45 il əvvəl İsmayıl Əliyevin əsasını qoyduğu təhsil ocağının şagirdləri olimpiadalarda lider mövqelərini saxlayırlar


Ötən əsrin 60-cı illərində SSRİ Nazirlər Sovetinin “Fizika-riyaziyyat və kimya-biologiya profilli ixtisaslaşdırılmış internat-məktəblərinin yaradılması barədə” 905 nömrəli qətnaməsinə müvafiq olaraq Moskva, Leninqrad, Novosibirsk, Kiyev və Tbilisi Dövlət universitetləri nəzdində xüsusi istedadlı uşaqlar üçün bir neçə ixtisaslaşdırılmış fizika-riyaziyyat internat-məktəbləri təşkil olunub. Bu tipdən olan 6-cı fizika-riyaziyyat məktəbi isə 1972-ci ildə Yakutiya Dövlət Universiteti nəzdində yaradılıb. Bu məktəb Yakutiya (Saxa Respublikası) ərazisində açılmış ilk profil məktəb olub. Çoxları bəlkə də bilmir ki, 6-cı məktəbin yaradıcısı azərbaycanlı alim, qeyri-adi təşkilatçılıq qabiliyyətinə malik olan İsmayıl Şahbaz oğlu Əliyev olub. Budəfəki məqaləmiz Saxa Respublikasında adı hörmətlə çəkilən azərbaycanlı alim barədədir. Həmsöhbətimiz isə 1987-ci ildə həyatdan köçmüş təhsil fədaisi İsmayıl Əliyevin qızı, Rusiya Jurnalistlər Birliyinin üzvü Emiliya Əliyevadır.

 

 

 

Tanıtım. İsmayıl Şahbaz oğlu Əliyev 1931-ci ildə Füzuli şəhərində anadan olub.  Keçmiş H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunu bitirib. Bir neçə il orta məktəblərdə müəllim işlədikdən sonra SSRİ Elmlər Akademiyası Riyaziyyat İnstitutunun aspiranturasında oxuyub. 1971-1984-cü illərdə Yakutiya Dövlət Universitetinin riyaziyyat fakültəsinin cəbr və həndəsə  kafedrasının müdiri  işləyib.  1972-ci ildə Yakutiya Dövlət Universiteti nəzdində Respublika fizika-riyaziyyat məktəbini yaradıb və onun ilk direktoru olub. Fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini və professor elmi adını alıb.

 

 

- Yakutiyada belə bir məktəbi açmaqda atanızın məqsədi nə idi? 

 

 

- Mən bilirəm ki, atam dəqiq elmlərin böyük vurğunu idi. Demək olar ki, o, bütün həyatını tədris etdiyi fənlərə, əsasən də riyaziyyata həsr etmişdi. Sovet İttifaqında cəmi bir neçə belə məktəb var idi - Moskvada, Kiyevdə, Novosibirskdə, Tiflisdə, Leninqradda. Altıncı fizika-riyaziyyat məktəbi  isə azərbaycanlı İsmayıl Əliyev tərəfindən Yakutiyada açılmışdı.

 

