Ölkəmizdə tələbə gənclərin təhsil almalarının stimullaşdırılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilməkdədir. Dövlət başçısı İlham Əliyevin bu günlərdə  imzaladığı,  tələbələrin və doktorantların sevinclə qarşıladığı ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin  artırılmasını nəzərdə tutan sərəncamları və fərmanı da məhz Azərbaycan gəncliyinə göstərilən qayğının əyani sübutudur. Müsahibimiz olan təhsil işçiləri bununla bağlı fikirlərini bölüşüblər.

 

 

Fərrux Rüstəmov (Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi):

 

-Son illərdə təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi  məqsədilə ümumi təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, ali təhsilin  Avropa standartlarına uyğunlaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, insan resurslarının inkişaf etdirilməsi, müasir standartlara cavab verən  təhsil infrastrukturlarının yaradılması istiqamətində  mühüm işlər görülüb. 500-dən artıq bal toplayan, seçimdə ilk yerə müəllimlik ixtisasını yazan 300 tələbəyə 100 manat həcmində "Gələcəyin müəllimi" təqaüdü verilib, müxtəlif ixtisaslar üzrə  istedadlı tələbələr üçün SABAH qrupları təşkil olunub.Təhsilin keyfiyyətinin yüksəldilməsinə hədəflənən  bu kimi tədbirlər artıq daha intensiv xarakter alıb.

 

Bu günlərdə  tələbələrin və doktorantların sevincinə səbəb olan, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılmasını nəzərdə tutan ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və fərman təhsilalanların qayğısı ilə  bağlı dövlətin həyata keçirdiyi  siyasətin bariz nümunəsidir. Sərəncamlar və fərman  ali təhsilə marağı stimullaşdırmağa,  əhalinin bütün təbəqələri üçün ali təhsilin əlçatan olmasını təmin etməyə, dövlət hesabına və ödənişli əsaslarla təhsil alanlar arasında  sağlam rəqabət mühitinin yaradılmasına, elmə  daha perspektivli gənclərin gəlməsinə xidmət edir. Azərbaycan Respublikasında tələbələrin təhsil almasının stimullaşdırılması istiqamətində illərdir  ki, ardıcıl dövlət siyasəti həyata keçirilir.  110 min tələbənin  təqaüdlərinin artırılmasını nəzərdə tutan bu sərəncam kompleks xarakter daşıyır və üç əsas konseptual məsələni əhatə edir.

 

Birincisi,  bakalavriatura və magistratura səviyyəsində təhsil alan tələbələrin və doktorantların (fəlsəfə doktoru və elmlər doktoru) təqaüdlərinin məbləğinin artırılmasını nəzərdə tutur. Ali təhsil pilləsinin hər üç səviyyəsində  artım  diferensiallaşdırılmış şəkildə həyata keçiriləcək, yəni təhsilalanların akademik göstəriciləri nəzərə alınacaq. Bu da təbii ki, obyektivliyi, şəffaflığı təmin etməklə yanaşı təhsilalanları stimullaşdıracaq, onlarda daha yaxşı oxumağa, öyrənməyə, akademik göstəricilərə nail olmağa motivasiya yaradacaq. Tələbə və doktorantların  təqaüdlərinin artırılması üçün təhsil nailiyyətlərinin əsas amil kimi götürülməsi  sadəcə maddi  təminatın ödənilməsinə deyil, həm də yüksəkixtisaslı kadr  hazırlığının həyata keçirilməsinə hesablanıb. Bu kimi məqsədyönlü tədbirlər  universitetlərimizi fərqlənmə diplomu ilə bitirən gəncləri və xarici ölkələrin nüfuzlu ali məktəblərindən məzun olanların doktoranturaya  gəlməsini, elmi fəaliyyətlə məşğul  olmasını təmin etməklə yanaşı,  həm də daha keyfiyyətli tədqiqatların aparılmasına və dünya çapında millətimizi layiqincə təmsil edən yeni   elmi nəslin formalaşmasına təkan verəcək.

 

İkincisi, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının artırılması nəzərdə tutulur. Bu məsələ çoxdan idi ki, pedaqoji ictimaiyyəti narahat edirdi. Dövlət sifarişli yerlərin azlığı bəzi halda nisbətən yüksək nəticə göstərən tələbələrin arzularının reallaşmasına imkan vermirdi, təqaüd ala bilmirdilər. Birdən-birə  təqaüd alan tələbələrin sayının 16 min nəfər artırılması, 54 təhsil müəssisəsində  dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayının 54 min nəfərdən 70 min nəfərə çatmasını təmin edəcək. Hesab edirəm ki, müasir reallıqlar baxımından  bu, çox ciddi  nailiyyətdir.

