Tədbirdə qızdırılma aparatının optimal idarə olunması məsələsindən danışılıb


Fevralın 20-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda ümuminstitut seminarı keçirilib. Seminarda İdarəetmə Sistemləri İnstitutunun “Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Kamil Aydazədə “Paylanmış parametrli sistemlərdə nəzarət nöqtələrinin optimallaşdırılması ilə bir sintez idarəetmə məsələsi” mövzusunda məruzə edib.

 

Məruzədə istilik daşıyıcısı üçün qapalı sistemdə istiliyin verilməsini təmin edən qızdırılma aparatının optimal idarə olunması məsələsindən danışılıb. Baxılan məsələdə idarəetmə üçün əks-əlaqədən istifadə olunub. Belə ki, aparatın ayrı-ayrı nöqtələrində quraşdırılmış ölçü cihazlarından prosesin vəziyyəti haqqında daxil olan informasiyaya görə idarəetmənin cari qiyməti müəyyən olunur. İdarəetmə prosesinin riyazi modeli birinci tərtib yüklənmiş hiperbolik tənliklə təsvir olunur.

 

İşdə funksionalın qradiyentinin komponentləri üçün düsturlar alınmışdır ki, bu da məsələnin ədədi həllinə birinci tərtib optimallaşdırma üsullarının tətbiqinə imkan verir. Məsələnin ədədi həlli üçün test verilənlərinə görə kompüter eksperimentləri aparılmışdır.