Bir insan həm universitetdə kafedra müdiri və yaratdığı məktəbin direktoru, müəllimi kimi necə eyni keyfiyyətdə işləyə bilər. Universitetdə işlədiyi müddətdə atam 3 fizika-riyaziyyat elmləri doktoru və 14 elmlər namizədi hazırlamışdı. Onlardan bəziləri atamın işlədiyi Şimal-Şərq Federal Universitetində indi professor, dosent işləyir. Yetirmələrindən biri hətta Biysk Dövlət Pedaqoji Universitetinin rektoru olub. Novosibirsk Dövlət Universiteti (NDU) nəzdində fizika-riyaziyyat məktəbinə istedadlı şagirdlərin cəlb olunması işi bu ali məktəbin cəbr və həndəsə kafedrasının dosenti olaraq İsmayıl Əliyevə həvalə olunmuşdu. Bu məqsədlə o, bu ali məktəbin nümayəndəsi olaraq  Yakutiyada respublika riyaziyyat olimpiadasında iştirak edən şagirdlərin seçiminə başlamışdı. Atam qeyd edirdi ki, yakut məktəblilərində qeyri-adi düşüncə tərzi var. Bu, özünü riyaziyyat məsələlərinin həllində göstərirdi. Tapşırıqları ənənəvi üsullarla həll etmək mümkün idi, amma yakut məktəbliləri başqa orijinal fikirləri əldə rəhbər tuturdular. Bütün bunlar İsmayıl Əliyevdə dərin elmi yaradıcılıq həvəsi yaradırdı. Nəticədə o, NDU nəzdində olan analoji məktəbin Yakutiyada açılışı ideyası ilə yaşayırdı. Gözlənilmədən Yakutiya Dövlət Universitetinin rektoru İ.Popov onun təşəbbüsünə dəstək verərək, İsmayıl Əliyevi rəhbərlik etdiyi universitetə işləməyə dəvət etdi. Baxmayaraq ki, atam artıq aspiranturanı müvəffəqiyyətlə bitirərək, Novosibirsk Dövlət Universitetində dosent vəzifəsində çalışırdı. 

 

Respublika fizika-riyaziyyat məktəbinin şagirdləri ilk günlərdən riyaziyyat və fizika üzrə respublika və şəhər olimpiadalarında liderlik mövqeləri tutdular. İndi təkcə rəqəmlər səslənir, mən hazır nəticələr haqqında danışıram, amma bütün bu gözəl hekayətin arxasında atamın, elmə ürəkdən bağlı olan bir insanın gördüyü böyük işlər durur.

 

Onun şagirdləri, universitet tələbələri bizim evimizdə doğma uşaqlar kimi qarşılanırdı. Anamın sözlərinə görə, məşğələlərin bir qismi bizim evimizdə keçirdi. Atam materialı şagirdlərinə izah edən vaxtı anam uşaqlar üçün nahar və şam yeməyi hazırlayırdı, yəni atamın bütün işlərində ona dəstək verirdi.     Əminəm ki, məhz belə bir etibarlı ailə mühitində atam tamamilə öz işlərinə yüklənə bilirdi.

 

- Sovet dövründə belə bir məktəbi açmaq çox çətin idi. Kimlər atanızı dəstəkləyirdi? Məktəb necə açıldı?

 

- Siz haqlısınız, sovet dövründə hər şey heç də asan deyildi, hər bir ideyaya “lupa”nın gözü ilə baxırdılar. Atam sadə, mədəni ailədən idi. Onun nə zəngin valideynləri, nə də hansısa nüfuzlu insanların şəxsində himayəçiləri var idi. Mən indi sıxılmadan deyə bilərəm ki, o, gənclik illərində yay tətillərində dincəlmirdi,   məktəbə lazım olan ləvazimatları - dəftər, qələm və s. əldə etmək üçün işləyirdi. O, biliklərə o qədər aludə olmuşdu ki, hər hansı maneə qarşısında dayanmırdı. Elmə olan marağı onu SSRİ Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun aspiranturasına gətirmişdi, onun elmi rəhbəri tanınmış akademik Anatoli İvanoviç Maltsev olub. Respublika fizika-riyaziyyat məktəbi atamın qətiyyəti, inadkarlığı  və özünə olan inamı, belə bir məktəbin yaradılmasına ehtiyacın olmasına sarsılmaz əminliyi sayəsində açıldı.

 

Məsələ ondadır ki, yakutlar riyaziyyata çox meyillidir, bunu atam hələ Novosibirskdə işləyərlən hiss etmişdi, onun tələbələri arasında dəqiq fənlərə meyilliliyi olan yakut gənclər az deyildi. Mümkündür kü, o, öz müşahidələri nəticəsində Yakutiyaya gəlməyə razılıq vermişdi. Yakutiya Dövlət Universitetinin rəhbərliyi  Novosibirskdən dəvət olunmuş İsmayıl Əliyevin fizika-riyaziyyat məktəbinin açılması barədə ideyasını dəstəkləmişdi. Universitetin tədris korpusuna aid olan ikimərtəbəli bina və respublikanın ayrı-ayrı rayon və kəndlərindən gəlmiş uşaqların yaşadığı yataqxana da yeni məktəbə verilmişdi. Atama dəstək həm də Moskvadan Maarif  Nazirliyindən gəlmişdi. Razılaşın ki, indiki vaxtda belə bir şeyi təsəvvür etmək belə çətindir.

