"Mübariz İbrahimov - vətənpərvərlik nümunəsi" mövzusunda yazı müsabiqəsinə yekun vurulub


 

Fevralın 7-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə təşkil edilən "Mübariz İbrahimov - vətənpərvərlik nümunəsi" mövzusundakı yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

 

Müsabiqə Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi, jurnalist Şahin Sərdarlının təşəbbüsü ilə keçirilib. ADU-nun rektoru və professor-müəllim heyəti də şəxsi təşəbbüsləri ilə müsabiqəyə dəstək veriblər.

 

Tədbirdə ziyalılar, görkəmli ictimai-siyasi xadimlər iştirak edib.

 

Mərasimdə öncə Azərbaycan Prezidenti İlham Əliyevin Mübariz İbrahimovun dəfn mərasimində çıxışını əks etdirən videoçarx nümayiş olunub.

 

Sonra ADU-nun rektoru, münsiflər heyətinin sədri akademik Kamal Abdulla çıxış edərək  vətənpərvərliyin təbliği istiqamətində keçirilmiş müsabiqəni yüksək qiymətləndirib. Mübariz və onun kimi qəhrəmanların “Təki Vətən sağ olsun” deyərək düşmənin üzərinə yeridiklərini söyləyən K.Abdulla Vətən uğrunda canından keçən gənclərin qəhrəmanlıq dastanlarını xatırlatdığını deyib.  İnsan üçün onun həyatının əziz olduğunu deyən rektor dərk edərək ölümünə qarşı getməyin ölməzlik olduğunu bildirib.

 

 Daha sonra müsabiqənin münsiflər heyətində təmsil olunan jurnalist, filosof İlham Tumas, o cümlədən Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu və “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov müsabiqənin təşkilində əməyi keçənlərə təşəkkürlərini bildiriblər.

 

Layihə rəhbəri Azərbaycan Dillər Universitetinin tələbəsi və əməkdaşı, jurnalist Şahin Sərdarlı Mübarizin Azərbaycan gənclərinə nümunə olduğunu bildirib. O, qeyd edib ki, əziz şəhidlərimizin adlarını uca tutmaq, onları öz canımızdan da çox qorumaq hər bir gəncin mənəvi borcudur. Bu gün dövlətimizin şəhid ailələrini daim diqqətdə saxladığını, cənab prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək ehtiram göstərdiklərini vurğulayıb.

 

Qeyd edək ki, müsabiqədə 300 nəfərə yaxın şəxs iştirak edib. Müsabiqəyə tələbələr, müəllimlər, məktəb direktorları, o cümlədən ölkəmizin 25-ə yaxın rayonunun təhsil müəssisələrindən şagirdlər də qatılıb.

 

İştirakçılar arasından 1 nəfər 1-ci yerə, 2 nəfər 2-ci yerə, 3 nəfər 3-cü yerə, 7 nəfər isə həvəsləndirici mükafata layiq görülüb. Qaliblərə diplom və pul mükafatı təqdim olunub.