Tədbiri AMEA Naxçıvan Bölməsi, Naxçıvan MR Yazıçılar Birliyi, “Naxçıvan” Universiteti və NDU birgə təşkil edib


AMEA Naxçıvan Bölməsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

 

Tədbir AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi, “Naxçıvan” Universiteti və Naxçıvan Dövlət Universiteti tərəfindən birgə təşkil olunub.

 

Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamlarına uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada silsilə tədbirlər keçirildiyini bildirib. Alim sözügedən sərəncamları təkcə Mirzə Cəlilə deyil, bütünlükdə Azərbaycan ədəbiyyatına verilən dəyər kimi qiymətləndirib.

 

Sonra İsmayıl Hacıyev Azərbaycan ədəbiyyat tarixində xüsusi yer tutan böyük yazıçı və ictimai xadim, Naxçıvan ədəbi mühitinin yetirməsi, “Molla Nəsrəddin” satirik məcmuəsinin və eyniadlı ədəbi məktəbin yaradıcısı Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılıq fəaliyyəti barədə ətraflı məlumat verib.

 

Alim Cəlil Məmmədquluzadə yaradıcılığına, onun ədəbi-mədəni irsinə göstərilən dövlət qayğısindan da bəhs edib. Diqqətə çatdırıb ki, ölkəmizdə bir sıra mədəni-maarif müəssisələrinə ədibin adı verilib. Onun vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi Cəlilkənd adlandırılıb. Bakı və Naxçıvanda Cəlil Məmmədquluzadənin ev-muzeyləri, Nehrəm və Cəlilkənddə xatirə muzeyləri yaradılıb. Həmçinin Naxçıvan və Cəlilabadda ədibin heykəli qoyulub.

 

Bölmə sədri əlavə edib ki, görkəmli yazıçının əsərləri latın qrafikası ilə yenidən çap olunub, bir sıra xarici dillərə tərcümə edilib, yaradıcılığının tədqiqi və təbliği istiqamətində mühüm işlər görülüb.

 

Konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Azərbaycan milli tənqidi realizminin banisi və ideoloqu-Cəlil Məmmədquluzadə”, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar “Kiçik hekayənin böyük ustadı-Cəlil Məmmədquluzadə”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili problemi”, “Naxçıvan” Universitetinin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq”, Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov “Cəlil Məmmədquluzadə dramaturgiyasında konflikt və xarakter” mövzusunda məruzələr ediblər.