 

- Atanızın rəhbər tutduğu əsas pedaqoji prinsipləri nələr idi?

 

- Atamın əsaslandığı prinsiplər çox idi. Onların hamısı dəqiq və konkret idi.  Onlardan bəziləri barədə danışacağam. Birincisi, bu və ya digər müəllimi işə qəbul edərkən, hökmən onun ilk dərsində işirak edər, sinifdə birinci partada oturar və diqqətlə dərsin necə keçilməsinə qulaq asardı. Əgər bu müəllimin pedaqoji bacarıqları onu qane etməzdisə, onda  bu pedaqoqla vidalaşırdı. Atam öz fənnini  sevməyən müəllimi işdə saxlamağı  mənasız hesab edirdi. 

 

İkincisi, o, müəllimlərə məktəbə pis əhvali-ruhiyyədə gəlməyi qadağan edirdi. Bir dəfə dəhlizdə müqavilə ilə həm də universitetdə çalışan tarix müəllimilə rastlaşmışdı. Bu müəllim dəhlizdə qaşqabaqlı tərzdə əldə portfel gedirdi. Atam dərhal onu öz kabinetinə dəvət etdi və dedi: “Burada bütün respublikadan istedadlı uşaqlar oxuyurlar, onlar indi öz əzizlərindən uzaq yaşayırlar.

 

Siz anlamalısınız ki,  biz uşaqları yalnız öyrətməli deyil, həm də onlara valideyn istiliyi, nəvazişi hədiyyə etməliyik. Əgər sizin əhvali-ruhiyyəniz pisdirsə, onda yaxşı olar ki, işə heç gəlməyəsiniz, riyaziyyat dərsinizi mən keçərəm”. Atam müəllimlər iclasında tez- tez deyərdi ki, müəllim məktəbə sanki bayrama getdiyi kimi getməlidir, əks halda bu, iş deyil. Onun əqidəsinə görə, uşaqları heç nə narahat etməməli və həyəcan yaratmamalıdır,  belə olan halda onlar məmnuniyyətlə oxuyacaq və nəticələr olacaq.

 

Üçüncüsü, o, həmişə bir məsələdə tam əmin idi - pis şagird olmur. Pis müəllimlər var ki, uşaqlara az diqqət ayırırlar. Atam üçün uşaqların hansı ailədən olmaları qətiyyən əhəmiyyətli deyildi. O, uşaqların təhsilə can atmalarına diqqət yetirərdi. Belə hallar olurdu ki, dərslərdən 2 alan şagirdlə şəxsən məşğul olurdu və bu uşaq özünü düzəldirdi.

 

- Atanızın yaratdığı məktəbi digər təhsil ocaqlarından fərqləndirən əsas xüsusiyyətlər nələr idi?

 

- Respublika fizika-riyaziyyat məktəbi - rəsmən bu adla yaradılıb və indi Respublika liseyi kimi tanınır. Zaman keçdikcə adı istedadlı uşaqlar üçün məktəb kimi adlanmağa başlayıb. Məktəbdə aztəminatlı çoxuşaqlı ailələrdən olan şagirdlər təhsil alırdı. Bu, universitet nəzdində fəaliyyət göstərən yeganə məktəb idi. Burada  məktəb yaşlı uşaqlara universitet proqramı əsasında dərslər keçilirdi. Məktəbdə dərsin vaxtı  tələbələrin universitetdə keçdiyi məşğələlərin vaxtı qədər idi. Bu günə kimi məktəbin respublikanın ən ucqar guşələrindən oxumağa gələn şagirdləri üçün öz yataqxanası var.

 

- Məktəb mühiti necə idi və uşaqlara hansı keyfiyyətlər aşılanırdı?

