Müəllim hazırlığında rəqəmsal vərdişlərin aşılanması önə çıxır


24 iyun Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə Beynəlxalq Təhsil Günü elan olunub. Ötən ilin dekabrında təsis edilən Beynəlxalq Təhsil Günü dünən dünyada və ölkəmizdə ilk dəfə qeyd olunurdu.

 

Beynəlxalq Təhsil Günündə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsilin mühüm məsələlərindən biri - “Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi” mövzusunda  müzakirə təşkil edilib.

 

Müzakirəni təşəbbüskar özü - ADPU-nun rektoru Cəfər Cəfərov açaraq deyib ki, Azərbaycanda bütün sahələrdə, o cümlədən təhsildə müasir dövrün tələblərinə uyğun yeniləşmə gedir. Bu prosesdə İKT vacib bir xətdir. Azərbaycan dövləti İKT-nin cəmiyyət həyatına daha səmərəli inteqrasiyası üçün vacib dövlət proqramlarını icra edir. Ölkəmiz bu sahədə uğurları ilə seçilən ölkələr kateqoriyasına daxil olub: “Amma bu sahədə görüləcək işlər də çoxdur. Xüsusən, ölkəyə lazım olan müəllim kadrlar hazırlayan ali təhsil müəssisəsi olaraq Azərbaycan Dövlət Pedaqoji Universiteti hazırladığı kadrların İKT üzrə maarifləndirilməsində, öyrənmə prosesində İKT-nin rolunu dərk edərək öz fəaliyyətini buna uyğun olaraq qurmağa çalışır. Müasir müəllim profilində peşəkar informasiya-kommunikasiya texnologiyalarının istifadəçisi keyfiyyətinin olması bizim üçün əhəmiyyətli məsələyə çevrilib. Hazırlanan müəllim kadrlarının öz fənninin tədrisində İKT bacarıqlarından ustalıqla istifadə etməsi artıq zərurətə çevrilib. Məlumat bolluğu, bəzən kirliliyi şəraitində milli maraqlar, şagirdlərə nəyi, necə öyrətməkdə İKT əvəzsiz vasitədir. Odur ki, universitetdə məktəbəqədər, ibtidai və orta təhsil üçün hazırlanan bütün müəllim ixtisaslarında İKT-nin yüksək keyfiyyətli tədrisi, xüsusən informatika müəllimliyi ixtisası üzrə kadr hazırlığında ciddi islahatlar aparılması nəzərdə tutulur”.

 

2019-cu ilin təhsildə tədris planlarının yeniləşməsi ili olduğunu xatırladan ADPU rektoru bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində 20-dən artıq  ixtisas üzrə bu proses başlayıb. Bir çox ixtisaslar üzrə isə əhəmiyyətli irəliləyişə nail olublar:

“Yeni dövr bizdən gələcəyin kadrlarını hazırlamağı tələb edir. Artıq keçmiş dövrün ehtiyaclarına uyğun  kadrlar hazırlamaqdan əl çəkməliyik. 2030-cu ildə hansı ixtisasların olmayacağını, ya da hansı ixtisaslara əmək bazarında tələbat artacağını deyə bilmərik. O dövrdə bazarda tələbat yaranacaq ixtisasların yarısı barədə bizim indi heç məlumatımız belə yoxdur.

 

Bütün bunları nəzərə alaraq özümüzdən soruşmalıyıq: “Bizim indi əlimizdən nə gələr?” Biz, indiki dövrün ali təhsil müəssisələri gənclərə bilikləri əldə etmək vərdişi formalaşdırmalıyıq. Bununla da onlar gələcəkdə qarşılarına çıxacaq yeni ixtisaslar, peşələr barədə informasiya əldə edə, özlərini cəmiyyətin ehtiyaclarına uyğun təkmilləşdirə bilərlər. Bu vərdişlər arasında ən zəruri olanı da rəqəmsal bacarıqlar və xarici dil bilikləridir. Odur ki, yeniləşmə prosesinə məhz bu iki sahənin inkişaf etdirilməsi üçün zəruri saydığımız tədbirlərdən başlamışıq”.  

