Şabran rayonunda filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyevin 70 illik yubileyi qeyd olunub. Xaqani Şirvani adına poeziya evində təşkil olunan yubiley tədbirində Şabran rayon rəhbərliyi, elm xadimləri,  müəllimlər iştirak ediblər.

 

43 il ali məktəbdə müəllim, baş müəllim, dosent, professor kimi çalışan Məmməd Əliyevin çapdan çıxan elmi əsərlərinin ümumi sayı 70-dən çoxdur. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışan professor Əməkdar müəllim adına layiq görülüb.

 

Tədbirdə  rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyevin elmi fəaliyyəti, yaradıcılığı barədə danışıb. Bildirilib ki, M.Əliyev ədəbiyyat nəzəriyyəsinin əsasları, Azərbaycan şeirinin vəzn və evfoniya problemləri, şeir sənəti haqqında bir sıra elmi əsərlərin və dərs vəsaitlərinin müəllifidir.

 

Çıxışlarda dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanda elmin sürətlə inkişaf etdiyi, bu istiqamətdə böyük nailiyyətlərin qazanıldığı bildirilib.

 

Sonda yubilyara Şabran Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.

 

 

Gülər HÜSEYNOVA,

Şabran Rayon Təhsil Şöbəsinin  ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi