Bildiyimiz kimi, yanvarın 22-si 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun anadan olmasının 109 və yanvarın 24-ü isə həlak olmasının 74-cü ildönümü tamam oldu. Bu münasibətlə qəhrəmanın adını daşıyan Bakı şəhəri Yasamal rayonu 175 nömrəli məktəbdə “Həzi ürəklərdə yaşayır bu gün” adlı tədbir keçirilib. Böyük Vətən müharibəsi və Qarabağ döyüşlərində şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirin aparıcıları 5 d sinif şagirdləri Gövhər Həmdullayeva, Araz Alxasov və Əli Hüseynov igid sərkərdənin mənalı həyat və şərəfli döyüş yolu haqqında geniş məlumat verdilər. Təhsil ocağının müəllim heyəti, valideynlər və qonaqlar Həzi Aslanovun həyat və döyüş yolundan bəhs edən videoçarxa tamaşa etdilər. Şagirdlərin hazırladıqları “Həzi ürəklərdə yaşayır bu gün” adlı ədəbi-bədii kompozisiya təqdim olundu. Sonra 5 d sinif şagirdləri gəhrəmanın yeniyetməlik illərində, kursant olduğu vaxtlarda dosta münasibətliylə bağlı bir səhnəcik təqdim etdilər. Həzi Aslanov rolunun ifaçısı Ömər Zeynallı, Həzinin kursant dostu Aslan rolunun ifaçısi Əli Əliyev, anası Nuşu ana rolunun ifaçısı Səadət Hüseynova və tamaşada olan hadisələri nəql edən Nuray Şükürovanın məharətlə ifa etdikləri səhnəcik alqışlarla qarşılandı. Şagirdlər Zəhra Gülməmmədzadə və Aylin Quliyeva “Cənab leytenant” mahnısını məharətlə ifa etdiler. Şagirdlərin ifasında qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər söylənildi, “Sizi dünyalar qədər sevirəm” filmindən fraqmentlər izlənildi. Tədbirdə şağirdlərdən Ömər Zeynallı, Ülvi Əliyev, Ömər Nəcəfli, Nuranə İbrahimova, Səma Nəcəfli, Nərgiz İsmayılzadə, Nəsimi Süleymanlı, Ayxan Məmmədli, Sənubər Tahirzadə fəal iştirak etdilər.

 

Tədbirin sonunda məktəbin direktoru Tural Mirzəliyev çıxış edərək əfsanəvi qəhrəmanın mənalı həyat və şərəfli ömür yolundan danışıb və qeyd edib ki, Həzi Aslanov Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdəndir. Xalqımızın ümummilli lideri Heydər Əliyev Həzi Aslanovun hərb tarixində müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün sərəncamlar imzalayıb. Bu ənənə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tural Mirzəliyev tədbirin təşkilatçıları, məktəbin hərbi rəhbəri Fizuli Əzizov və ingilis dili müəllimi 5 d sinfinin rəhbəri Gülşən Şiriyevaya belə bir tədbir hazırladıqları üçün minnətdarlığını bildirdi və qeyd etdi ki, belə tədbirlərin keçirilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. T.Mirzəliyev həmçinin şagirdlərə də gözəl çıxış və ifalarına görə təşəkkür etdi. Tədbirin sonunda məktəbin foyesində qoyulmuş əfsanəvi qəhrəmanın büstü önündə müəllim və şagird heyəti xatirə şəkli çəkdirdi.