 

İnnovativ sahibkarlığın gənclərə təhsil aldığı dövrdən aşılanması çox vacibdir

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə informasiya-kommunikasiya texnologiyaları   sahəsində innovativ sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində ali təhsil müəssisələri ilə birlikdə maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirildiyini bildirib. Onun sözlərinə görə, nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə ali məktəblərdə yaratdığı biznes inkubatorların və mərkəzlərin əsas məqsədi gənclərin İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etmək, həmçinin gənc sahibkarların innovativ ideyalarının biznesə çevrilməsinə dəstək verməkdən ibarətdir: “Təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərə yeni biliklərin aşılanmasında müasir texnoloji proseslərdən istifadə edilməsi təhsil kontingenti qarşısında duran əsas məsələlərdən biridir. Təsadüfi deyil ki, 2016-cı ildə qəbul edilən Strateji Yol Xəritəsində vacib istiqamətlərdən biri məhz təhsildə İKT-nin tətbiqi ilə bağlıdır. Ölkəmizin indiki iqtisadi inkişaf mərhələsində daha çox innovativ fəaliyyət, innovativ iqtisadiyyatın qurulması, bir sözlə, innovativliyin genişlənməsi vəzifə kimi müəyyənləşdirilib. Bu baxımdan innovativ sahibkarlığın gənclərə hələ təhsil aldığı dövrdən aşılanması çox vacibdir. Gənclərə innovativ olmaq üçün ilkin biliklər aşılanmalıdır”.

 

Bu baxımından təmsil etdiyi qurumun Təhsil Nazirliyi ilə sıx əməkdaşlığına toxunan nazir müavini bu istiqamətdə nailiyyətlərin əldə olunmasında birgə səy göstərə biləcəklərini vurğulayıb: “Bu əməkdaşlığın nəticəsidir ki, 10-a yaxın ali məktəbdə biznes inkubatorlar yaradılıb. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu vasitəsi ilə biznes inkubatorlarda irəli sürülən layihələrin, ideyaların reallaşması üçün maliyyə mexanizmlərini tətbiq edirik. Artıq bu əməkdaşlığın da öz nəticələri var”.

 

ADPU kontingentinin digər fənlərin tədrisində İKT-dən istifadəsinin önəmini vurğulayan nazir müavininin fikrincə, hər müəllim öz fənninin tədrisində müasir texnologiyalardan istifadə etməlidir. Hər bir ali məktəbdə İKT-nin tədrisini önəmli sayan Elmir Vəlizadə bu istiqamətdə təmsil etdiyi nazirliyin əməkdaşlığa tam hazır olduğunu deyib: “İnformatika sahəsində 2007-ci ildən başlayaraq Respublika olimpiadası keçirilir, şagirdlər beynəlxalq olimpiadalara qatılırlar. Yaxşı haldır ki, bu il beynəlxalq olimpiadanı öz ölkəmizdə keçirəcəyik. Bu istiqamətdə də məsuliyyətimiz böyükdür və bu sahədə də əməkdaşlığa hazırıq”.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Təhsil Nazirliyi ilə əməkdaşlığa hazır olduğu başqa bir sahə isə “İnformatika” dərsliklərinin hazırlanması ilə bağlıdır. Nazir müavininin fikrincə, veriləcək biliklərin konkret hədəfi olmalıdır. Elmir Vəlizadə təəssüflə qeyd edib ki, dərsliklərdə terminologiya problemi var: “Təəssüflər ki,  hazırda Azərbaycan dilində olan materiallarda istifadə edilən terminlərdə çoxsaylı uyğunsuzluqlar da müşahidə olunur. Ona görə də Təhsil Nazirliyi belə kitabların hazırlanmasında ölkəmizdə mövcud olan terminologiyanın əsas götürülməsini vacib tələb kimi qoymalıdır. Bu məsələdə də bizim nazirliyin təcrübəsindən yararlanmaq olar. “Microsoft” şirkətinin məhsullarının dilimizə tərcüməsini həyata keçirmişik. Nazirlikdə İKT üzrə texniki komitə mövcuddur. Bu komitə həm də terminoloji standartların qəbul olunması ilə məşğuldur”.

 

Elmir Vəlizadə bu sahədə effektiv nəticə əldə etmək üçün kitabların hazırlanmasında və ya hazırlanmış kitablara rəylərin verilməsində aidiyyəti qurumların da prosesə qoşulmasını təklif edib.

