəsi böyüdüb, tərbiyə etmir...

 

Bu çox vacib məsələdir ki, sən hansı mühitə düşəcəksən, orda həyat müəllimlərin kim olacaq. Tərbiyəçilərim gözəl insanlar olub. Həsən Həsənovla məni “Göyərçin” ansamblının rəhbəri Zaman Hüseynov tanış etmişdi. O, bütün uşaqlara öz övladı kimi qayğı göstərirdi. Uşaqlıq illərimin uğurlarını, sənət taleyimi bütün gənc müğənnilərə arzulayıram.

 

Özüm boyda “ağlayan gəlincik”...

 

Heç vaxt müğənni olmağı arzulamamışam. Amma oxumağı bacardığımı lap uşaqlıqdan bilirdim.  Bu, istedadımın fərqinə varıb, məni bu sənətdə görənlərin arzusu olub və nəticədə müğənni olmuşam. Bəs necə baş verib?

 

Gəncədə “Musa dayının qarajı” deyilən yer vardı, atam da orada işləyirdi. Bir gün dedilər ki, orada konsert olacaq. Atam ilə bərabər ora getmişdim. İdarənin klubunda piano var idi. Həmin pianonu görəndə başladım ifa etməyə. Evdə heç kim bilmirdi ki, mən pianoda ifa etməyi bacarıram. Mən pianoda ifa edəndə qarajın direktoru Musa Musayev içəri daxil oldu, ifamı eşitdi və mənə dedi, sən nə gözəl oxuyursan, ay qızım. Bu gün burada konsert olacaq. Xahiş edəcəyəm ki, sənə də bir mahnı oxutdursunlar. Mən bu xəbərə çox sevindim. Amma necə oxuyacağam, necə olacaq, bunu heç düşünmədim. Axşam oxumaq üçün səhnəyə çıxmağa hazırlaşanda ansamblın rəhbəri Zaman müəllim dedi ki, məşqsiz mən onu səhnəyə buraxa bilmərəm, biz onunla məşq etməliyik. Mən kişinin bu sözündən çox incidim. Çünki oxumağıma icazə vermədi. Mən də o konsertdə çıxış etməli olmadım. Ertəsi gün Zaman müəllim evimizə zəng elədi ki, ürəyimdə qaldı, səsini dinləmək istəyirəm. Anam dedi ki, yox, getmə, sənin nə işin var orda. Dedim, ay ana, qoy gedim, o da görsün ki, kimi səhnəyə buraxmayıb. Getdim, orada mənə dedilər ki, nə oxuyacaqsan? Dedim, Emin Sabitoğlunun “İnsaf da yaxşı şeydir” mahnısını. Təəccüblə üzümə baxdılar. Axı adətən uşaqlar uşaq mahnısı oxuyurlar. Çıxışımdan sonra çox təkid etdilər ki, ansamblda qal, bizimlə çalış, dedim, yox, mən gəldim ki, görəsiniz necə oxuyuram, ansamblda oxumaq üçün gəlməmişəm. Uzun müddət Zaman müəllim ailəmdən xahiş etdi ki, mən ansambl ilə çalışım. Beləliklə, ansamblla fəaliyyətə başladım. Çox keçmədən Zaman müəllim bizi Moskvaya festivala apardı. Mənim ilk böyük səhnəm Moskvada Ostankino televiziyası olub. Orada mən “Notlar” verilişində mahnı oxudum və həmin veriliş Sovetlər birliyinin 15 respublikasına canlı yayımla nümayiş olundu. O gün ürəyim həyəcandan elə döyünürdü az qala yerindən çıxsın. Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnısını oxudum, alqışlandı, “Gəncəm” mahnısı da ardınca gəldi. O zamanlar “ağlayan gəlinciklər” çox bahalı idi. Hamı ala bilmirdi. Zaldan bir tamaşaçı mənə “ağlayan gəlincik” bağışladı. Gəlincik də özüm boyda idi. Elə sevinirdim, təsəvvür edə bilməzsiniz.

 

Sonra Gəncədə keçirilən dövlət tədbirinə dəvət etdilər məni...

 

Bir epizod da danışım sizə. Gəncənin birinci katibi konsertdən sonra yaxınlaşıb təşəkkür etdi mənə. Balaca bir uşaq üçün, bu, çox böyük uğur idi. Həm də evində böyük bir sənətkar olan balaca qız. İnanmazsınız, bacım Şahnaz xanım qədər mənə tənqidi yanaşan olmayıb. Hətta müəyyən mərhələdə o, mənim sənətə gəlməyimə də etiraz edirdi. Qətiyyətlə olmaz deyirdi.

 

Əslində, mənim həyatımın ulu öndər Heydər Əliyevin ifamı dinlədiyi epizodu olmasaydı, yəqin ki, heç zaman oxumağa qoymayacaqdılar. Nə ixtiyarım vardı evdə etiraz edim, səsimi çıxarım. Anam sərt qadın idi. Olmaz dediyi bir işin olduğunu görən olmazdı.

 

Deməli, ulu öndər Heydər Əliyev Gəncəyə gəlirmiş. Ona yerli ifaçılardan ibarət bir konsert hazırlayırmışlar. Birinci katib konsert proqramı ilə tanış olandan sonra deyib ki, o gün bir balaca qız da var idi, adını unutmuşam, yaxşı ifa eləyib, Heydər Əliyevin xoşuna gələcək, mütləq dəvət edin. Adını soruşanda, məsələ qəlizləşib. Məlum olub ki, təşəkkür etdiyi uşağın adını unudub. Amma bəzi detallar yadda qalıbmış. Təsadüfən Şahnaz xanımla konsert öncəsi söhbətdə məsələ açılıb. O da kimsəyə nəsə demədən şübhələnib ki, bu mən olacağam. Beləcə, evə gəldi, yavaş-yavaş suallar başladı. O gün oxuyanda necə oxumusan, nə oxumusan, kim sənə nə deyib? Suallara cavab verdim və çox soyuqqanlı bir cümlə söylədi: “Dur, dur get hazırlaş məni biabır eləsən özündən küs, səni axtarırlar”. Çox ciddi məşq elədim, baxmayaraq ki, az zamanım qalıb. Konsert günü səhər son dəfə ifamı dinlədi və “indi get uzan yat”, - dedi Şahnaz xanım.

 

O gündən peşəkar səhnədəyəm. Və deyirəm ki, nə yaxşı müğənni olmuşam. O konsertsə bütün həyatımı dəyişdi. Ondan sonra Gəncənin bütün tədbirlərində iştirak edirdim. Hətta SSRİ məkanında müxtəlif səhnələrdə çıxış edirdik. Tədbirlər o qədər çox olurdu ki, bəzən məktəbli olmağımı unudurdum. Amma azca zamanım olan kimi də dərslərimi oxuyurdum. Çalışırdım qiymətlərimi özüm alım, kimsə deməsin ki, müğənni oldu, dərs yaddan çıxd. Müğənni həm də savadlı olmalıdır. Öz dərslərini, mütaliəsini həmişə bacardığı qədər zəngin etməlidir.

 

O konsert...

 

Bayaq fikir yarıda qaldı. Həmin konsert baş tutdu. Bütün tədbir boyu gözüm kürsüdə əyləşən Heydər Əliyevdə idi. O bütün ifaçıları diqqətlə dinləyirdi. Onun sənətə, mədəniyyətə, sənətkarlara çox fərqli münasibəti vardi. Sonra səhnə arxasında musiqiçilərlə görüşəndə adımı soruşdu. İstedadlı olduğumu bildirdi, gəl Bakıda da oxu dedi. Üstündən bir müddət keçdi, Azərbaycanın Təhsil Nazirliyinə belə bir göstəriş verildi ki, bütün rayonlardan istedadlı uşaqlar seçilsin. Bu, Heydər Əliyevin Azərbaycan mədəniyyəti qarşısında böyük xidməti idi. İndi o uşaqlar arasında sənətə gəlib böyük mənsəb qazanan sənətkarlar var. Bilirsinizmi, bəzən çox sadə bir tədbir insanın həyatında böyük rol oynayır. Məndə belə oldu. Həmin uşaqların sırasında Gəncədə mənim də adım var idi. Şahnaz xanım da, anam da daş atıb, başlarını tutdular. On iki yaşlı kiçik bir uşaq, Bakı boyda şəhərdə təkbaşına mümkünsüz idi ailəm üçün.

 

Düzü, çox pərt idim. Amma sonra həyatımın daha bir möcüzəsi oldu. Siyahı o vaxtkı təhsil naziri Lidiya xanım tərəfindən ulu öndərin qarşısına qoyulanda, mənim adım yada düşür. Və təbii ki, siyahıda olmur. Tapşırıq verildi və ailəmə bildirildi ki, Heydər Əliyevin göstərişidir, təcili Bakıda olsun uşaq. Beləcə, on iki yaşımdan həm dərs oxudum, həm musiqi təhsili aldım paytaxtda.

 

Başqa sahədə özümü heç təsəvvür edə bilmirdim. Düzü, Bakı Dövlət Universitetinə də qəbul olmuşdum. Xəbər ulu öndər Heydər Əliyevə çatan kimi bundan narazı qalıb. Göstəriş verib ki, məni oradan çıxarıb yollasınlar konservatoriyaya. Yəni mənim sənətdə olmağımı dövlət başçısı istəyirdi. Rəhmətlik həmişə deyirdi ki, səni yalnız səhnədə görürəm.

