Görüşdə tələbələrin Agentlikdə təcrübə keçə bilmələri üçün layihələr planlaşdırıldığı qeyd olunub


Yanvarın 29-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri ilə görüşüb.

 

Qonaqlar əvvəlcə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olub, buradakı laboratoriyalara baxıblar.

 

Sonra ADNSU-nun professor-müəllim heyəti və tələbələrlə görüş keçirilib. Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov tədbir iştirakçılarını rektor, professor Mustafa Babanlının adından salamlayaraq ali məktəbdə həyata keçirilən işlər haqqında məlumat verib. Bu cür tədbirlərin tələbələr üçün əhəmiyyətindən danışan dosent Q.Məmmədov iki qurum arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

 

AQTA-nın sədr müavini Rüfət Rüstəmzadə Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər haqqında məlumat verib. Hazırda qida təhlükəsizliyi sahəsində peşəkar kadrlara ehtiyac olduğunu deyən Rüfət Rüstəmzadə ali məktəbin yuxarı kurs tələbələrinin Agentlikdə təcrübə keçə bilməsi üçün müəyyən layihələrin planlaşdırıldığını qeyd edib.

 

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.