Bülbül adına Orta İxtisas Musiqi Məktəbində qanlı 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. Məktəbin müəllimi Rəna Ağayevanın təşkilatçılığı ilə “20 Yanvar Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsidir” mövzusunda keçirilən tədbirdə 3 “1”, 6 “1”, 7 “1” və 5 “a” sinif şagirdləri iştirak ediblər.
Məktəbin direktoru Teymur Göyçayev bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi doqquz il keçir. Keçmiş sovet dövlətinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Müəllimlərdən Nigar Baxşıyeva və Rəna Vəzirova Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsinin xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildiyini bildiriblər. Qeyd edilib ki, “20 Yanvar Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsidir”.
Tədbirdə 3 “1” sinif şagirdi Xumar Novruzova, 5 “a” sinif şagirdi Yusif Kərimzadə, 6 “1” sinif şagirdi Zəhra Qurbanova, 7 “1” sinif şagirdi Vaqif Qurbanov və başqaları 20 Yanvar şəhidlərinə aid şeir söyləyib, mahnı oxuyub və ədəbi- bədii kompozisiya nümayiş etdiriblər.
Şakir CƏFƏROV