 

 

Üçüncüsü, dövlət sifarişli ixtisaların sayının artırılması nəzərdə tutulur. Azərbaycan təhsili üçün mühüm yenilik olan bu  tendensiyanın davam etdirilməsi  ölkədə ali təhsil almanın hamı üçün əlçatan olmasına hesablanıb. Etiraf edək ki, xeyli abituriyent ödənişli ixtisaslara qəbul olsa da qeydiyyatdan keçmir, yaxud da  ali məktəblərin birinci və ya ikinci tədris ilindən təhsil haqqını ödəyə bilmədiyinə  görə universitetlərdən xaric olunurlar. Rəsmi məlumatlara görə, 2018-ci ildə ali təhsil müəssisələri üçün  43 min plan yerinin yalnız 12 mini dövlət sifarişli ixtisaslar olub.  Cənab Prezidentin imzaladığı sərəncama uyğun olaraq bu rəqəm  21 minə, 2020-ci ildə 25 minə çatdırılacaq. Mərhələli şəkildə həyata keçiriləcək bu siyasət ölkədə ali təhsilin ödənişsiz olmasını təmin edəcək.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələbələrin təqaüdlərinin artırlması ilə əlaqədar sərəncamı dövlətin təhsil siyasətinin konkret təzahürü olmaqla yanaşı, maddi kapitalın insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən böyük qayğının daha bir əməli ifadəsidir.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim və tələbə kollektivi möhtərəm Prezidentimizin müstəqil dövlətimizin daha parlaq gələcəyi naminə tələbə gənclərə göstərdiyi qayğını təhsildə yeni keyfiyyət mərhələsinin  başlanğıcı kimi yüksək qiymətləndirir, sərəncamı respublikamızın inkişafı və tərəqqisinə xidmət edəcək  məqsədyönlü tarixi qərar kimi qəbul edirlər. Dövlətin tələbə gənclərə göstərdiyi bu diqqət və qayğı onların məsuliyyət hissini artırmaqla yanaşı  üzərlərinə böyük vəzifələr qoyur. İnanırıq  ki, tələbələrimiz elmin sirlərini öyrənmək üçün  daha səylə çalışacaq, yüksəkixtisaslı kadrlar kimi yetişəcək, dövlətə və dövlətçilyə sədaqətləri ilə dövlət başçısının onlara göstərdiyi yüksək etimadı doğruldacaqlar. 

 

 

 

Mahirə Hüseynova (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor ):

 

 - İlk əvvəl onu vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin  imzaladığı sərəncamlar və fərman  bütün ali təhsil ocaqlarında olduğu kimi, çalışdığım Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim-tələbə kollektivi arasında da  böyük minnətdarlıq hissi ilə qarşılandı. Bu sənədlər büdcəsi sosialyönümlü olan bir dövlətin apardığı siyasətin təzahürü oldu. Yeri gəlmişkən, həmin siyasətin bünövrəsi 1993-cü ildən, ümummilli liderimiz Heydər Əliyevin Azərvaycan Respublikasına rəhbərlik etdiyi vaxtdan başlayıb və bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Sərəncamın ruhunun Azərbaycanda təhsilə qayğının təzahürü olmasından əlavə, onu cənab Prezidentin “Neft kapitalını insan kapitalına çevirməliyik” fikrinin həyata keçirilməsi istiqamətindəki növbəti addımların biri kimi də qəbul edirik. Ümidvarıq ki, Azərbaycan Prezidentinin növbəti dəfə doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin artırılması ilə bağlı imzaladığı sərəncam gənclərin təhsilinin inkişafına növbəti töhfə, tələbələrin təhsillərinin keyfiyyətini  artırmalarına, onların daha yaxşı oxumalarına yeni stimul olacaq.

 

Təqaüdlərin artırılması ilə tələbələrin daha da həvəsləndirilməsinin və nəticə olaraq təhsil prosesində yüksək nailiyyətlərə can atılmasını görməyimizlə bərabər, onların sosial müdafiəsinin gücləndirilməsinin  də şahidi olacağıq.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin bakalavr və magistr pillələrində təhsil alan 1200-ə yaxın tələbə adından ölkə başçısına bu istiqamətdə atdığı konkret addımlara görə minnətdarlığımı bildirirəm.

