Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da 14 fevral-Beynəlxalq Kitabbağışlama Gününə həsr olunmuş tədbir keçirilib. Paytaxtdakı 8 nömrəli tam orta məktəbin şagirdləri “Açıq kitabxana”nın qonağı olublar. Kitabxananın direktoru, professor Kərim Tahirov  mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan bəhs edib. Bildirib ki, bugünkü tarix kitabsevərlər üçün ən gözəl bayramdır və kitabı sevdirmək üçün onu hədiyyə etməkdən başlamaq lazımdır. Bu gün bütün dünyada insanlara kitab hədiyyə etməklə qeyd edilir. İllərdir oxuduğumuz, təkrar oxumayacağımız kitabları başqalarına, ətrafımızdakı insanlara bağışlaya, onların da faydalanmalarını təmin edə və bununla mütaliəni dəstəkləyə, onları mütaliəyə təşviq edə bilərik.

 

Tədbirdə  şagirdlər arasında mütaliənin təbliği məqsədilə onlara kitabxana tərəfindən kitablar hədiyyə edilib.

 

 

   Sifai SƏFƏROVA