Rusiyalı ekspert tədbirdə məruzə edib


Azərbaycan Respublikası Prezidentinin “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar olaraq 14 fevral 2019-cu il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Məktəbinin lektoriyasında universitetin professor-müəllim heyəti üçün “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması texnologiyaları” mövzusunda “Clarivate Analytics” şirkətinin Rusiya bölməsinin elmi informasiya resursları üzrə eksperti, filologiya üzrə fəlsəfə doktoru Valeriya Kurmakayevanın iştirakı ilə seminar keçirilib.

 

Seminarı  ADPU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev açaraq məruzəçi ekspert Valeriya Kurmakayevanı ADPU-nun rektoru professor Cəfər Cəfərovun və tədbir iştirakçılarının adından salamlayaraq, şirkətlə universitet arasında yaradılan əməkdaşlığın əhəmiyyətindən danışıb, bu əlaqələrdən məmnunluğunu ifadə edib.  Bildirib ki, təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində  artıq Pedaqoji Universitetdə keyfiyyətli tədrislə yanaşı, mükəmməl elmi-tədqiqat işləri də aparılır. ADPU-nun hədəflərindən biri  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 610 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün tələblər”ə cavab verən universitet modelinə keçidə nail olmaqdır.

 

Bunun üçün doktorantura səviyyəsində kadr hazırlığı aparılan zaman əsas diqqətin “Web of Science”, “SCOPUS” kimi beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda məqalələrin çap olunmasına şərait yaradılması vacib amil olaraq önə çəkilib. Buna görə də son üç ildə ADPU alimlərinin impakt-faktor göstəricili jurnallarda çap olunan məqalələrinin sayı 4,5 dəfə artıpb. Həmçinin Y.Alıyev qeyd etdi ki, ADPU-da professor-müəllim heyəti, kafedralar və fakültələr arasında “Reytinq qiymətləndirilməsi”nin tətbiq edilməsi ilə yaranmış rəqabət mühiti sayəsində əsaslı müsbət dönüş yaranıb. “Artıq əməkdaşlarımız arasında “Thomson Reuters” Agentliyinin siyahısına düşən beynəlxalq elmi jurnallarda məqalələr çap etriməyə daha böyük təlabat yarandığından “Clarivate Analitics” şirkətinin imkanlarından istifadə etməyi ən doğru seçim kimi önə çəkmişik”- deyə o bildirib. Pedaqoji Universitetin elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanovun təşəbbüsü ilə “Clarivate Analytics” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi ilə mütamadi olaraq görüşlər təşkil olunur. “Elm günü” ilə bağlı həyata keçirilən tədbirlərdən biri də professor-müəllim heyətinin, magistr və doktorantların “Web of Science” platformasına daxil olaraq yüksək indeksli beynəlxalq jurnallarda məqalələrə qoyulan tələblər, seçim meyarları və digər praktiki məsələlərlə bağlı məlumatlar vermək üçün “Clarivate Analytics” şirkətinin eksperti Valeriya Kurmakayevanın seminarının təşkil edilməsidir.

 

Sonra “Clarivate Analytics” şirkətinin eksperti Valeriya Kurmakayeva universitetin professor-müəllim heyəti üçün “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması texnologiyaları” mövzusunda seminar öz işinə başlayıb. Məruzəçi seminar iştirakçılarına “Web of Science” platformasına daxil olmaq, platformada axtarışın səmərəli aparılması, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, seçim meyarları və digər praktiki məsələlərlə bağlı məlumatlar verib. Bildirilib ki, bu gün alimlər, mütəxəssislər apardıqları tədqiqat işlərinin nəticələrinə uyğun olaraq yazdıqları məqalələrin çap etdirilməsi zamanı hiyləgər işbazların toruna düşür. Nəticədə isə uzun müddət əziyyət çəkərək yazdıqları tədqiqat işləri mötəbərliyini itirir, həmçinin də müəlliflər böyük miqadarda pul itkiləri ilə üzləşir.

 

V. Kurmakayeva seminar iştirakçılarına fırıldaqçıların və işbazların toruna düşməmək üçün əsas diqqət yetiriləcək bir çox məqamlara toxunub.

 

Seminarın sonunda ekspert universitetin professor-müəllim heyətinin mövzu ilə bağlı suallarını cavablandırıb.