 

- Fizika-riyaziyyat məktəbində təkcə tədrisə deyil, həm də mədəni proqramlara böyük diqqət ayrılırdı. Məktəbə qəbul olan uşaqlar öz təqdimatlarını edirdilər:  kimsə mahnı oxuyur, kimsə milli yakut alətində (xomus) ifa edir, kimsə səhnəciklər göstərirdi… Sonra isə birlikdə müəllifi uşaqların özlərinin olduğu  himni ifa edirdilər. Onlar məktəbi bu qədər sevirdilər. İndi bu uşaqlar böyüyüblər, atam yaşına çatıblar, baba-nənə olublar, onlar bu gün də ünsiyyət saxlamaqda davam edir, bir-birlərini dəstəkləyirlər - bütün bunlar təhsil müəssisəsinin onlara verdiyi tərbiyə və onlar üçün yaratdığı mühit sayəsində mümkün olub.

 

45 il əvvəl atamın yaratdığı respublika fizika-riyaziyyat məktəbi bu günə kimi yaşayır, çiçəklənir və ən əhəmiyyətli məqam da odur ki, təhsil ocağının şagirdləri olimpiadalarda lider mövqeləri saxlamaqda davam edirlər. Mən özüm də bir  jurnalist olaraq məktəblilərin beynəlxalq olimpiadalarda qalib gəlməsi və medallara layiq görülməsi barədə dəfələrlə məqalə yazmışam. Səmimi etiraf edirəm ki, mən bu materialları  qürurla yazırdım. Hər il məktəbin məzunları buraxılış imtahanlarında riyaziyyat üzrə ən yüksək - 100 ballıq nəticə göstərirlər. 

 

Qeyd etmək lazımdır ki, məktəbdə əsas fənləri indiyə qədər atamın işə qəbul etdiyi pedaqoqlar tədris edir. Onlar artıq yaşlı insanlardır, amma həminki həyəcan  və sevgiylə sevimli işləri ilə məşğul olurlar. Bundan başqa, iki il əvvəl məktəb üçün inşa olunmuş ayrıca binanın açılışı oldu, təhsil ocağı eyni yerdə, universitetin ərazisində yerləşir. Məktəb binasının açılışında respublikanın birinci şəxsləri iştirak edib. Qırmızı lenti anam, Yakutiyanın başçısı Yeqor Borisov və məktəbin indiki  direktoru İvan Şamayev birlikdə kəsiblər. Məktəbin yeni binasında onun yaradıcısı olan azərbaycanlı İsmayıl Əliyevin adını daşıyan böyül akt zalı var. Məktəbin  yubiley tədbirlərində atamın xatirəsi xoş, səmimi sözlərlə xatırlanır, gecələr keçirilir,  atamın yetirmələri olan alimlər, həmkarları dəvət olunur. Onlar  böyük səmimiyyət və hörmətlə  öz müəllimlərini yada salır, məktəbin  həyatından qəribə hadisələr danışırlar. Bizim ailəmiz də kənarda qalmır. Atamızın xatirəsini anırıq, ailəmizin qərarı ilə məktəbin qurucusu İsmayıl Əliyevin adına mükafat təsis edilib.  Hər tədris ilinin sonunda yekun tədbirdə məktəbin pedaqoji şurasının təqdimatı ilə biz mükafatı fərqlənən şagirdlərə təqdim edirik. Mükafatı beynəlxalq olimpiadalarda layiqincə iştirak edən uşaqlar alır. Bütün bunlar atamın xatirəsinə çəkmək niyyətində olduğum sənədli filmin əsasını təşkil edəcək.

 

- Atanızı necə xatırlayırsınız? Bir insan, ata, müəllim kimi o sizin yaddaşınızda necə qalıb?

