Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib.

 

Tvinninq layihəsinin “Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi” adlı  üçüncü komponenti  çərçivəsində Azərbaycana səfər edən ekspert qrupuna Litvanın Vilnüs Gediminas Texniki Universitetinin tədris işləri üzrə prorektoru Nora Skaburskiene və Latviyanın Ali Təhsildə Keyfiyyət Agentliyinin (QAHE) direktor müavini Yolanta Silka daxildir.

 

Missiyanın məqsədi Akkreditasiya və Nostrifikasiya İdarəsinin, eləcə də ali təhsil müəssisələrinin akkreditasiya sahəsində potensialının artırılmasına dair seminarların keçirilməsi və əvvəlki missiyalar çərçivəsində Tvinninq ekspertləri tərəfindən proqram akkreditasiyası üzrə hazırlanmış meyar və göstəriciləri ali təhsil müəssisələrinin nümayəndələri ilə müzakirə etməkdir.

 

Missiya çərçivəsində layihənin pilot universitetləri olaraq seçilmiş Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində qeyd olunan universitetlərin, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin nümayəndələri üçün proqram akkreditasiyası mövzusunda seminarlar keçirilib və bu sahədə Avropa təcrübəsi seminar iştirakçılarının diqqətinə çatdırılıb.  

 

Seminarlar zamanı layihənin ekspertləri, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşları tərəfindən birgə işlənib hazırlanmış “Proqram akkreditasiyası üzrə meyarlar və göstəricilər” adlı sənəd layihəsi universitet nümayəndələri ilə müzakirə edilib.

 

Seminarlarda 5 pilot universitetdən ümumilikdə 60-dan çox nümayəndə iştirak edib. Missiya zamanı ekspertlər tərəfindən ali təhsil müəssisələri üçün “Təlim nəticələrinin yazılması üzrə təlimatlar” adlı sənəd də işlənib hazırlanıb.

 

 

 



Bölmənin digər xəbərləri