Fevralın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.

 

Tədbirdə çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev ana dilinin qorunmasının əhəmiyyətindən danışıb. Doğma dilin varlığının ən vacib amil olduğunu qeyd edən A.Babayev ana dili ilə qürur duymaq, onu qorumaq və inkişaf etdirməyin xüsusən də gənclər üçün ən ali məqsəd olduğunu bildirib.

 

“Azərbaycan dili” kafedrasının müəllimi, professor Rüstəm Kamal çıxışında ana dilinin milli, əxlaqi sərvət kimi qorunmasının əhəmiyyətini qeyd edib, hazırda ADNSU-da Azərbaycan dilinin tədrisinə göstərilən diqqət və qayğıdan danışıb.

 

Tədbirin bədii hissəsi ADNSU tələbələrinin ana dilinə həsr olunan şeirləri ilə davam edib. Görüşün sonunda ulu öndər Heydər Əliyevin səsləndirdiyi “Azərbaycan” şeiri nümayiş olunub.