 

- Mən onu yaddaşımda ən xeyirxah, ən həssas və ən qayğıkeş valideyn kimi  saxladım. Həqiqətən, bu gün müəllimlərdən kiminsə öz həyat yoldaşının əynindən kürkünü çıxararaq, onu ucqar rayondan, çoxuşaqlı ailədən oxumağa gəlmiş, valideynlərinin isti paltar almağa imkanı çatmayan qıza geyindirməsini təsəvvür etmək çox çətindir. Atam belə etdi, çünki hər bir şagirdi üçün öz övladı kimi narahatçılıq keçirirdi. Bu cür nümunələr onun həyatında saysız-hesabsız idi.    Mən və böyük bacım Zibaxanım professor atamızın izi ilə getmədik, iş elə gətirdi ki, mən jurnalistikanı, bacım tibbi seçdi. Bacım beynəlxalq dərəcəli həkim osteopat, onun həyat yoldaşı tibb elmləri doktoru, professordur və respublika xəstəxanasında cərrah işləyir.

 

Tələbələri deyir ki, İsmayıl müəllim M.V.Lomonosovun bu sözlərini rəhbər tuturdu: “Universitet nəzdində gimnaziyalar olmalıdır, universitet onlarsız toxumlarsız əkin yeri kimidir. Burada məktəb fənlərini tədris etmək lazımdır ki, məzunlar universitetlərin ən yüksək məşğələlərinə başlamaqda bacarıqlı olsunlar”.   O, bu işin dövlət əhəmiyyətli olması barədə özünə hesabat verir və yuxarı siniflərdə uşaqların təlimində diferensasiya prinsiplərinin təcrübədə reallaşdırılması vacibliyini dərk edirdi. Ən vacib məqam o idi ki, İsmayıl müəllimin məktəbində şagirdlərə müstəqil düşünməyi və işləməyi, oxuduqlarından və eşitdiklərindən şəxsi nəticələr çıxarmağı öyrədirdilər. Məktəbin riyaziyyat üzrə tədris proqramına  universitetdə öyrənilən kurslar daxil edilmişdi: “Ədədlər nəzəriyyəsi”, “Qalua nəzəriyyəsi”, “Qraflar nəzəriyyəsi”, “Kombinatorika” və başqaları.  Şagirdlər arasında məsələlərin həlli  üzrə daimi  yarışlar gedirdi. Hər gün internatın dəhlizində asılmış xüsusi cədvəldə kimin nə qədər riyazi tapşırıq həll etməsinə dair məlumat yerləşdirilirdi.

 

Məktəbin şagirdləri qarşısında duran  əsas tapşırıqlar bunlar idi: riyazi mədəniyyətə sahib olmaq; daim öz bilik ehtiyatını artırmaq; zəruri bilikləri müstəqil şəkildə əldə etməyi öyrənmək; elmi-tədqiqat işi aparmaq; mühazirəyə qulaq asa bilmək, mühazirəçinin çatdırmaq istədiyi əsas fikri tutmaq, düzgün konspekt yazmaq.

 

İsmayıl Əliyev şagirdlərinə  “Lazımsız informasiyanı qəbul etməməyi öyrənin, başınızı zibilləməyin, özünüzü qoruyun”, - deyə məsləhət görürdü. Axşam saat 10-dan sonra heç kəsə işləməyə icazə vermirdi, deyirdi ki, beyin gecə ərzində dincəlməlidir. Şagirdlərindən yuxu rejiminə dəqiq əməl etmələrini tələb edirdi.

 

 

İsmayıl Əliyevin tələbəsi, Qalina Moxnaçevskaya  (Saxa Respublikası): 

 

- O, öz ürəyini uşaqlara, sevdiyi işə həsr etmiş, adı böyük hərflərlə yazılan İnsan idi.  Novosibirskdə universitetdə oxuduğu illərdə onu çox parlaq gələcək gözləyirdi. O, riyaziyyat elminin ulduzu sayılan akademik Maltsevin sevimli tələbəsi  idi. İsmayıl Şahbazoviç Azərbaycana, vətənə gedə və ya Novosibirskdə qala, çox gözəl karyera əldə edə bilərdi. Amma o, hamını təəccübləndirərək bizim respublikanı seçdi. Öz seçimini edərkən əmin idi: azərbaycanlılar və yakutları ümumi türk qanı birləşdirir. Keçdiyi məşğələ və məktəb tədbirlərində bunu təkrarlamağı sevərdi.

 

 

 

Oruc MUSTAFAYEV