Məşğələlər pilot layihə çərçivəsində təşkil olunub


“LDU-nun tədris-təcrübə  bazasından istifadə məktəblilər üçün faydalı oldu”. Bu sözləri Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin icrası ilə bağlı görülən işlərə  münasibət bildirərkən deyib. Rayonun təhsil rəsmisi Lənkəran Dövlət Universitetinin (LDU) Lənkəran şəhərinin tam orta məktəbləri ilə əməkdaşlığını hər iki tərəf üçün faydalı hesab edib: ”LDU-nun müasir laboratoriyalarından istifadə, burada ixtisaslı müəllimlərin iştirakı ilə aparılan praktik məşğələlər, keçirilən nümunəvi dərslər  yuxarı sinif şagirdləri  , kimya və biologiya fənlərini tədris edən müəllimlərimiz  üçün çox faydalı oldu.Universitetin professor-müəllim  heyətinin dedikləri mühazirələr  yuxarı sinif şagirdlərində ali məktəblə bağlı əyani təsəvvürün formalaşmasına müsbət təsir göstərdi. Əminəm ki, şagirdlərimiz universitetdəki şəraiti, sağlam ab-havanı, yeniləşən tədris bazasını, yüksək ixtisaslı müəllimləri görüb gələcəkdə məzun kimi seçim edəndə,  məhz bu ali təhsil ocağına  üstünlük verəcəklər. Məktəblilərə yaradılan şəraitə görə  rayonun təhsil   işçiləri adından Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda  olmaqla universitetin layihədə zəhməti keçən  professor-müəllim heyətinə minnətdarlığımızı  bildiririk”.

 

Qeyd edək ki,   Azərbaycan Respublikası Təhsil Nazirliyinin  “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi barədə”   əmrinə əsasən, Lənkəran Dövlət Universiteti Lənkəran, Astara,  Yardımlı rayonlarının tam orta məktəbləri ilə   əməkdaşlıq edir.

 

Bu il  4-13 fevral tarixində   pilot layihə çərçivəsində Lənkəran şəhərinin 7, 9, 10 nömrəli tam  orta məktəblərinin və Xarici Dillər Təmayüllü Gimnaziyanın  yuxarı sinif şagirdləri üçün kimya və biologiya fənlərindən nümunəvi “açıq  dərs”lər və laboratoriya məşğələləri keçirilib.  Nümunəvi  dərsləri və məşğələləri  universitetin   “Kimya və fizika” kafedrasının  müdiri,   kimya üzrə fəlsəfə doktoru, dosent  İsa Hüseynov,  dosent Gülbəniz Qədirova, kafedranın müəllimi Tərlan Ağazadə,  bilogiya və tibbi biliklər  kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Məhəmmədhüseyn Hüseynov, müəllim Murad Şahverdiyev   aparıblar. “Açıq dərs”lərdə nəzəri bilgilərlə yanaşı, şagirdlərə praktiki vərdişlər də aşılanıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

Xatırladaq  ki, bu gün  Xarici Dillər Təmayüllü Gimnaziyanın yuxarı sinif şagirdlərinə kimya və biologiya fənlərindən nümunəvi dərslər keçirilib.Gimnaziyanın kimya müəllimi Tofiqə Nuriyeva, biologiya müəllimi Zəhra Nəsirova   layihəni yüksək dəyərləndirərək şagirdlərin ixtisas və ali məktəb seçimlərinə müsbət təsir edəcəyini, praktik vərdişlərə yiyələnmələrinə yardımçı olacağını  bildiriblər.

 

Qeyd edək ki, layihə davamlı olacaq və mart ayında, yaz tətili günlərində  Astara və Yardımlı rayonlarının  tam orta məktəblərinin yuxarı sinif   şagirdlərinə  də  LDU-nun  tədris-təcrübə bazasından yararlanmaq imkanı yaradılacaq.