Yanvarın 16-da tanınmış təhsil ekspertləri və kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə ediblər. Akademiyanın rəisi, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov qonaqları salamlayaraq, onları bu ali təhsil ocağında görməkdən məmnunluğunu bildirib. Rəis Akademiyanın xüsusi təyinatlı ali təhsil müəssisəsi olduğunu vurğulayıb və təhsil ocağının fəaliyyətindən danışıb. Sonra Q.Novruzov imtahanların təşkili və onların gedişinə ciddi nəzarətin həyata keçirilməsi üçün işçi qrupu yaradıldığından söz açıb. Eyni zamanda Akademiyada imtahanların keçirilməsi mexanizmini əks etdirən videoçarx nümayiş olunub.
Görüşdən sonra təhsil ekspertləri və KİV nümayəndələri imtahan prosesini izləyib, təlimlərin dinləyicilərinin nəzəri və praktiki dərs prosesi ilə yaxından tanış olublar.
Sonda imtahanlarla və təlimlərlə bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.
Şakir CƏFƏROV