Ali təhsil sistemində təqaüd almaq hüququ qazanan tələbələrin sayı 16 min nəfər artırılacaq. Hazırda ali təhsi müəssisələrində təqaüd alan tələbələrin sayı ilə müqayisədə bu 30 faiz artım deməkdir.

 

Nazir Ceyhun Bayramov bu gün keçirdiyi brifinqdə deyib ki,  bu artım Azərbaycan Prezidentinin “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncama uyğun olaraq martın 1-dən tətbiq ediləcək.

 

Nazir onu da qeyd edib ki, bu artımdan sonra təqaüd yerlərinin sayı dövlət sifarişli yerlərin sayından artıq olacaq.  Onun sözlərinə görə, indiyədək təqaüd yerlərinin sayı dövlət sifarişli yerlərin sayına bərabər idi: “Sadəcə olaraq, həmin təqaüd üçün hər kəs, o cümlədən ödənişli əsaslarla təhsil alanlar da  rəqabət aparırdı. Ayrılan təqaüdü ilk 6 ayda dövlət sifarişli yerləri qazananlar alır, sonrakı semestrlərdə akademik göstəricisi yüksək olanlara verilirdi. Növbəti mərhələdə təqaüd yerlərinin sayı dövlət sifarişli yerlərin sayından artıq olacaq ”.

 

Qeyd edək ki, növbəti dövrlər üçün də hədəflər müəyyən edilib.  2019-2020-ci akademik ilində təqaüd alan tələbələrin sayı 45 faizdən az olmamalıdır. 2020-2021-ci akademik ilində isə təqaüdün məbləği müvafiq olaraq 50 faizdən az  olmamaqla müəyyən ediləcək.