 

Ucqar kənd məktəbləri də elektron resurslardan istifadə edə bilir

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illərdə ölkədə təhsilin inkişafı istiqamətində atılan mühüm addımları xatırladaraq, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayıb. Onun sözlərinə görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsasında təhsil sistemində İKT infrastrukturu inkişaf etdirilib, elektron təhsil texnologiyalarının tətbiqi genişləndirilib. Təhsil sahəsinin idarə olunması və tənzimlənməsində vahid informasiya strukturu formalaşdırılıb, pedaqoji kadrların İKT üzrə hazırlığı üçün nəzərdə tutulmuş bir sıra tədbirlər həyata keçirilib: “Hazırda 2746 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə qoşulub. Bu şəbəkə zərərli informasiyalardan qorunmaqdadır. Buraya daxil olan təhsil müəssisələrinin bir-biri ilə və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb. Şəbəkə təhsil prosesini daha effektiv qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq, təhsildə müsbət təcrübənin yaranmasını təmin edir. Artıq ucqar kənd məktəblərindəki müəllim və şagirdlər də təhsil şəbəkəsi vasitəsi ilə elektron resurslardan istifadə edə bilir. Şəbəkəyə qoşulan ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə şagirdlərin 85 faizinə, pedaqoji işçilərin sayı isə 73 faizinə bərabərdir”.

 

Nazir müavini hazırda 12 ali təhsil müəssisəsinin Avropa Elm və Təhsil Şəbəkəsinə (GEANT) qoşulduğunu da xatırladıb: “GEANT Avropada 30-dan çox ölkənin 3500-dən çox təhsil müəssisəsini özündə birləşdirən tədqiqat və təhsil ictimaiyyəti üçün internet-məlumat şəbəkəsidir”.

 

Təhsil Nazirliyinin portallarında yerləşdirilən elektron resurslardan istifadəyə gəlincə, Məhəbbət Vəliyeva sözlərini rəqəmlərlə təsdiq edib: “841-dən artıq elektron resursdan indiyədək 4 288 185 dəfədən çox istifadə olunub”.

 

Təhsil Nazirliyi elektron xidmətlər sistemini də genişləndirib. Təhsildə innovasiyalar üzrə qrant müsabiqəsinə sənəd qəbulu prosesi yenilənib, SABAH qrupları üçün müəllim qəbulu portalı hazırlanıb, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi - nostrifikasiya sistemi yenilənib.

 

Təhsil Nazirliyində kadr potensialının gücləndirilməsi də əsas sahələrdəndir. 2013-2018-ci illər ərzində müasir tədris strategiyaları, təhsildə elektron resurslardan istifadə və başqa mövzular üzrə 20 mindən çox pedaqoji və inzibati idarəetmə heyəti üçün ixtisasartırma və stajkeçmə, mentorluq xidmətləri təşkil olunub.

 

Beynəlxalq layihələr üzrə əməkdaşlıq sahəsində də ciddi addımlar atılıb. Azərbaycan və Çin hökumətləri arasında texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ümumtəhsil məktəblərinin İKT avadanlıqları ilə təchizatından danışan nazir müavini “eTvininq plus” layihəsi çərçivəsində 2016-cı ildən ölkəmizin iştirak etdiyi layihələri diqqətə çatdırıb: “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin reallaşdırdığı bu layihənin məqsədi pedaqoji əməkdaşlar arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, başqa ölkələrdən olan həmkarlarla birgə təhsilin inkişafı yönündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdan ibarətdir. Layihədə indiyədək ölkəmizdə 438 məktəbdən 1166 müəllim iştirak edib. 1065 təhsil layihəsi həyata keçirilib”.  

 

2018-ci ildə milli keyfiyyət nişanı almış layihələrin sayı 145-ə çatdırılıb. Layihələrdə iştirak edən müəllimlər üçün onlayn  təlimlər, Avropanın müxtəlif ölkələrində seminarlar təşkil edilib.

 

Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək layihəsi - “Tvininq” layihəsi isə təhsil sistemini səriştəyə əsaslanan təhsil  yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmanı dəstəkləməkdən ibarətdir.     

 

Məhəbbət Vəliyeva müəllimlərin işəqəbulu imtahanlarında iştirak edən namizədlərin son illərdə daha hazırlıqlı olduğunu vurğulayaraq, bu prosesdə ADPU-nun üzərinə xüsusi məsuliyyət düşdüyü qənaətindədir. Onun fikrincə, kadr hazırlığında universitet daha innovativ olmalıdır.

 

Dövr innovativ düşüncəli gənclərin formalaşdırılmasını tələb edir

 

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktor vəzifəsini icra edən Azər Bayramov deyib ki, hazırda yaşadığımız IV sənaye inqilabı dövrü innovativ düşüncəli gənclərin formalaşdırılmasını tələb edir. Bu mənada təhsil müəssisələrinin üzərinə böyük yük düşür: “İnnovasiya insan təxəyyülü və beyninin imkanlarından asılıdır. Burada sərhəd yoxdur və insan beyni hara qədər aparsa, bu sahə ora qədər gedəcək. Hesab edirəm ki, ölkəmizin əsas ehtiyatı da Azərbaycan gəncliyidir”.

