Qarşılıqlı əməkdaşlıq perspektivlər müzakirə olunub


Yanvarın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla İstanbul Okan Universitetinin rektorunun köməkçisi Güner Gürsoy və Beynəlxalq əlaqələr ofisinin direktoru Sənəm Acabay ilə görüşüb.

 

Universitet haqqında məlumat verən rektor ali təhsil ocağında 20-yə yaxın dil və mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyin söyləyib. Universitetin beynəlxalq əlaqələri haqqında danışan K.Abdulla dillərin yerli və xarici müəllimlər tərəfindən tədris olunduğunu qeyd edib. Fakültələrin fəaliyyətindən söz açan akademik universitetdə mövcud olan elmi-tədqiqat laboratoriyalarından da danışıb. Rektor universitetin beynəlxalq əlaqələri fonunda bir çox xarici universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin fəaliyyət göstərdiyini deyib.

 

Səmimi qəbula görə ADU rəhbərliyinə  təşəkkürünü bildirən İstanbul Okan Universitetinin rektorunun köməkçisi Güner Gürsoy Bakının daim inkişaf etdiyini və buranın gözəlliyinə heyran qaldığını söyləyib. G.Gürsoy təmsil etdiyi universitet haqqında məlumat verərək təhsil müəssisəsində 26 min tələbənin təhsil aldığını, 10 fakültənin fəaliyyət göstərdiyini qeyd edib. O, ADU ilə oxşar fəaliyyət istiqaməti olaraq təmsil etdiyi universitetin tərcüməçilik sahəsindəki fəaliyyətindən də söz açıb.

 

Daha sonra qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində aparılacaq işlər və gələcək perspektivlər müzakirə olunub.