Məktəbdə İ.Nəsimiyə həsr olunmuş tədbir


Böyük  Azərbaycan şairi  İmadəddin Nəsiminin  şərəfli adı Yaxın Şərqdə  mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir. Altı  əsrdən  artıqdır ki,   məsləki uğrunda dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz sözündən dönməyən bu mərd insanın faciəli ölümü onu  əbədiyyət üfüqünün günəşinə çevirdi.

 

Nəsimiyə görə, insan öz gözəl əməlləri ilə əbədiyyətə  qovuşa  bilər.  “Mən əbədiyyət üfüqündə doğan eşq günəşiyəm”   deməklə insanlığa xidmət etməyi, ömrünü mənalı keçirərək özündən bir yadigar, xoş xatirə qoymağı bacara bildi. Bu da hər kəsə nəsib olamur.

 

Azərbaycan Respublikasının  Prezidenti   İlham Əliyevin sərəncamına əsasən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili”  elan olunması hər bir azərbaycanlıda  iftixar  hissi yaratdı.  İnanırıq ki, “Nəsimi ili” çərçivəsində həyata keçiriləcək tədbirlər bu böyük şairin yaradıcılığının  öyrənilməsində  dönüş yaratmaqla  yanaşı, yeni  nəsimişünaslar nəslinin  yetişməsinə səbəb olacaq.

 

Bu fikirlər  Bakı şəhəri  320 nömrəli  tam orta məktəbdə  İ.Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş tədbirdə səslənib.

 

Tədbirdə məktəbin ədəbiyyat müəllimləri, kitabxanaçılar və şagirdlər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Nəsiminin  650 illik yubleyi  ilə əlaqədar kitabxanada təşkil olunmuş sərgi ilə  tanış olublar. Məktəbin  rəssamlıq qabiliyyəti olan şagirdlərinin  Nəsimiyə və onun yaradıcılığına  hərs olunmuş  portretlər və  illüstrasiyalarla  tanış olublar.  IX a   sinfinin şagirdləri     Xədicə Yusifova   və Zamirə Şirinovanın  əl işləri  hər kəs  tərəfindən  maraqla qarşılanıb.

 

Sonra tədbir məktəbin akt zalında davam edib. Məktəbin direktoru Yaşar Əliyev Nəsiminin  həyat yolu və yaradıcılığına aid çıxış edib .O, tədbir iştirakçılarına   Nəsimi haqqında elm aləminə indi məlum olan yeni məlumatlar çatdırıb.

 

Daha sonra məktəbin ədəbiyyat müəllimi  Anar Pənahovun  filosof şairin yaradıcılığı  barədə geniş məlumat verib. Onun  şairin “ Məndə sığar iki cahan”   adlı məşhur şerinin   təhlilini verməsi tədbir iştirakçılarının marağına səbəb olub.

 

Məktəbin ədəbiyyat  müəllimlərindən Nübar Əsgərovanın, Kifayət Vəliyevanın, Leyli İsmayılovanın, Adilə Tağıyevanın da Nəsimiyə həsr olunmuş çıxışları dinlənilib. Tədbirin sonunda məktəbin şagirdləri Nəsiminin  şeirlərini ifa ediblər.

 

 

Rəşad ZIYADOV