 

ADPU ilə əməkdaşlıq imkanlarının genişləndirilməsinin mümkünlüyündən danışan Azər Bayramov tezliklə bu fikri reallaşdıracaqlarını da vurğulayıb.

 

İnfrastruktur cibimizdədir

 

“Microsoft Azərbaycan”ın təhsil proqramları meneceri Emin Axundovun fikrincə, İKT “İnformatika” fənni çərçivəsində qalmamalıdır. Bütün müəllimlər İKT-ni bilməli, öz fənninə tətbiq etməyi bacarmalıdır. Ona görə ali təhsil müəssisələrində müəllim hazırlığında da bu, mütləq nəzərə alınmalıdır: “Qeyri-ixtisas müəllimlərinə informatika müəllimlərinə keçilən proqram üzrə dərs keçilməməlidir. Nəzərə alınmalıdır ki, biologiya, coğrafiya, kimya müəllimlərini kompüter proqramçısı kimi yetişdirmirik. Ayrı-ayrı ixtisas müəllimlərinə onlara lazım olan səviyyədə İKT biliyi verilməlidir. Tutaq ki, “Microsoft Office Word” proqramını dil müəllimləri, “Microsoft Office Excell”i riyaziyyat müəllimləri, “Microsoft PowerPoint”proqramında işləməyi isə təsviri-incəsənət müəllimləri bacarmalıdır”.

 

Emin Axundov onu da qeyd edib ki, İKT-nin tətbiqindən danışarkən ən çox səslənən bəhanələrdən biri infrastrukturla bağlı olur. Onun fikrincə, ixtisas müəllimləri ehtiyacı düzgün müəyyənləşdirməli, əlində olan vasitələrdən istifadə etməyi bacarmalıdırlar:

“Tədbirlə əlaqədar kənd məktəblərindən birində idik. Orada şagirdlərdən kimin evində kompüterinin olduğunu soruşduq. Sinfin yarıya qədərinin kompüterinin olduğu məlum oldu. Sonra soruşduq ki, neçə nəfərin interneti var? Məlum oldu ki, hamının evində var. Deməli, əsas məsələ, yəni internet mövcuddur. Hamının cibində telefonu da var. İnfrastruktura, siniflərə, auditoriyalara alınan “ağıllı lövhə”lərə belə gərək yoxdur. İnfrastruktur cibimizdədir. Sadəcə, ehtiyacı doğru müəyyənləşdirib əlimizdə olanlardan düzgün istifadə etməyi öyrənməliyik”.

 

Azərbaycan Universitetinin İKT fakültəsinin dekanı Asif Paşayev də “Sahəvi İKT tədris olunmalıdır”, - fikri ilə Emin Axundovun sözünə qüvvət verib: “Biologiya müəlliminə informasiya-kommunikasiya texnologiyaları keçmək yox, biologiya müəllimi üçün İKT keçmək lazımdır”. 

 

İnformatikadan imtahan olmalıdır

 

Ali məktəblərdə “İnformatika” fənni üzrə tədris planlarının keyfiyyətinin artırılması, təhsil müəssisələrinin İKT üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsil sahəsinin informasiyalaşdırılması, təhsildə innovativ sahibkarlığın təbliğ olunması və digər mövzular ətrafında çıxış edən “dəyirmi masa” iştirakçıları bir məqamda həmfikir olublar. Onların fikrincə, məktəbdə “İnformatika” fənninin tədris edilməsinə baxmayaraq, bu istiqamətdə hər hansı irəliləyişə nail olmaq mümkün olmur. Ali məktəbə daxil olan tələbələr kompüterdə yazmağı belə bacarmır. Halbuki müasir dövrün tələbi yazıb oxumağı bacaran hər kəsin kompüterdə də ən sadə əməliyyatları icra edə, yazı yaza bilməsini tələb edir. Belə bir təklif verilib ki, “İnformatika”nın tədrisində dönüş yaratmaq üçün bu fəndən imtahan salınmalıdır. Təhsil Nazirliyinin üzərinə bu məsələdə daha böyük iş düşdüyü də vurğulanıb. Belə ki, Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə müzakirə edərək müvafiq qərarın qəbul edilməsini təmin etməlidir. Əks halda nə valideyn, nə müəllim, nə də məktəb bu sahənin inkişafına sərmayə qoyacaq. Nəticədə İKT-nin inkişafı sahəsində heç bir dönüş yaranmayacaq.

 

Ruhiyyə DAŞSALAHLI