Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə keçirilən "Gəncliyin BİR həftəsi" adlı tədbirə indiyədək 500-dən çox müraciət olub.

 

Tədbirin beşinci günü proqramın “Yaşa” və “Yaşat” istiqamətləri çərçivəsində istedadlı tələbə-könüllülərin və musiqiçi qonaqların ifasında konsert proqramı keçirilib. Konsert proqramında 50 tələbə-könüllü iştirak edib.

 

Tədbirdə musiqiçi qonaqlar Əli Faiq Mirzə, Şahin Əlizadə, Yusif Abbas və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin istedadlı tələbə-könüllüləri İradə Abişova, Nejla Qasımova , Cabir Əliyev , Kənan İmanov , Zibeydə Əliyevanın çıxışları dinlənilib.

 

"Gəncliyin bir həftəsi" gənc tələbə-könüllülərin  şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanması məqsədi daşıyır.

 

"Gəncliyin bir həftəsi"ndə hər gün proqramın 6 istiqaməti (“Yaşa”, “Yaşat”, “Öyrən”, “Öyrət”, “Kəşf et”, “Zövq al”) üzrə təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı keçirilir.  

 

Tədbir fevralın 2-dək davam edəcək.

 

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20 000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü, təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.