 

Cəmiyyətin hər bir üzvü cənab Prezidentin bütün sosialyönlü sahələrlə bağlı verdiyi qərarları  kimi, imzalanan bu sənədi də yüksək qiymətləndirdi. Bu isə Azərbaycan cəmiyyətinin təhsilə verdiyi önəmlə bərabər, onun öz gələcəyini elmi inkişafdan kənarda təsəvvür etməməsi ilə birbaşa bağlıdır.

 

 

Səbuhi Tanrıverdiyev (Azərbaycan Dövlət İqtisad Universitetinin "Distant, qiyabi və əlavə təhsil Mərkəzi"nin direktoru):

 

-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı fərman və sərəncamları bütün təhsil ictimaiyyəti kimi UNEC-in professor-müəllim heyəti və tələbələri tərəfindən də çox böyük sevinc və minnətdarlıqla qarşılanıb.  Bu dövlət tərəfindən tələbə və doktorantlara göstərilən xüsusi diqqət və qayğının əyani təzahürü kimi dəyərləndirilir. Ölkəmizdə təhsilin inkişafı istiqamətində uğurlu islahatlar aparılır ki, həmin  islahatlar da özlüyündə dövlətin gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir və gənclərin təhsil səviyyələrinin yüksəlməsinə, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir.  

 

Qeyd edək ki, imzalanmış sərəncamlar mahiyyət etibari ilə özündə insan kapitalının inkişafına yönəlik tədbirləri nəzərdə tutmaqla tələbələrdə motivasiyanın, sağlam rəqabətin artmasına, akademik göstəricilərin yüksəlməsinə, təhsilin keyfiyyətinin artmasına və dolayısı ilə əmək bazarının daha peşəkar mütəxəssislərlə təmin olunmasına çox ciddi təsir edəcək addımlardır. Həyata keçiriləcək tədbirlər tələbələrin sosial müdafiəsini gücləndirəcək ki, bu da son nəticədə  onların maddi durumlarının yaxşılaşdırılmasına, dərslərə daha yaxşı hazırlaşmalarına, tədris üçün lazımlı vasitələrlə daha yaxşı təmin olunmalarına, istədikləri kitabları əldə edə bilmələrinə yardımçı olacaq. Çünki tələbələr maddi cəhətdən yaxşı təmin olunduqca daha çox oxumağa meyilli olacaqlar. Eyni zamanda sərəncamlar nəticəsində tələbələrin təqaüdlərinin artan hissəsi məxsus olduqları ailələrin həmin tələbəyə çəkdiyi xərclərin qarşılanmasında əhəmiyyətli rol oynayacaq. Nəzərə alsaq ki, bir ailədə bir neçə tələbə təqaüd ala bilər, onda məsələnin önəmi daha qabarıq ortaya çıxmış olur.

 

Dövlət başçısı tərəfindən həyata keçirilən bu tədbirlərdən sonra tələbələrin özü və ali təhsil müəssisələri arasında rəqabət ciddi şəkildə artacaq və tələbələr akademik göstəricilərini artırmaq, təqaüdçülər sırasına düşmək, daha yüksək təqaüdlər almaq üçün ciddi yarışa girəcəklər. Təbii ki, bu halda  təhsilin səviyyəsi və keyfiyyəti artmış olacaq. Tələbələrin təhsil almaq, növbəti təhsil pillələrində təhsillərini davam etdirmək istiqamətində ciddi stimul yaranacaq. Eyni zamanda elmi-tədqiqatlarla məşğul olmaq istəyən gənclərin sayı artacaq. Məhz belə stimullaşdırıcı tədrbirlər onların magistratura və doktoranturada elmi tədqiqatlarını davam etdirməyə ciddi maddi təminat kimi çıxış edəcək.

 

         

Rafiq Yusifoğlu (Sumqayıt Dövlət Universitetinin "Azərbaycan və xarici ölkələr ədəbiyyatı" kafedrasının professoru, Əməkdar mədəniyyət işçisi):

 

-Hər bir ölkənin qüdrətinin təbii nemətlərdən, iqlimdən, iqtisadi, hərbi gücdən başqa, onun intellektual sərvətindən xeyli dərəcədə asılı olması danılmaz amillər sırasındadır. Bu baxımdan, elmin, təhsilin, səhiyyənin, mədəniyyətin, incəsənətin, eləcə də idarəetmənin müxtəlif strukturunda  çalışacaq yüksəkixtisaslı gənc mütəxəssislərin hazırlanması olduqca vacib, strateji əhəmiyyət kəsb edən bir məsələdir və elə buna görə də bu, həmişə dövlətin diqqət mərkəzində dayanır. Ona görə ki, respublikamızın gələcək taleyi məhz bu gün hazırladığımız kadrların əlində olacaqdır.

