Yaqub Mahmudov: "Tarix İnstitutunun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir"


Fevralın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi arxivi və kitabxanasının ilk elektron oxu zalının açılışı olub.

 

Alim və mütəxəssislərin iştirak etdikləri açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək ölkəmizdə elm və təhsillin inkişafına  xüsusi önəm verildiyini bildirib, bununla bağlı  reallaşdırılan tədbirlərdən söz açıb.

 

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bu elm müəssisəsinin Elmi arxivi və kitabxanası barədə məlumat verib. Tarix İnstitutunun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir,"-deyən alim elektron oxu zalının AMEA-da gedən islahatlar fonunda yaradıldığını diqqətə çatdırıb.

 

Qeyd olunub ki, son illərdə institutda arxiv sənədləri və kitabların elektron kataloqu hazırlanıb. Elmi arxiv və kitabxanada 170 min sənəd, 17 min kitab, "Azərbaycan" qəzetinin elektron və çap variantı (1993-2017), elmi jurnallar, dissertasiya işləri, xəritələr və s. var.

 

Yaqub Mahmudov bu elm müəssisəsinə Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər şəhərlərdən 100 mindən çox arxiv sənədi gətirildiyini söyləyib.

 

Kitabxanadakı 17 min kitabdan 10 mini ərəb dilində olan elektron kitablardır.İnstitutun arxivində Azərbaycanın görkəmli tarixçilərinin fondları da  var. Tarix İnstitutunda "Azərbaycan tarixi ilk mənbələrdə" layihəsi çərçivəsində arxiv sənədləri çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim olunur.

     

Sonra tədbir iştirakçıları Elmi arxiv və kitabxanada yaradılan şəraitlə tanış olublar.

 

 

Samirə KƏRİMOVA