 

Yaşından gənc adam...

 

Uzun illər öncə Faiq Ağayevlə Dövlət televiziyasında bir konsertdə iştirak edirdik. Birdən Faiq mənə dedi, Aybəniz xanım, necə etmisiniz, belə gənc qalmısınız? Bilmədim necə cavab verim. Aygün Bayramova da yanımızda idi, dedi Aybənizin çox da böyük yaşı yoxdur ki... Güldük... Ömür yaşım əllidir. Alnımda bir ömür yolu qədər qırış var, bu da hər halda ömür yolumun qırışıdır, mənə göstərir ki, səninləyəm. Yaşımdan az da olsa gənc görünə bilirəmsə, bu, işimi təmiz tutmağa çalışmağımın nəticəsidir. Sözüm varsa deyərəm, qərarım varsa bildirərəm, əzilən varsa yanındayam, haqqa girməkdən, haqqı itirməkdən də qorxaram. Ağır xarakterdir, amma qarşınızda bir Aybəniz mənzərəsi görürsünüzsə, bu da sizi insan və tamaşaçı kimi qane edirsə, biləsiniz, çox ağır sınaqdan keçməyin nəticəsidir. Amma yenə də əlli ilimdən razıyam, hər günə, hər nəfəsə şükür.

 

İnsanın adına ləkə gətirən onun sənəti deyil...

 

İnsana ləkəni davranışı gətirər. Heç bir sənət insanın adına ləkə gətirə bilməz. Övladlarımız hansı sənətin yiyəsi olursa-olsun, unutmasınlar ki, onun adını yüksəldən öz əqidəsinə, ruhuna olan münasibətidir. İnsan istəsə özünü alçalda da bilər, ucalda da. Dünyanın ən məşhur insanı ola bilərsən. Əgər ruhun zədəlidirsə, heç vaxt hörmətli qala bilməyəcəksən. Bütün övladlarımıza cəmiyyətə yararlı olmağı arzu edirəm.

 

Tək uşaq böyütmək...

 

Burada elə də bir çətinlik yoxdur. Ailəmdən aldığım tərbiyəyə əsasən övladımı o cür böyütdüm. Deyirlər ki, “uşaqlarınızı başqa cür tərbiyə etməyə çalışmayın. Onsuz da o böyüyəndə sizin özünüzə oxşayacaq”. Məhz buna görə gənc xanımlara məsləhət görürəm ki, ilk növbədə tərbiyə etməyə özlərindən başlasınlar. Valideyn özünü tərbiyəli apararsa, o övladın gələcəkdə heç bir qorxusu olmayacaq.

 

Tələbəlik illərində kimlərsə məni qonaq çağıranda düşünürdüm ki, evdə valideynlərim xəbərsizdir. Onlardan xəbərsiz necə gedə bilərəm? O zaman mobil telefonlar yox idi. Bizim tələbəlik illərimizdə telefonlar ancaq poçt məntəqələrində olurdu. Evlə əlaqə saxlamaq üçün poçta gedib zəng etməli idim. Əgər kiməsə zəng edirəmsə poçta pul ödəməli olurdun. Mən də tələbə adam idim və o qədər də pulum yox idi. Ona görə də dəvət aldığım yerlərin 99 faizinə getmirdim. Tələbəlik illərindən birgə gəzdiyim, günümü keçirdiyim yeganə insan dəyərli sənətçimiz Nuriyə Hüseynova olub. Nuriyyəyə o qədər inanıram ki, övladımı ona həvalə edə bilərəm. Hər zaman çalışmışam ki, özünə hörmət edən insanlarla münasibət qurum. Bir insan ki, öz ruhunu əqidəsinə qıyır, o insanlardan qorxmuşam. Qətiyyən o insanlara yaxın getməmişəm. Əqidəsinə hörmət edən insanlar ətrafdakı adamlara da hörmət edər, cəmiyyətə ancaq xeyir verərlər.

 

İçimdəki balaca Aybənizi əlli ildir qoruyuram...

 

Bəzən adamlar sual verir ki, həmişə üzünüz gülür, bunu necə bacarırsınız. Əslində kimsədən fərqli adam deyiləm. Özümə görə qayğılarım, problemlərim var. Bəzən əsəbi, gərgin də oluram. Ancaq sizə bir şey deyim, həmişə niyəsə elə bilmişəm ki, içimdə lap dərinliklərdə kəndimizdə, evimizdə, bacısını gizlicə izləyən, onu ritm tutub müşahidə eləyən, ulu öndərin axtarıb tapdırdığı balaca bir Aybəniz yaşayır. Mənim üzümü həmişə iki şey güldürüb. Biri balaca Aybənizi yaşada bilməyim, biri də Aynişanın, qızımın varlığı...

 

Sənət Akademiyası

 

Bu məktəbə qədər qrupum vardı. Hamı xatırlayır yəqin ki, mənim istedadlı və ağıllı balalarımı. 2002-ci ildə yaratmışdım “Bülbüllər” qrupunu. Bu qrup dünyanın 50-dən çox ölkəsində Azərbaycanı təmsil etdi. Həm respublika, həm də ümumdünya festivallarının laureatları oldular. Bu, hər uşağa o yaşda nəsib olan uğur deyil. “Bülbüllər”in ən böyük uğuru onlardan birinin - Fərid Məmmədovun “Eurovizion” mahnı müsabiqəsindəki çıxışı oldu.

 

İndi də ustadımın vaxtilə qurduğu pedaqoji fəaliyyəti davam etdirməkdəyəm. Şövkət Ələkbərova biz tələbələrini övladı kimi sevirdi, tələbələrimə məhəbbəti ondan öyrənmişəm. O başqa cür sevirdi. Mən şöhrətdən başı dönən insan deyiləm, elə insanları da sevmirəm. Onlar anlamırlar ki, bunun sonu olmur. Mənə görə ən böyük şöhrət yaxşı adam olmaqdır. Belə bir söz var, deyir “ağac bar gətirdikcə başını aşağı dikər”. Mən səhnədə nə qədər ədalı görünmüşəmsə, həyatda bunun tam əksi olmuşam. Səhnə bunu istəyir: duruş, baxış, qamət, qürur və sənəti. Amma həyatda başın göylə gedə bilməz. Səhnədəki qürur həyatda insanı, sənətkarı kobud və özündənrazı göstərər.

 

Bizim akademiyada həqiqi istedadlar var. “Özün kimisi varmı?”, - deyə soruşsanız, özüm kimisi də olacaq, amma mütləq öz üzərində çox ciddi məşğul olsalar, sonsuz zəhmət çəksələr, gecələrini gündüzə qatıb çalışsalar, səhnənin enişli-yoxuşlu yollarının girişini-çıxışını bilsələr. Hazırda beş tələbəm var ki, mən düşündüyüm kimi gələcəkdə bu işin üstündə möhkəm dayansalar və davamiyyətləri yüksək səviyyədə olsa, bir gün mən həyatda olmayanda səhnədə Sənət Akademiyasından beş ad kimi parlayacaqlar.

 

“Kor ərəb” həyəcanı...

 

QEYD: Söhbət boyu həyəcanlı idi. Niyəsini soruşmadım. Düzü, düşündüm ki, bəlkə şəxsi bir şeydir.  Gördüm öz narahatlığını özü bölüşməyə başladı. Məlum oldu ki, bu da onun gördüyü işlərə bağlı bir narahatlıqdır.

 

...Bilirsinizmi, bir tələbəm var. Sənət Akademiyasına gələndə səsinin möcüzəsini bu qədər göstərə bilmirdi. İndi  böyük Cavidin sözlərinə yazılmış “Kor ərəb”in mahnısını yazıb, həm də klip çəkilişlərimiz bitib. Çox istəyirəm ki, bütün uşaqlarımın belə möhtəşəm işləri olsun. Rahatlanım ki, həyatı boşuna yaşamamışam. İnsanlara, tələbələrimə Azərbaycan mədəniyyəti, incəsənəti üçün fayda vermişəm.

 

SON: Aybəniz Haşımova hamıya hər  zaman “Ömür nəğmələri”ndən oxuyub. “Neylərdim”, “İntizar”, “Küsmə” deyib. Sonra gün olub ki, “Biri sənsən, biri mən” söyləyib, onlarla insanın içində cəmi birinə. Ona da “Nə gəlməz oldun?” oxumaq yazılıb taleyinə... vətən uğrunda şəhid olanda.

 

Taleyinin qəribəliyi, çətinliyi çoxdur sevimli Aybəniz Haşımovanın. Amma ən qəribəsi və maraqlısı budur ki, o, həyatdan aldığı hər zərbədən güclü qalxa bilən sənətkardır. Nə az, nə çox, yarım əsri belə yaşayıb. Sınmadan, yıxılmadan, ya da sınıb, yıxılmasını kimsəyə göstərmədən, gizlənə-gizlənə, bəzən də göynəyərək. Kimsədən incimədən, küsmədən, qürurla. Gözəl mənzərədir, həm də kövrək. Eyni zamanda bir insanın, qadının şəxsiyyətinin nə qədər tam olmasını  göstərir.

 

Hamını sevən İNSAN, “İntizar”ınızı heç zaman çəkdirməyin sevənlərə...

 

Jalə MÜTƏLLİMOVA