 

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bakalavr, magistrant və doktorantların maddi durumunun yaxşılaşdırılması, onların təqaüdlərinin artırılması ilə bağlı sərəncamı xüsusi əhəmiyyət kəsb edir və təhsilimizin qarşısında yeni üfüqlər açır, gəncləri elmlə, təhsillə daha böyük həvəslə məşğul olmağa ruhlandırır. Bundan sonra maddi durumu dövlət tərəfindən lazımi səviyyədə təmin edilən istedadlı gənclərin elmlə, təhsillə məşğul olmağa daha çox həvəsləri olacaqdır.

 

Bizim universitetimizdə də tələbələrə, magistrant və doktorantlara olan yüksək səviyyəli dövlət qayğısının yeni təzahürü böyük razılıq hissi ilə qarşılanıb. Biz əminik ki, dövlət səviyyəsində yüksək qayğı və  diqqət gənclərin məsuliyyətini, onların yaradıcılıq əzmini xeyli dərəcədə artıracaq.

 

Ölkə başçısının bu tarixi sərəncamları Azərbaycan elminin, təhsilinin inkişafına yeni istiqamət və yüksəkixtisaslı kadr hazırlığına öz qiymətli töhfələrini verəcəkdir.

 

 

Bayram Aslanov (Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri, "Melorasiya və su təsərrüfatı  tikintisi" kafedrasının baş müəllimi):

 

-İlk öncə başlayaq ödənişli təhsilalan tələbələrə təqaüd alabilmə imkanının yaradılması məsələsindən. Mənim fikrimcə, tələbələrin təqaüdü ilə bağlı verilmiş bu qərar onların təhsil həyatına çox böyük  müsbət təsirini göstərəcək. Son illər tələbələr arasında sağlam bir rəqabət formalaşıb ki, bu da öz növbəsində inkişaf üçün çox vacibdir.Tələbələr arasında apardığımız müşahidələr onu deməyə əsas verir ki,  bu qərar ödənisli əsaslarla təhsil alan tələbələri sanki təhsil uğrunda bir marafona  səslədi.Və tələbələr artıq bu marafonda birincilik uğrunda böyük əzmlə mübarizə aparmağı qərarlaşdırıblar.

 

Təhsil alan gənclərin təqaüdlərinin artırılması  haqqında dövlət başçısının bir daha düşünməsi, tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı verdiyi  fərman və sərəncamları neft kapitalının insan kapitalına çevrilməsi yolunda böyük addımlarla irəliləməkdə olduğumuzun əyani sübutudur. Yeni artımla tələbələrin alacaqları təqaüd onların gündəlik xərclərini ödəməklə bərabər, həm də daha mükəmməl təhsil almaları üçün böyük bir motivasiyadır. Əlbəttə ki,  daha yaxsı oxumağa can atan tələbə birmənalı olaraq daha yaxsı bir gənclik, layiqli bir vətəndaş olaraq yetişəcək, təhsil aldığı ixtisası üzrə gözəl bir mütəxəssis kimi formalaşacaqdır. Bu isə gəncliyimizə və gələcəyimizə edilmiş ən gözəl töhfələrdəndir.

 

 

Şahmar   Rəfili (Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi" kafedrasının doktorantı):

 

-Azərbaycan Respublikası Prezidentinin doktorantların, ali və orta təhsil müəssisələrində təhsil alan bakalavr və magistr tələbələrinin təqaüdünün artırılması barədə sərəncamı bir doktorant kimi məni də sevindirdi. Bu artım doktorantura pilləsində təhsil alan tələbələr üçün böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, alacağımız bu təqaüd tədqiqat işləri ilə məşğul olmağımız və apardığımız  tədqiqatların nəticələrini nəşr etdirmək üçün lazım olan xərcləri qarşılayacaqdır.

 

 

 

Mən Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib artıq doktorant kimi öz təhsilimi davam etdirirəm. Cənab Prezidentin təhsilə, gənc doktorantlara, tələbələrə göstərdiyi qayğı və dəstək zəmin yaradır ki, biz doktorantlar  bu pilləni də uğurla başa vuraraq və vətənə layiqli bir elmi işçi kimi yetişək.

 

 

Samirə KƏRİMOVA