Rektor Ədalət Muradov: “Şəhidlərin xatirəsi universitetimizdə daim ehtiramla yad edilir, əziz tutulur”


UNEC-də “SƏS” Media Qrupunun birgə təşkilatcılığı ilə 20 Yanvar hadisələrinin 29-cu il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir rektor, professor Ədalət Muradovun, "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyevin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərləri Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun və şəhid ailələrinin üzvlərinin iştirakı ilə UNEC-in Memorial-Xatirə Kompleksinin ziyarət olunması ilə başlayıb.

 

UNEC-in professor-müəllim heyətinin, tələbələrin iştirakı ilə davam edən tədbirin açılışı zamanı vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “SƏS” Media Qrupu tərəfindən hazırlanmış “20 Yanvar: Azadlıq dastanı” adlı film tədbir iştirakçılarını bir daha faciənin baş verdiyi illərə qaytarıb. Filmdə Sovet rejiminin dinc əhaliyə qarşı törətdiyi kütləvi qırğının, insanların müstəqillik arzularını məhv etmək cəhdinin milli qürurumuzu qıra bilməməsi barədə danışılır.

 

Film nümayişindən sonra UNEC-in rektoru, professor Ədalət Muradov çıxış edərək şəhidlərin xatirəsinin UNEC-də daim ehtiramla yad edildiyini və əziz tutulduğunu vurğulayıb. Rektor onların arasında Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinin olmasını universitetin qürur mənbəyi adlandırıb. Rektor 20 Yanvarın Ümumxalq Hüzn günü olmaqla yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın tarixinə birlik və şərəf günü kimi yazıldığını qeyd edib. Torpaqlarımızın düşmən tərəfindən işğalı davam etdikcə şəhidlərin ruhunun rahat olmayacağını deyən rektor, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli, uzaqgörən siyasəti nəticəsində torpaqlarımızın azad ediləcəyinə əmin olduğunu bildirib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışı zamanı şəhidliyin fərqli, xüsusi bir dəyər olduğunu vurğulayıb.

 

"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev 20 Yanvar hadisələrinin görünən və görünməyən tərəflərinin olduğunu bildirib. Qeyd edib ki, 80-ci illərdə Sovet rejiminin dağılması və Dağlıq Qarabağın Ermənistana verilməsi prosesi Azərbaycanda xalq etirazlarının bir hərəkata çevrilməsinə səbəb oldu. Bu yol bizi müstəqilliyə gətirsə də, xalqın qanı bahasına başa gəldi.

 

Tədbirdə 20 Yanvar Şəhidi İlqar Əbilhəsənovun qardaşı Yavər Əbilhəsənov çıxış edərək hər il ölkədə qanlı Yanvar qurbanlarının xatirəsinin əziz tutulduğunu bildirib.