İlahə Qasımova: “Dərslərimə müasir tələblər baxımından yanaşıram”


İlahə Qasımova Göyçay rayonunda anadan olub. Gəncə Dövlət Universitetinin riyaziyyat fakültəsində bakalavr və magistr təhsili alıb. 2018-ci ildə Müəllimlərin işə qəbulu imtahanlarından keçərək İmişli rayonunun Əliqulular kənd tam orta məktəbində ixtisası üzrə müəllim vəzifəsinə təyin olunub.

 

- İlahə xanım, təyinat yerinə ilk dəfə gələndə hansı hissləri  keçirdiniz?

- Gəldiyim yerdə heç kəsi tanımırdım. Məktəbin direktoru Səxavət Tağıyev məni kənd sakini Hüsən babanın evində yerləşdirdi. Elə o gündən Hüsən kişi mənə baba, həyat yoldaşı Xanım isə nənə oldu. Çox gözəl insanlardır, Allah onlara ömür versin. Təmənnasız onların evində qalıram.

 

- Pedaqoji kollektivin sizə olan münasibətindən  razısınızmı?

- Doğrusu məktəbin bina şəraiti bir o qədər də ürəkaçan olmasa da, kollektivdə yaşanan sağlam mühit ürəkaçandır. Mənim üçün nə lazımdır? Normal bir evdə yaşayıram, yaxşı bir kollektivdə işləyirəm. Üstəlik sinəsi söz-söhbətli Hüsən babam və Xanım nənəm də var. Onların şirinliyi, göstərdiyi nəvaziş həyatıma, peşə fəaliyyətimə xüsusi bir rəng qatır. Öyrəndim ki, Hüsən babanın  atası rəhmətlik Baba müəllim işlədiyim və yaşadığım Əliqulular kəndinin ilk ziyalılarından və müəllimlərindən biri olub. Kim bilir, bəlkə də mənə göstərilən qayğının kökündə elə bu durur. Mən heç vaxt onları unutmayacağam. Onlar mənim üçün əsl nənə və babadır.

 

- Bəs, müəllimliyə qədər tələbəlik illərini  necə  xatırlayırsınız? Yaxşı olar bu haqda oxucularımıza məlumat  verəsiniz.

- Təhsil illərim maraqlı keçib və elmin sirlərinə yiyələndim. Lakin müəllimlik peşəsinin məsuliyyəti müəllim kimi işə başlayanda üzə çıxdı. Universitetdə bütün dərslər nəzəriyyə əsasında keçirildiyi halda, təcrübəyə isə demək olar ki, az vaxt ayrılır. Təcrübədə olduğum vaxtdan məktəbdə müəllim işləməyə tam qərar verdim. Əlbəttə, universitet təcrübəsi məktəb üçün  kifayət deyil. İlk günlərdə məktəb jurnalının doldurulmasında belə çətinliklərim olurdu. Həmkarlarımın köməkliyi məni bu vəziyyətlərdən çıxardı. Hələ də həmkarlarımdan öyrənirəm. Sahib olduğum peşəmə çox bağlıyam. Çünki bu peşəni seçməyimdə yanılmadığımı hiss etmişəm. Həm də bu peşənin çətinliyini ilk dəfə pedaqoji təcrübədə olarkən görmüşdüm. Müxtəlif xarakterli uşaqlar, valideynlər, müəllim kollektivi ilə işləmək elə də asan deyil. Həqiqətən, müəllimlik çox çətin olmaqla yanaşı, həm də çox məsuliyyətli bir peşədir.

 

- Pedaqoji fəaliyyətinizdə  gənc müəllim kimi valideynlərlə işinizi  necə qurdunuz?

- Məktəbdə müəllim işləməyimə qərar verəndə valideynlərim mənim bu istəyimi təəccüblə qarşıladılar: “Dünənki tələbə indi uşaqları öyrədəcək” - deyirdilər. Elə məktəbdə də valideynlərlə ilk görüşlərdə mənim üçün çətin idi. Lakin tədricən valideynlərlə əlaqələrim yaxşılaşdı və onların mənə etibar etdiklərini hiss etdim. Mən indi həm məktəbdə, həm də valideynlərin yanında hörmət qazandığımı düşünürəm.  Demək olar ki, çətinliklərim artıq geridə qalıb.

 

- Şagirdlərinizin sizin   fənnə marağı necədir?

- İndi təhsilə yanaşma 10-15 il əvvəlkindən fərqlidir. Artıq təhsildə yeni standartlar tətbiq olunur. Müəllim sadəcə məlumat vermir, şagirdlər qarşısında həll etmək üçün problem qoyur. Ona görə də   mən də bütün dərslərimə müasir tələblər   baxımından  yanaşıram.

 

- Gələcək karyera haqqında  nəsə düşünürsünüzmü?

- Doğrusu, hələ heç nə fikirləşmirəm, hazırda məni  dərs dediyim uşaqların gələcəyi düşündürür. Ümid edirəm ki, şagirdlərə öyrətdiklərim uzun müddət onların parlaq yaddaşlarında qalacaq.

 

- Sonda pedaqoji təhsil alan gənclərə nə tövsiyə edərdiniz?

- Demək istəyirəm ki, gənclər kənd məktəblərinə işləməyə getməkdən çəkinməsinlər. İş yeriniz yaxın olsun, istərsə də uzaq, dəxli  yoxdur. 

 

Əgər işində məsuliyyətlisənsə, öz işini sevirsənsə, bil ki, həmişə  uğur qazanacaqsan. 

 

Vilayət ƏLİYEV,

İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi